!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsinin tütün bazarına TƏSİRİ: Artan tələbat qiymətləri bahalaşdırır? - TƏHLİL

!Reklam – Yazi

Hazırda Azərbaycan dünyanın sürətli inkişaf tempinə malik olan ölkələrindən biridir. Ümumi iqtisadi göstəricilər arasında qeyri-neft sektorunun payı isə artmaqdadır. Azərbaycan iqtisadiyyatında inkişaf göstəriciləri arasında sənayenin rolu danılmazdır. Xüsusən də ölkədə yerli istehsala üstünlüyün verilməsi arzuolunandır. Ekspertlərə görə, yerli istehsalda daxili tələbat yüksək olan sahələrə daha çox üstünlük verilməsi iqtisadi inkişafı üçün daha yaxşıdır. Bu sahələrdən biri isə siqaret istehsalı ilə bağlıdır. Hazırda elektron siqaretdən başqa, bütün siqaretlər yerli bazarda istehsal olunur.

Məlumdur ki, Azərbaycanda siqaretdən istifadə edənlərin sayı az deyil. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, Azərbaycanda 15 yaşdan yuxarı kişilərin 31.6 faizi siqaret çəkir. Ən yüksək göstərici 45-64 yaş arası kişilərdədir. Son dövrlər isə ölkədə bəzi siqaret markalarını mağazalarda tapmaq çətinləşib.

Ötən il Azərbaycanda 14 milyard 351 milyon ədəd papiros və siqaret istehsal olunub.

Azərbaycanda iri siqaret istehsalçılarından “Tabaterra” QSC açıqlamasında siqaret istehsalı ilə bağlı çətinlikləri təsdiqləyib. qeyd edək ki, bu şirkət toplam 100-dən çox çeşid olmaqla, yerli, o cümlədən dünyanın ən iri istehsalçıları olan “British American Tobacco”, “Japan Tobacco International”, “İmperial Tobacco Group” kimi şirkətlərə məxsus beynəlxalq brendlər istehsal edir. Sumqayıt Kimya Sənaye Parkında yerləşən “Tabaterra” QSC-nin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Əvvəlki illərdə ölkəmizdə siqaret istehsalında problem yaşanmasa da, müəyyən müddətdir davam edən Rusiya-Ukrayna müharibəsi bu sahəyə təsirsiz ötüşməyib. Belə ki, lisenziya əsasında buraxılan beynəlxalq məhsulların istehsalı üçün tələb olunan xammallar bu ilin martınadək həmin şirkətlərin Ukraynada yerləşən fabriklərindən təchiz edilirdi. Lakin dünyada logistika sahəsində yaşanan çətinliklər bəzi markalar üçün lazım olan xammalların başqa ölkələrdən alınmasına səbəb olub. Bu dəyişiklik prosesi isə daha çox vaxt tələb edir. Nəticədə ölkədə bir sıra siqaret markalarının tapılmasında çətinliklər yaşanır. Artıq Ukraynadakı təchizatçı şirkətlərə Türkiyədə alternativ tapılıb və yaxın vaxtlarda yeni təchizatçı şirkətlərdən xammal gətiriləcək.

Nazirlər Kabinetinin qərarına əsasən, ötən ilin aprel ayında aksiz dərəcəsi tərkibində tütün olan siqaretlərin, eləcə də tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədəd üçün 43 manatdan 46,5 manata, eyni zamanda istehlak olunan tütün və tütün məhsullarının 1 000 ədəd üçün 12,9 manatdan 14 manata qaldırması son məhsulun qiymətində öz əksini tapıb. Eyni zamanda qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla, digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin aksiz dərəcəsi isə 1 kq üçün 30 manat olub. Qəlyan və onların əvəzedicilərinin 1 ədəd üçün isə aksiz dərəcəsi 0,25 manat müəyyənləşdirilib. Bu isə siqaret çəkənlərin narazılığına səbəb olub. Belə ki, bu dəyişiklik siqaretin qiymətinin bahalaşmasına yol açıb. Siqaret istifadəçiləri isə bu məshulun yerli istehsal olması fonunda qiymət artımını sui-istifadə hal kimi dəyərləndirirlər. Rəsmi qurumlara görə isə yerli tütün istehsalı 6-7 min tondan yuxarı çıxmır. Hətta ötən il Azərbaycanda tütün istehsalı azalıb.

Acı reallıq isə budur ki, Azərbaycanda əhalinin tütün məmulatları üzrə xərcləri öncəki illə müqayisədə artıb. Belə ki, ötən ilin birinci rübündə Azərbaycan əhalisi siqaret üzrə 51 milyon 143.1 min manat xərc çəkib. Hətta şagirdlərin 5 faizi siqaret çəkir. Bu isə olduqca böyük təhlükə və arzuolunmaz vəziyyətdir. Uşaqlar məktəb yaxınlığında və digər onlara yaxın ərazilərdə yerləşən mağazalardan siqareti asanlıqla əldə edə bilirlər. Təəssüf ki, müvafiq qurumlar bu məsələdə hələ də laqeyd münasibət sərgiləməyə davam edirlər. Bu isə gələcəyimiz olan uşaqların sağlamlığı üçün ciddi zərbədir. Ümid edək ki, uşaqların siqaretdən imtina etməsi və sağlam yaşamağa üstünlük verməsi üçün ciddi addımlar atılacaq.

Gülşən Şərif

www.yenicag.az

331
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv