!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 100-cü GÜNÜ: Rəsmi Kiyev müharibənin yeni fazasına başlayacaq - TƏHLİL

!Reklam – Yazi

100 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 4 520 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 280 ədəd, səhra artilleriyası və minaatanlar – 563 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 237 ədəd, HHM sistemi – 99 ədəd, təyyarələr – 220 ədəd, helikopterlər – 175 ədəd, qanadlı raket – 120, PUA – 400 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 325 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 020 ədəd, səhra artilleriyası və minaatanlar – 1 740 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 460 ədəd, HHM sistemi – 335 ədəd, təyyarələr – 187 ədəd, helikopterlər – 133 ədəd, PUA – 1 056 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüzüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 100-cü gündə döyüşlər, əsasən, Severodonetsk, Luqansk, Lyman, Xarkov, İzyum, Lisiçansk, Popasnoe, Xerson, Zaporojets, Baxmut yaşayış məntəqələri istiqamətində davam edib və tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş verməyib:

“Tərəflər artıq müharibənin 100-cü günündədir.

Rusiya hərbi beyin mərkəzi tərəfindən planlanmış və Kreml siyasi beyin mərkəzi tərəfindən təsdiqlənmiş 4 günlük “xüsusi hərbi əməliyyat”ın artıq 100-cü gününü təhlil edirik. Rusiya siyasi-hərbi rəhbərliyi 100-cü günün sonunda Ukrayna ərazisində heç bir strateji hədəfinə nail ola bilmədi. Bu gün etibarı ilə Rusiya Ukrayna ərazisinin beşdə birinə nəzarət edir. Müharibənin nəticələri Rusiya daxilində siyasi vəziyyətə ciddi bir təsir göstərməyib. Əhalinin hələ ki 80 faizə yaxını hərbi əməliyyatları dəstəkləyir. Bu gün etibarilə Rusiya Silahlı Qüvvələrinin çıxdıqları hədlər onların operativ məqsədlərinə uyğundur və nəticə etibarı ilə onların bundan sonra artıq aktiv müdafiə əməliyyatlarını həyata keçirəcəkləri gözlənilməlidir. Nəzarətə götürülən ərazilər Ukrayana qoşunlarının bütün təmas xətti boyu minalanacaq və mühəndis-istehkam qurğuları ilə gücləndiriləcək. Bundan artığını etməyə onların güc və vasitələri imkan yaratmır. Təbii ki, onlar hər şeyin istədikləri kimi getdiyini servis edəcəklər.

Keçən 100 gündə Ukrayna siyasi və hərbi beyin mərkəzi mümkünsüzü bacardı. Onlar bütün oprativ hücum istiqamətlərində Rusiya qoşunlarının hücumlarını dayandıra bildi. Rusların gözləmədiyi dirənci və motivasiyanı göstərdi. Bunun sayəsində hərbi güc nisbətində bütün kriteriyalar üzrə özündən dəfələrlə üstün olan Rusiya qoşunlarını 100 gündür ki mərhələ-mərhələ məhv etməyə davam edir. Güclü siyasi və hərbi əlaqələr nəticəsində Şimali Atlantika Alyansını özünə ciddi müttəfiq edə bildi. Nəticədə 100-cü gündə əməliyyatlar teatrında Qərbin 40-a yaxın ölkəsinin siyasi və hərbi gücü ilə Rusiya-Belarus cütlüyü üz-üzə qaldı. Bu vəziyyət uzun vədədə Rusiyanın uğur qazana bilməyəcəyini əsaslandıracaq.

Dünən Putinin sözçüsü Peskov açıq şəkildə bildirdi ki, Rusiya hələ tam hədəflərinə çatmayıb. Bu həm də o anlama gəlir ki, müharibənin bitməsi ilə bağlı proqnozlar alt-üst olur. Peskov Donetsk və Luqansk vilayətlərinin tam sərhədlərinə çatana qədər əməliyyatı davam etdirəcəklərini bildirdi. Bu həm də o anlama gəlir ki, Türkiyənin vasitəçiliyi ilə gözlənilən görüşlər də nəticəsiz qalacaq. Çünki rəsmi Moskva hədəflərinə tam çatana qədər əməliyyatı davam etdirəcək.

BMT-nin Ukrayna Böhran Koordinatoru Amin Avad isə bildirib ki, bu müharibənin qazananı olmayacaq. Avad təcili sülhə ehtiyac olduğunu dilə gətirib.

24 fevraldan 1 iyuna qədər Ukraynada 4 169 mülki şəxs həlak olub. 4 982 mülki şəxs isə yaralanıb. Həyatını itirənlərin 1 580-i kişi, 1 038 nəfəri isə qadındır. Həlak olanlardan 99-u qız, 102-si oğlan uşağı, 67-si isə kiçik uşaqlardır. Həyatını itirənlərin 1 283 nəfərinin isə cinsiyyəti müəyyən edilə bilməyib. Həyatını itirənlərin 2 388 nəfəri Donetsk və Luqansk bölgəsinin payına düşür. BMT nümayəndələri bildirib ki, əslində, həlak olanlar göstərilən rəqəmlərdən qat-qat çoxdur. Mariupol, İzyum, Popasnoe barədə informasiyalar hələ dəqiqləşdirilməyib.

Müharibənin 100 günü ərzində əməliyyatlar teatrında baş verənləri ümumiləşdirsək, bu günə olan vəziyyətə görə, Rusiya qoşunlarının Ukrayna ərazisinin 20 faizini nəzarətə götürdüyünü görərik. Ukraynanın təqribən 125 min kvadrat kilometr ərazisi Rusiya nəzarəti altındadır. Bunlar Donetsk, Luqansk, Xarkov, Xerson, Zaporojye vilayətlərinin hissələri və Krım yarımadasından ibarətdir. Fevralın 23-dək nəzarətə götürülmüş ərazilər Ukrayna ərazilərinin 7 faizini təşkil edirdisə, indi onlar 20 faizə nəzarət edirlər. Bu nəticə Rusiyaya 30 minə yaxın şəxsi heyət və 13 milyard dollarlıq hərbi texnika itkiləri müqabilində başa gəlib. Bunlardan 6 milyard dollar təyyarə və helikopter, 4 milyard dollar tank və zirehli döyüş maşını, 1 milyard dollar gəmi və katerlər, 2 milyard digər texnikalar olub. Rusiya qüvvələrinin itirdiyi ən bahalı texnikalar “Moskva” kreyseri – 750 milyon dollar, “İl-76″ təyyarəsi – 86 milyon dollar və “Saratov” desant gəmisi – 75 milyon dollar olub. İqtisadiyyatdakı itkilərin hansı məbləğdə olduğu bir neçə aydan sonra özünü aydın göstərəcək.

Düşünürəm ki, önümüzdəki günlərdə Ukrayna müharibənin yeni fazasına başlayacaq. Müttəfiqlərinin və Lend-liz proqramının verdiyi hərbi dəstək sayəsində gücünə güc qatacaq. Bu isə onların qoşunları üçün yeni əməliyyat şəraiti yaradacaq. Belə ki, Rusiyanın bütün resurslarını tükədərək müharibəni davam etmək məcburiyyətində qalacağı halda, Ukrayna gücünü artıraraq müharibəyə davam edəcək. Uzun vədədə güc balansının Ukraynanın lehinə dəyişməsi müharibəni onlar üçün fərqli nəticələrə gətirəcək. Görünən odur ki, onlar öz torpaqlarını sonuna qədər azad etməyə qərarlıdır.

Rusiyanın hər gün artaraq gedən sanksiyalara qarşı nə qədər tab gətirəcəyi hələ bilinmir. NATO-nun əsas planı onu tamamilə çökdürməkdən ibarətdir və bunu Ukrayna vasitəsilə çox uğurla həyata keçirir. Həm əməliyyatlar teatrında, həm də iqtisadiyyatda onlar Rusiyanı yenməyi düşünürlər. Qısa vədədə onlar buna nail olmasalar da, uzun vədədə planlarından vaz keçmək fikrində deyillər. Təsadüfü deyil ki, Avropa İttifaqı bu gün Rusiyaya qarşı altıncı sanksiyalar paketinin tətbiq edilməsini razılaşdırdı.

Hər keçən gün Ukraynaya artaraq gedən bu hərbi yardım və Rusiyaya qarşı sanksiyalar fonunda Rusiyanın müharibəyə necə davam edə biləcəyini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

751
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv