!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsinin İKİNCİ GÜNÜ: Moskva sahədə yeni reallıqla üzləşib - TƏHLİL

!Reklam – Yazi

“Müharibənin kritik günü başlamayıb. Rusiya düşünür ki, Kiyevi götürməklə müharibəni birdəfəlik bitirsin. Rusiya görür ki, orduların hədəfləri üzərindən getsə, istədiyinə nail ola bilməyəcək. Ona görə də Kiyevi hədəf seçiblər”.

Bu fikirləri Ukrayna-Rusiya müharibəsinin geridə qalan ikinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, müharibənin ikinci günündə də Rusiya planladığına nail ola bilməyib:

“Müharibə eşalonlaşdırma ilə aparılır. Müharibə edən tərəflərin birinci eşalonu, ehtiyat olan ikinci eşalonu və bir də ümumqoşunu olur. Sahədə indi Ukraynanın da, Rusiyanın da müharibə aparan bölmələri birinci eşalon bölmələridir. Birinci eşalon bölmələrinin yaxın tapşırıqları olur. Günün sonunda isə növbəti günün tapşırıqları verilir.

Rusiya adına danışsaq, görünən odur ki, zamanlama baxımdan hücum tempi Rusiya istədiyi kimi deyil. Rusiyanın Baş Qərargahı müharibənin başlanğıcı və sonunu ən yaxşı halda bir həftəyə planlaşdırmışdı. Ukraynanın kaputiliyasiyasına nail olmağa çalışacaqdılar. Rusiyanın əminliyi ondan ibarət idi ki, maksimum bir həftəyə buna nail olacaqdılar. Sahədə Ukrayna ordusunun dirnəşi göstərdi ki, Rusiya Ukrayna Silahlı Qüvvələrinin müdafiə qabiliyyətini düzgün qiymətləndirə bilməyib.

İki günün nəticələrinə görə, Ukrayna tərəfi deyir ki, Rusiyanın 80 ədəd tankı, 217 ədəd zirehli texnikası, 10 ədəd hərbi təyyarəsi, 7 ədəd hərbi helikopteri, 3500-dən çox hərbçisi öldürülüb, 200-dən çox hərbi əsir var.

Rusiyanın açıqladığı nəticələr isə belədir: Ukraynanın 210 hərbi obyekti, 6 döyüş təyyarəsi, 1 helikopteri, 5 PUA sıradan çıxarılıb, 67 tank və zirehli texnika vurulub, 16 reaktiv yaylım sistemi məhv edilib.

İki tərəfin rəsmi açıqlamalarına baxanda itkilər nisbəti Ukraynanın lehinədir. Rusiya hücum edən tərəf olaraq şəxsi heyət və zirehli texnikasının gözlədiyinin 2-3 qatı misli itki verib. Təbii ki, bu Rusiyada çox böyük aqressivlik yaratdı. Ordu mənsubları adına da bu çox böyük xəyal qırıqlığıdır. Çox güman ki, planlamanın sahədə baş vermədiyi üçün Rusiya Silahlı Qüvvələrinin komandir heyəti, generalları arasında vəzifədən azadetmə, rotasiya ilə yerdəyişmələr olacaq.

İkinci günün sonu, üçüncü günün səhəri Rusiya ikinci eşalonlarını döyüş meydanına atacaq. Çeçenistandan gəlmiş döyüş alayının savaş meydanına atılması onu göstərir ki, Rusiya sahədə yeni reallıqla üzləşib. Çünki ikinci günün sonunda ikinci eşalonun meydana buraxılması hərbi hədəflərin, hərbi tapşırıqların alt-üst olması deməkdir. Adətən, ikinci eşalonlar qarşıya qoyulan tapşırıqların yarısı həyata keçiriləndən sonra hərəkətə keçməlidir. Rusiya ordusu Dnepr çayına çıxandan sonra bu, mümkün ola bilərdi. Cəbhəyə yığılmış qoşun, ən azı, yaxın tapşırığı yerinə yetirməli idi ki, ikinci eşalon işə düşsün. Əməliyyatlar teatrında Ukraynanın heç bir böyük şəhəri ələ keçirilməyib. Böyük şəhərlər ələ keçirilməyibsə, bu, əməliyyatın strateji hədəfləri həyata keçirilməyib anlamına gəlir. Havadan zərbələr endirə bilər, havdan desantlar atmaqla şəhərlərdə döyüşlər apara bilər. Əsgərin ayağı gəlib şəhər mərkəzinə dəymədisə, şəhəri ələ keçirmək anlamına gəlməz.

İki gün ərazində baş verən döyüşlərdə Ukrayna ordusu özünü tanıdı. Ukrayna ordusunun 2014-cü ildə bir müharibə təcrübəsi var idi. Daha sonra Ukraynanın NATO-ya keçməsi ehtimalına qarşı Ukrayna ordusunu NATO mütəxəssisləri yetişdirirdi. Bu, təhlükəyə görə yox, ordunu NATO standartlarına qaldırmaq səviyyəsinə görə atılmış addım idi. Ukrayna ordusu müharibədə öz gücünə bələd olandan sonra dirənişlərini sahəyə tətbiq etdilər. Əslində, müharibə taktikası müdafiə əməliyyatlarını ümumqoşun müdafiə nəzəriyyəsindən, praktikasından qeyri-nizami hərb nəzəriyyəsinə keçirdilər. Yəni partizan hərəkatına keçəcəklər. Xüsusi təyinatlılar və Rusiyanın “Vaqner”ləri kimi dəstələr və qruplar şəklində döyüşəcəklər”.

Hərbi ekspertin sözlərinə görə, texnika itkisi Rusiyaya o qədər də təsir etməyəcək, ancaq ordu mənsublarının itkisini Rusiya əhalisi və siyasətçiləri həzm edə bilməyəcək:

“Məsələ təkcə insan itkisi deyil, onların təzminatları var. Sanksiyalar altında dövlət büdcəsindən çıxacaq vəsait də çox önəmlidir. Dolayısı ilə, Rusiya sanki istəyir ki, Ukrayna və yaxud Ukrayna adına Avropa, NATO masa arxasına dəvət edilsin və istəklərini qəbul etsinlər. Ukrayna da müharibənin dayanması üçün iradəsini ortaya qoymur. NATO da Ukraynadan belə bir şey istəmir. Hiss olunur ki, NATO müharibənin uzanmasını istəyir. NATO-nun bir nömrəli hədəfi Putinin siyasi karyerasının bitməsidir. NATO üçün Ukraynanın nə qədər ərazi itirəcəyi və Rusiyanın nə qazanacağı önəmli deyil, əsas məsələ müharibənin sonunu elə gətirməkdir ki, Putinin siyasi karyerası bitsin”.

Səxavət Məmməd

www.yenicag.az

1054
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv