!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsinin BEŞİNCİ GÜNÜ: Moskvanın aqressivliyi pik həddə - TƏHLİL

!Reklam – Yazi

“Rusiya siyasi və hərbi beyin mərkəzi Ukrayna Silahlı Qüvvələrinə və xalqına ən yüksək hərbi gücün tətbiqi ilə psixoloji basqı həyata keçirməklə dirəncini qırmağa çalışdı. Bu cəhdi də istədiyi effekti vermədiyindən ağlımıza gəlməyəcək siyasi və hərbi qərarlar velə biləcəklərini Ukrayna tərəfi nəzərə almalıdır”.

Bu fikirləri Ukrayna-Rusiya müharibəsinin geridə qalan beşinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.Elxan Şıxəliyev bildirib ki, Rusiyanın uğursuz hərbi əməliyyatları və Ukraynanın yaxşı müdafiə olunması müharibənin yeni fazaya keçməsinə gətirib çıxardı:

“5-ci gündə Rusiyanın Ukraynaya hücumları davam edib. Geridə qalan gün əvvəlki günlərdəki kimi hücum edən tərəfin daha çox itki verməsi ilə nəticələnib. Bu gün də Rusiya tərəfi heç bir böyük yaşayış məntəqəsini və strateji hədəf saydığı Kiyevi təslim edə bilməyib.

Hücum tempi birinci günə nisbətən daha da aşağı düşüb. Ukrayna tərəfdə isə qalib olacaqlarına daha çox əminlik yaranıb. Bu əminliyi Şimali Atlantika Alyansına daxil olan ölkələrin və beynəlxalq qurumların verdiyi hərbi və maddi dəstək daha da artırıb.

Beləki Avropanın beş ölkəsi öz vətəndaşlarına Ukraynada Rusiyaya qarşı könüllü olaraq döyüşməyə icazə verib.

Hər gün Ukraynaya qanuni-qeyri-qanuni hərbi, maddi və mənəvi dəstək artan templə gedir. Rusiyaya qarşı isə nifrəti daha da artırır.

Ukraynanın yaxın günlərdə Avropa İttifaqına üzv qəbul olunacağı və NATO-nun yaxın və uzaq vədəli perspektivdə Ukrayna Silahlı Qüvvələrini dəstəkləyəcəyi tam açıqlığı ilə ortadadır.

Müharibənin beşinci günü tərəflərin nümayəndə heyyətlərinin görüşləri oldu və görüşmə nəticəsiz bitti.

Bizə Rusiyanın siyasi və hərbi tələbləri bəlli idi. Ukrayna isə Rusiyadan Krım və Donbas daxil bütün ərazilərini tərk etməyi tələb etdi. Yuxarıda sadaladığım səbələrdən Ukrayna masaya sanki qalib tərəf kimi oturmuşdu.

Görüşmədən sonra və beşinci günün sonunda sahədəki hərbi nailiyyətlərin istədiyi kimi olmaması səbəbindən Rusiya siyasi və hərbi rəbərliyinin eqosu gözləmədikləri səviyyədə zədələndi və aqressivliyin zirvəsinə çatdı.

Bu da, təbii ki, sahəyə yansımalı idi və yansıdı. Belə ki, siyasi rəhbərlik strateji qüvvələrinin əməliyyatlar teatrında istifadəsinə komanda verdi. Bu səbəbdən Rusiya hədəflərin hərbi və ya mülki olmasının fərqinə varmadan “İsgəndər”, “Kalibr”, “Elbrus” operativ və taktiki raket kompleksləri, həmçinin vakuum bombaları ilə Ukraynanın iri şəhərlərinə zərbələr yendirməyə başladı. Əslində, bu, müharibənin yeni fazaya keçməsi deməkdir.

Müharibə sahəsində əməliyyatların istədikləri kimi davam etdirilə bilməməsi, beynəlxalq səviyyədə Rusiya əleyhinə siyasi, hərbi, iqtisadi sanksiyların qəbul olunması və daxildə ən loyal qruplarda belə narazılıqların yaranmasının cücərtilərini görürük. Bu narazılıqların, sanksiyaların hər bir rusiyalının istehlak zənbilinə yansıması və Ukraynada həlak olan əsgər meyitlərini ailələrinə çatdırılmasından sonra daha da artacağını görəcəyik.

Ukraynada savaşın beşinci günü Rusiyanın strateji qüvvələrinin müharibəyə daxil edilməsi ilə nəticələndi. Bu, önümüzdəki günlərdə Rusiya siyasi və hərbi rəhbərliyinin müharibədə əlini gücləndirə bilər. Strateji silahların verdiyi tələfatlar və insan itkiləri Ukraynanın siyasi və hərbi iradəsini sarsıdacaqmı, bunu önümüzdəki günlərdə görəcəyik.

Ukrayna tərəfinin verdiyi məlumata görə, bu günə qədər 7 minə yaxın rus əsgəri öldürülüb.

Hər halda, Rusiya Müdafiə naziri Şoyqunun mediaya verdiyi açıqlamadan belə çıxır.

Belə ki, Rusiya rəhbərliyi Ukraynada ölən hər əsgərin valideynlərinə 11 000 rubl pul ödəyir. Şoyqu isə deyib ki, bu məqsədlə büdcədən artıq 70 milyona yaxın pul ayrılıb. 70 milyonu 11 minə bölsək, 6 min 363 nəfər edər”.

Səxavət Məmməd

www.yenicag.az

982
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv