!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 110-cu GÜNÜ: Dünyanın müharibəyə yanaşma tərzi dəyişir - TƏHLİL

!Reklam – Yazi

110 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 4 555 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 315 ədəd, səhra artilleriyası və minaatanlar – 587 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 257 ədəd, HHM sistemi – 117 ədəd, təyyarələr – 230 ədəd, helikopterlər – 177 ədəd, qanadlı raket – 138 ədəd, PUA – 558 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 368 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 057 ədəd, səhra artilleriyası və minaatanlar – 1 774 ədəd, YARS – 484 ədəd, HHM sistemi – 354 ədəd, təyyarələr – 193 ədəd, helikopterlər – 140 ədəd, PUA – 1 067 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz onuncu gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 110-cu gündə tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş vermədi:

“110-cu gündə də tərəflərin taktiki səviyyədə intensiv artilleriya döyüşləri davam etdi. Rusiya qoşunları hücumlarını davam etdirməyə, Ukrayna qoşunları isə onları dayandırmağa çalışdı.

Gün ərzində Rusiya qoşunları əsas səyləri kəşfiyyat, əks-batareya döyüşlərinin aparılmasına, ehtiyat birləşmələrin və hava hücumundan müdafiə sistemlərinin döyüş qabiliyyətinin artırılmasına, müdafiə xətlərinin və mövqelərinin mühəndis təchizatına yönəltdi. Eyni zamanda, onlar Sumi istiqamətində yenidən hücumu davam etdirməyə cəhd etdi. Krivoy Roq istiqamətində fəaliyyət göstərən qoşun qruplaşmasını gücləndirməkdə davam etdi. Yujnobujski istiqamətində müdafiəni davam etdirdi. Seversk istiqamətində Sumı rayonunun Zapselye, həmçinin Çerniqov vilayətinin Qorsk və Qremyaç yaşayış məntəqələrinin rayonlarını minaatanlardan və qumbaraatanlardan atəşə tutdular. Severodonetski hələ də tam nəzarətə götürə bilməyiblər. Rusiya bölmələri Severodonetskdə şəhərin mərkəzinə nəzarət edir.

Ukrayna qoşunları Donetsk istiqamətində Rusiya nəzarətindəki iki məntəqəyə qarşı əks həmlə keçirdi. Rus hərbçilər hər iki məntəqədə ağır texnikaları ərazidə qoyaraq geri çəkildi. Sever Donetsk ərazisində Kremennaya, Staro Belska kəndlərində yerləşən Rusiya bölmələrinin mövqelərini raket artilleriya vasitələri ilə vurdu. Əməliyyat qrupları bu yaşayış məntəqələrinə doğru hərəkət etdilər. Zaporojets istiqamətində Rusiya ordusunun mövqelərinə qarşı üç istiqamətdə hücum əməliyyatlarına cəhd etdilər.

Ukrayna Silahlı Qüvvələri Donbasda üç kəndi azad edib və cəbhənin bir hissəsini nəzarətə götürdü. Donbasda bəzi istiqamətlərdə Ukrayna Silahlı Qüvvələri nəinki müdafiə olundu, həm də tədricən irəlilədi. Donetsk vilayətində 3 kəndi azad edərək cəbhə bölgəsini 15 kilometr geriyə çəkdilər.

Xarkov vilayətinin İzyum rayonu istiqamətində rusların SU-34 döyüş təyyarəsini vurdular.

Ukrayna Prezident aparatının rəhbəri Mixail Podolyakın fikrinə görə, Ukraynanın müharibədə iki ssenarisi var. Minimum ssenari – Rusiya qoşunları müharibənin başlanğıcına olan mövqelərə geri çəkilirlər. Maksimum ssenari – Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpası. Bundan sonra dinc danışıqlar prosesi başlaya bilər.

Təbii ki, bu yanaşma Ukrayna siyasi rəhbərliyinin müharibə və nəticəsinə yanaşması sayıla bilər. Amma bu çox ambisiyalı bir yanaşmadır. Çünki Rusiya siyasi rəhbərliyi bu yanaşmadan çox fərqli düşünür.

Bu günlərdə İsveç Türkiyənin NATO-ya üzv olma yolunda tələblərini yerinə yetirmək üçün fəaliyətə keçib. İsveç artıq antiterror qanunvericiliyini dəyişməyə başladı. Bu artıq strateji müttəfiqimiz olan Türkiyənin regional gücdən beynəlxalq gücə çevrilməsindən xəbər verir. Məsələ ondadır ki, bəzi güclər Türkiyəni öz orbitindən çıxmaması üçün çalışır. Yunanıstanla Türkiyə arasındakı gərginlik həm də buna xidmət edir. Ancaq Türkiyə bundan çıxa biləcək potensiala malik bir dövlətdir.

Fransa Prezidenti Emmanuel Makron Fransa Müdafiə Nazirliyinə və Baş Qərargahına “geosiyasi kontekst” nəzərə alınmaqla 2025-ci ilə qədər hərbi planlaşdırma haqqında qanunun parametrlərinə yenidən baxmağı tapşırdı. Onun sözlərinə görə, Fransa “müharibə iqtisadiyyatına daxil oldu”.

Düşünürəm ki, müharibə, təbii ki, bütün Avropa ölkələrinin hərbi doktrinasına ciddi dəyişiklik edəcək.

Bu günlərdə Ukraynanın müttəfiqləri arasında Ukrayna-Rusiya müharibəsinin başa çatması ilə bağlı fikir ayrılığı da yaranıb. Uzanan müharibə onların mövqelərinə ciddi təsir göstərir. NATO ölkələri arasında müharibənin davamı ilə bağlı bir neçə mövqe var. İtaliya, Macarıstan şərtlərdən asılı olmayaraq, tezliklə atəşkəsin tərəfdarıdır. Polşa, Baltikyanı ölkələr Rusiyanın birmənalı məğlubiyyətinə nail olmağı tələb edirlər. Fransa və Almaniya sanksiyaları dayandıraraq Kreml ilə danışıqların tərəfdarıdırlar. ABŞ Ukrayna vasitəsi ilə Rusiyanı zəiflətməyə çalışır, lakin rejim dəyişikliyinə cəhd etmir. Müharibənin ilk günlərində, demək olar, böyük əksəriyyət Putinin hakimiyyətdən gedəcəyini proqnozlaşdırırdı. Məsələ ondadır ki, bu yöndə heç bir addım atılmadı. Rusiya daxilində xüsusi gərginliyin olması gözləntisi də boşa çıxdı.

Bu reallıqda siyasi güclərin əməliyyatlar teatrında baş verənlərə necə təsir edəcəyini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

603
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv