!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 114-cü GÜNÜ: Avropanın taleyi həll olunur - TƏHLİL

!Reklam – Yazi

114 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 4 563 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 323 ədəd, səhra artilleriyası və minaatanlar – 592 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 261 ədəd, HHM sistemi – 122 ədəd, təyyarələr – 213 ədəd, helikopterlər – 179 ədəd, qanadlı raket – 172 ədəd, PUA – 597 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 587 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 658 ədəd, səhra artilleriyası və minaatanlar – 2 013 ədəd, YARS – 539 ədəd, HHM sistemi – 342 ədəd, təyyarələr – 205 ədəd, helikopterlər – 131 ədəd, PUA – 1 233 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz on dördüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 114-cü gündə tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş verməyib:

“114-cü gündə də tərəflərin artilleriya döyüşləri davam etdi. Müxtəlif istiqamətlərdə Rusiya qoşunları hücumlarını davam etdirməyə, Ukrayna qoşunları isə onları dayandırmağa çalışdı. Bəzi istiqamətlərdə Ukrayna qoşunları əks-hücum keçirməyə cəhd etti.

Gün ərzində Rusiya qoşunları qarşı tərəfin şəxsi heyət və canlı texnikası olan 18 müdafiə mövqeyinə, 10 ədəd artilleriya və minaatan atəş mövqelərinə, 6 ədəd YARS batareyasının atəş mövqeyinə yüksək dəqiqlikli raketlərlə zərbələr endirdi.

Pesoçina yaşayış məntəqəsində “Azov” alayının tabor taktiki qrup qərargahı vuruldu. Sbornoe və Vıyemka yaşayış məntəqələri ərazisində 2 silah-sursat anbarı sıradan çıxarıldı. Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri qarşı tərəfin 58 müdafiə mövqeyinə raket zərbələri endirdi. Aviasiya zərbələri nəticəsində 200 nəfər döyüşçü, Krasnaya Qora və Artyomov yaşayış məntəqəsi ərazisində iki ədəd “BUK M1” və “OSA AKM” zenit raket kompleksi, Lisiçansk yaşayış məntəqəsi rayonunda silah-sursat anbarı sıradan çıxarıldı. 10 ədəd tank və PDM maşını məhv edildi. Mazanovka yaşayış məntəqəsi ərzisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus SU-25 döyüş təyyarəsi, 10 ədəd PUA vuruldu.

Gün ərzində Ukrayna qoşunlarının “Şərq” əməliyyat-taktiki qrupu məsuliyyət zonasında rus qoşunlarının hücumunu dəf etdi. Ruslar həm şəxsi heyət, həm də texnika baxımından itki verdi. 73 rus döyüşçüsü, 2 tankı, 3 piyada döyüş maşını və 3 zirehli transportyoru, 5 artilleriya sistemi, 1 minaatanı məhv edildi.

Bu gecə ukraynalılar “Harpoon” raketi vasitəsilə İlan adasının yaxınlığında Rusiyanın “Vasili Bex” dartıcı gəmisini batırdılar. Gəmi adaya şəxsi heyət, silah və sursat daşıyırdı. Zərbə anı “Bayraktar TB2″ vasitəsilə video rejimdə qeydə alınıb. Bu onu göstərir ki, Qara dənizdə Rusiya flotiliyasının gəmiləri hər an təhlükə altındadır. Rusiya flotiliyasının Ukrayna qoşunlarının yeni raket sisitemlərindən qorunması üçün müasir hava hücumundan müdafiə sistemlərinin olmadığını görürük.

Ukrayna qüvvələri Xersonu vizual müşahidə edə biləcək qədər şəhərə yaxınlaşa bildilər. Ukrayna Müdafiə Qüvvələrinin bölmələri qarşı tərəfi Xarkov vilayətinin İzyum rayonunun Dmitrovka kəndini tərk etməyə məcbur etdi.

114-cü gün Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliya Baş naziri Mario Draqi, Böyük Britaniya Baş naziri Boris Conson və Rumıniya Prezidentinin Ukraynaya səfəri ilə yadda qaldı. Görüşdə dörd liderin əsas mesajı birliyin vacibliyi barədə idi. Makron, Şolts və Draqi dağıdılmış İrpen şəhərinə səfər etdilər.

Görüşdə əsas müzakirə olunan məsələlər Ukraynanın müdafiəsinin davam etdirilməsi və gücləndirilməsi, Ukraynanın iqtisadi dəstəyinə və müharibədən sonrakı bərpaya tərəflərin yanaşmalarının əlaqələndirilməsi, Rusiyanın səbəb olduğu ərzaq böhranına qarşı birgə fəaliyyətin aparılması, Rusiyaya qarşı gələcək sanksiyaların tətbiqi idi.

Bu gün, eyni zamanda, Böyük Britaniya Baş naziri Boris Conson Ukraynaya Britaniyanın hərbi təlim proqramını təklif edib və deyib ki, bu, müharibədə qüvvələri bərabərləşdirə bilər. Böyük Britaniya 120 gündən bir on minə qədər əsgərə təlim keçməyi təklif edib. Əsgərlər “ön cəbhədəki döyüşlərdə qalib gəlmə bacarıqları, həmçinin ilkin tibbi yardım, kibertəhlükəsizlik və partlayıcı əleyhinə taktikaları” öyrənəcəklər. Cənab Zelenski Boris Consonu Ukraynanın “böyük dostu” adlandırıb. Müharibə başlayandan bu, Boris Consonun Ukraynaya ikinci səfəridir.

Səfər edən ölkə liderləri Ukraynanın yanında olacaqları barədə qərarlılıq göstərdilər.

Bu gün Rusiya Prezidenti də Sankt Peterburqdakı iqtisadi forumda əməliyyatlar haqqında maraqlı açıqlamalar etdi. Müharibənin hansı səbəbdən uzanmasını əsaslandırdı. Ukrayna ərazilərini tərk etməyəcəklərini vurğuladı.

Rusiya Avrpa liderlərinin səfərinə Dmitri Medvedevin yanaşması ilə reaksiya göstərdi. O dedi ki: “Qurbağaların, liberalların və makaronun avropalı biliciləri Kiyevə səfər etməyi sevirlər. Faydaları sıfıra bərabərdir. Onlar Ukraynaya yenidən Aİ-yə qoşulmağa söz verdilər, yüz il əvvəl olduğu kimi qatarda araq vurdular. Hər şey qaydasındadır. Lakin bu, Ukraynanı sülhə heç cür yaxınlaşdırmır. Vaxt isə gedir…”

Siyasi liderlərin bu müharibəyə yanaşması onu göstərir ki, Ukrayna üzərindən Avropanın və Rusiyanın gələcəyi həll olunur. Olacaqlar, təbii ki, Ukrayna xalqına, ordusuna və infrastrukturuna olacaq. Eyni zamanda, uzun vədədə Rusiya da itirə biləcəyi qədər itirəcək. ABŞ və Avropa ölkələri müharibənin uzun vədəli olmasına tərəfdar olduğunu nümayiş etdirdi. Bəs Ukrayna və Rusiya necə bu uzun vədəli sürünən müharibənin nəticələrinə qatlana biləcəklərmi?! Bunu önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

888
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv