!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsinin ilk gününün nəticələrinin TƏHLİLİ

!Reklam – Yazi

“Yayılan xəritələrə baxdıqda görünən odur ki, üç istiqamətdən də Rusiya ordusu verilən tapşırıqları yerinə yetirə bilməyib. Bu hücum edən tərəf üçün çox böyük bir qəbahətdir”.

Bu fikri Ukrayna-Rusiya müharibəsinin geridə qalan ilk gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, Rusiya xəritə üzərində planladığını gün sonuna qədər həyata keçirə bilməyib:

“Siyasi gərginliyin masada sonlanmaması müharibəyə gətirib çıxardı. Bir gecənin içərisində müharibə başlamır. Müharibə başlamazdan öncə baş qərargahda planlar hazırlanır. Xəritə üzərində planlar hazırlanandan sonra ali baş komandan təqdim edir və o müharibə əmri verir.

Xəritə üzərində Rusiyanın günbəgün hədəfləri var. Rusiya üç istiqamətdən – Krım, Belarus və Xarkovdan hücuma keçib. Müharibə incələnərkən günün sonuna baxılır. Tapşırıqlar da günün sonunda qoyulur. O xəritədə çəkiləni ordular sahədə yerinə yetirməyə çalışarlar. Dünənki günün sonuna baxdıqda görünən odur ki, Rusiya ordusu xəritə üzərinə qoyulan tapşırıqları tam həcmdə yerinə yetirə bilmədi. Bu, o deməkdir ki, qarşılarına gözləmədiklərindən də artıq gücdə dirənişli bir Ukrayna ordusu çıxıb.

Yayılan xəritələrə baxdıqda görünən odur ki, üç istiqamətdən də Rusiya ordusu verilən tapşırıqları yerinə yetirə bilməyib. Bu, hücum edən tərəf üçün çox böyük bir qəbahətdir. Tapşırığın yerinə yetirilə bilməməsinin iki səbəbi ola bilər. Birincisi, Ukrayna ordusunun döyüş qabiliyyəti yüksəkdir, ikincisi isə, hücum edən tərəf çox ciddi itkilər verib.

Müharibələrin birinci-ikinci günü müdafiə olunanlar üçün şoku dəf etmək günü sayılır. Şokun dəf edilməsi mərhələsində Rusiya başa düşdü ki, onların əsas müdafiə qruplaşmasının döyüş əzmini hava hücumu vasitələri, raketlər, artilleriya vasitələri ilə qırmadan quru qoşunlarının hərəkətə keçməsi yalnış idi. Dolayısı ilə birinci gün Rusiya müdafiə olunan Ukrayna qoşunlarının müdafiə əzmini qıra bilmədi. Piyadaları, texnikanı, döyüş maşınlarını, transpartiyor üzərindən Ukrayna ərazisinə yeritməsi ilə böyük itkiyə rast gəldi. Rusiya bu gün üçün buraxdığı səhvi aradan qaldırmağa çalışacaq. Artıq operativ raket, taktiki raket, artilleriya yaylım atəş sistemləri ilə dediyimiz dirənişi qırmağa, xüsusən də siyasi dirəniş olan şəhərləri sıradan çıxarmaqla həm siyasi, həm də sahədə müdafiə dirənişini qırmağa çalışacaq. Bunu etməlidir ki, irəliləmənin tempini artırsın. Bu gün ərzində sırf raket və artilleriya sistemlərinin nəticələrini görəcəyik. Müharibənin ikinci günü kontaktsız müharibə olacaq. Rusiya əmin olandan sonra Ukraynanın müdafiə olunan bölmələrinin döyüş əzmi qırılıb, hücum tempini artırmağa çalışacaq. Dnepr çayı Ukraynanı iki hissəyə bölür. Rusiyanın yaxın hədəfi kimi Dnepr çayı boyunca əraziləri ələ keçirməyini görmək olar. Ancaq bu hədəfə çatmaq üçün hücum planlaşdırıldığı templə getmir.

Hiss olunur ki, müdafiə olunan Ukrayna ordusu şoku dəf edib. Şoku dəf edəndən sonra qeyri-hərb qurumları, Ukrayna meşələrini yaxşı tanıyanlar Rusiya quru qoşunlarının hərəkətinə çox böyük əngəl törədəcək və ciddi itkilərə məruz qalacaqlar. Ölmüş əsgəri morqlarda maksimum bir həftə saxlamaq olar. İlk həftədən sonra mülki ailələrə itkilər təhvil verildikcə, Rusiyada yaranan indiki müharibə əleyhinə etirazlar daha da artacaq. Rusiyaya müharibəni dayandırmaq adına ən böyük basqı içəridən gəlməlidir. NATO-nun və xarici güclərin mövqeyini nəzərə alsaydılar zatən müharibəni başlamazdılar. Rusiya düşünür ki, əgər bu riski alıbsa, nəticə çəkilməlidir”.

Hərbi ekspertin sözlərinə görə, tətbiq edilən sanksiyalar hansı iqtisadi zərbələri vursa da, Rusiya elə bir risk alıb ki, geri çəkilməyəcək:

“Rusiya daxildə əhalinin reaksiyasına görə geri çəkilə bilər. Rusiya müharibəyə cəlb etdiyi qüvvələrdən əlavə digər bölgələrdən müharibəyə göndərə biləcəyi qədər böyük hərbi gücə malikdir. 150 minlik ordu Rusiya üçün çox kiçikdir. Rusiyanın hazır vəziyyətdə olan 500 minlik ordusu var. Rusiya Ukraynaya hərbi gücünün az bir hissəsini cəlb edib. Təbii ki, Rusiya aqressivləşəcək. Çünki hərb elmini bilən adama aydındır ki, hücum tempi çox aşağıdır. Azərbaycan 30 illik müdafiə xətlərinə hücuma keçəndə artıq birinci gün ən azı 5-7 km irəliləmişdi. Rusiya bu aşağı tempə görə aqrssivləşəcək. Əlində olan bütün potensialından istifadə edəcək. Müharibədə istifadə olunmayan bombalardan istifadə edəcək. Kiyevə kasetli bomba atıb. Rusiya o həddə aqressivləşə bilər ki, Ukrayna adına NATO önə çıxıb, “Danışıqlara başlayaq” deyə bilər. Buna qədər Rusiya hansı şəhərləri tuta biləcək, ümumiyyətlə, tuta biləcəkmi bunlar sual altındadır.

Müharibə uzandıqca Ukraynanın qeyri-nizami hərb ünsürləri də məsələyə daxil olacaq. NATO-nun ştat qüvvələri yox, muzdlular döyüşlərə qatıla bilər.

Müharibə xəritələr üzərində planlanır, sahədə nəticə necə olacaq bunu heç kim deyə bilməz”.

Səxavət Məmməd

www.yenicag.az

1784
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv