!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsinin Azərbaycanın bank sektoruna TƏSİRİ

!Reklam – Yazi

“Bəzi banklarımız Rusiyada investisiya qiymətli kağızlarına yatırım ediblər və həmin vəsaitlərin risk altında olduğunu açıqlayıblar”.

Yenicag.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin Azərbaycanın bank sektoruna mümkün təsirləri ilə bağlı iqtisadçı Samir Əliyev öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Rusiyaya tətbiq edilən sanksiyaların Azərbaycanın maliyyə sektorunda əsas təsirləri əmanət bazarında qeydə alınıb:

“Müharibə başlayandan bəri əmanət bazarında əhəmiyyətli artım, əmanətlərin strukturunda diqqəti çəkən dəyişikliklər baş verib. Depozit sahibləri daha çox uzunmüddətli olmayan, istədikləri vaxt pulları geri çəkmək hüququ olan yatırımlara üstünlük veriblər. Mərkəzi Bank hesab edir ki, yerli bankların sanksiyaya məruz qalan Rusiya banklarında vəsaitlərinin az olması sanksiyaların Azərbaycan bank sisteminin maliyyə dayanıqlığına təsirini məhdudlaşdırır. Eyni zamanda Rusiya-Ukrayna münaqişəsi nəticəsində banklar müxbir hesablarla əməliyyatların aparılmasında müəyyən maneələrlə üzləşsə də, bu münaqişənin Azərbaycan banklarının müxbir hesablarla əməliyyatlarına təsiri məhdud olub.

Azərbaycan banklarının hamısı olmasa da, əksəriyyəti müxbir hesabları barədə məlumatları saytlarında yerləşdirib. Açıq məlumatlar əsasında apardığımız araşdırma göstərdi ki, ölkədə fəaliyyət göstərən 25 bankın ən azı 13-nün Rusiya banklarında müxbir hesabları var. Bunların 9-nun rubl üzrə müxbir hesabı həm də Azərbaycan Beynəlxalq Bankının Rusiyada törəmə bankı olan ABB–Moskva Bankında yerləşir. Güman etmək olar ki, bu bankların əksəriyyəti müxbir hesablarını məhz 22 fevral tarixindən sonra ABB-Moskva Bankına transfer ediblər. Göründüyü kimi, ABB-nin Rusiyadakı törəmə bankı banklarımızın ümid yerinə çevrilib”.

Rusiya-Ukrayna müharibəsinin digər təsirinin ölkəyə pul axınının əhəmiyyətli artmasının olduğunu bildirən iqtiadçıya görə, 2022-ci ilin yanvar-sentyabr aylarında fiziki şəxslər tərəfdən ölkəyə gətirilən pul baratlarının həcmi əvvəlki dövrün müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə artıb:

“”Artımın əsas lokomotivi Rusiyadan daxil olan vəsaitlərdir. Belə ki, Rusiyadan Azərbaycana fiziki şəxslərin göndərdikləri pulun həcmi 5,5 dəfə artaraq 409,4 milyon dollardan 2.3 milyard dollara yüksəlib. Bununla Rusiyadan gələn pul vəsaitlərinin ümumi mədaxildə payı 53 faizdən 81,6 faizə yüksəlib. Ukraynadan gələn vəsaitlərin həcmi isə əksinə, 3,4 dəfə azalma olub və ölkəyə gələn vəsaitin həcmi 20,5 milyon dollardan 6 milyon dollara düşüb. Bununla da bu mənbənin payı 2,7 faizdən 0,2 faizə düşüb”.

Gülşən Şərif

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv