!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 13-cü GÜNÜ: Rus hərbçilər xaos və çarəsizlik içində - TƏHLİL

!Reklam – Yazi

On üç gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Şəxsi heyət – 12 min nəfərdən çox, tanklar – 320 ədəd, ZTR-lər – 1050 ədəd, artilleriya sistemləri – 120 ədəd, hava hücumundan müdafiə sistemləri – 28 ədəd, təyyarələr – 46 ədəd, helikopterlər – 70 ədəd, avtomobil texnikası – 500 ədəd, PUA-lar – 6, yüngül sürətli qayıqlar – 3 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Şəxsi heyət – 9500 nəfərdən çox hərbçi, 4000 nəfərdən çox mülki şəxs, tanklar – 830 ədəd, ZTR-lər – 820 ədəd, artilleriya sistemləri – 310 ədəd, hava hücumundan müdafiə sistemləri – 58 ədəd, təyyarələr – 63 ədəd, helikopterlər – 18 ədəd, avtomobil texnikası – 650 ədəd, xüsusi təyinatlı hərbi texnika – 560 ədəd, PUA-lar – 7 ədəd, hərbi obyekt – 2400 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 80 ədəd, S-300 və OSA zenit-raket kompleksi – 114 ədəd.

Ukrayna-Rusiya müharibəsinin on üçüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, müharibənin 13-cü günündə də tərəflərin müharibənin gedişatını dəyişəcək uğurları müşahidə olunmayıb:

“Martın 7-dən 8-nə keçən gecə Rusiya ordusunun döyüş təyyarələrinin Ukraynanın Sumı şəhərini bombalaması davam etdi.

Kiyevin bomardmanı zamanı şəhərin Romenskaya və Spartak küçələrində yaşayış binaları dağıdıldı.

Severski istiqamətində Çerniqov və Kiyev şəhərinin qəhrəmancasına müdafiəsi davam edir. Cənub əməliyyat zonasında dövlət sərhədi və dəniz sahili boyunca müdafiə əməliyyatı aparılır. Nikolayev şəhərətrafı ərazilərdə Rusiya kalonunu sıradan çıxarıblar və müdafiə döyüşləri aparılır.

Mariupolda Azov batalyonu rusları darmadağın etməyə davam edir. Voznesenski ətrafında Rusiyanın hücum qruplaşması darmadağın edilib. Xarkov ətrafında Çuqiyev yaşayış məntəqəsi geri alnıb.

Ukraynalılar Rusiyanın Qara Dəniz Donanmasının fəxri olan Vasili Bıkov raket gəmisini batıra biliblər.

Xarkov Müdafiə Qərargahının məlumatına görə, şəhər tamamilə Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir. 120 rus paraşütçüsü Xarkova basqın etmək üçün şəhər yaxınlığındakı Volçanski rayonuna enib. Onların əksəriyyəti Ukrayna Silahlı Qüvvələri tərəfindən yerindəcə məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin və xalqın motivasiyası pik həddədir.

Ukrayna Xüsusi Təyinatlı Qüvvələri və muzdlu legionlar sahədə hərb elminin teorik əsaslarını alt-üst edən əməliyyatlar həyata keçirirlər. Ukrayna döyüş təyyarəsinin pilotunun hava raketi ilə Rusiyanın “Kalibr” markalı qanadlı operativ taktiki raketini havada məhv etməsi kimi. Bu, yeni nəsil müharibələrin tarixinə qızıl hərflərlə yazılacaq hava döyüşüdür.

Ukraynanın mükəmməl müdafiə planı operativ və taktiki səviyyədə bu ölkənin üstünlüyünün göstəricisidir.

Ruslar Sumi istiqamətində 4 gündən sonra Trubiş çayını keçə biliblər və Kiyev istiqamətində yeni qruplaşma yaradırlar. Luqansk istiqəmətindən də 8 kilometr irəliləməyə nail olublar. Buna baxmayaraq, rus qoşunları ümumi cəbhədə hücum əməliyyatlarını davam etdirməkdə problemlər yaşayır. Bura idarəetmə və təminat məsələlərindəki ciddi problemləri əlavə etmək lazımdır. Bu da hücumun kortəbii şəkildə baş verdiyini göstərir.

Sahədə rus hücum qruplaşmasının 60 faizinin sıradan çıxarılması görsənir. Rusiya şimal və cənub qruplaşmasının hərəsində ilkin variantda 80 minə qədər əsgər var idisə, real döyüş əməliyyatlarında bölük, batalyon və briqada taktiki qruplarının vahid komandanlıq altında iştirakını görə bilmirik. Bu, idarəetmənin kollapsıdır.

Hazırda 15 ölkədən Ukraynaya hərbi yardım gəlir. Müharibənin birinci iki günü Rusiya tərəfindən hərbi planlara uyğun aparılırdısa, sonrakı günlər və bu gün də daxil sahədə xaos və çarəsizlik hökm sürür.

Rusiya 30 ildən çox bir müddətdə bütün konfliktlərdə iştirak etməsinə baxmayaraq, heç bir döyüş təyyarəsində və helikopterində hava hücumundan müdafiə vasitələrinə qarşı modernləşmə həyata keçirməyib.

Su-25 və Su-34, Su-35-lər Stingerlərin qarşısında ağ bayraq qaldırır. Heç bir ölkə və ordu öz elit bölmələrini sahədə belə xərcləməməlidir. Bu səbəbdən mən Rusiya hərbi beynini məntiqlə çözə bilmirəm. Müharibə iştirak edən hücum qruplaşmasının, o cümlədən hava hücumu vasitələrinin döyüş qabiliyyəti sabun köpüyü kimi havada partlayır. Budurmu Rusiyanın hərbi sənayesinin gücü? Özlərini Atom silahına malik olmalarına o qədər inandırıblar ki, digər qoşun növlərinin texnikası bugünkü müharibənin tələblərinə uyğun modernləşdirilməyib. Əslində, ən böyük yalan budur.

Əməliyyatlar teatrında rusların dalbadal baş verən uğursuzluqları Rusiya hərbi gücünün praktiki olaraq bu qədər işə yaramamasından başqa bir şey olmadığını göstərir. Rusların hərbi gücünün dünya sıralamasında ikinci yerdə olmaları bu idi? Rusiya bu ordu ilə Ukraynaya qarşı müharibəyə başlamamalı idi. Ən azından, haqqlarında formalaşdırdıqları, miflərə dünyanın bir qismi inanmışdı. Bu belə də qala bilərdi. Rusların çarəsizliklərini ifşa etməkdə məqsədlərinin nə olduğunu anlamaq çətindir.

Rusiya siyasətçiləri həmişə deyirdilər ki, Rusiyanın iki müttəfiqi var: Ordusu və Flotu. İndi bu iki müttəfiqin ikisi də sahədə can çəkişir.

Rusiya hərbi planlarının əmliyyatlar teatrında ikinci fazası da iflasa uğradı. Kremlin bu müttəfiqlərinin də sahədə tam meyit olmaması üçün erkən çəkilmə qərarı verməsi gözlənilən olardı.

İnformasiya müharibəsində də Ukrayna üstün görünür. Belə ki, Moskvada rusların bir nömrəli propaqandisti sayılan Solovyev özünü ümidsiz hiss edir. Hətta verilişlərindən birində Yakov Kedmi ilə müsahibəsində “Rusiyanın ölməyindən” şikayət etməyə başlayıb və müharibədə qalib gəlməyəcəklərindən bəhs edib.

Ukraynanın bir nömrəli propaqandist sayılan Dmitriy Qordon isə daha ümidli görünür və informasiya müharibəsində onun üstünlüyü açıq-aşkardır.

Nəticə etibarı ilə, tərəflər saat 10:00-dan etibarən müvəqqəti atəşkəs rejimi tətbiq etdi. Kiyev, Çerniqov, Sumı, Xarkov və Mariupoldan humanitar dəhlizlər açıldı. Çox keçmədi ki, dəhlizlər bombalandı.

BMT-nin məlumatına əsasən, Ukraynadan qonşu ölkələrə 2 milyon qaçqın köçüb. Ukraynadan Azərbaycana indiyədək 4375 nəfər təxliyyə edilib.

Rublun düşməsi postsovet məkanından Rusiyada çalışan miqratların evlərinə göndərdikləri pula ciddi təsir göstərib.

Ruslar özlərini və düşmənini düzgün qiymətləndirmdikləri üçün taktiki səviyyədə böyük itkilər verməyə davam edəcəklər. Operativ səviyyədə tərəflərin qüvvələr nisbəti yavaş-yavaş bərabərləşməyə başlayır. Düşünürəm ki, bu səbəbdən Rusiya qoşunları böyük şəhərləri mühasirəyə almağa və çatdığı hədlərdə müdafiəyə keçməyə cəhd göstərəcək. Ən azından, danışıqlarda əlində nəsə olsun deyə…

Strateji səviyyədə Rusiyanın hələ son sözünü demədiyi qənaətindəyəm. Çünki raket-artilleriya arsenalının çox hissəsi hələ istifadə olunmayıb. Bu isə hələ də Rusiyanın nəsə yeni hərbi qərarlar verə biləcəyini özündə ehtiva edir. Nəzərə alsaq ki, NATO da hava məkanının bağlanmasında Ukraynanı dəstəkləmədi. Nəticə etibarı ilə, havada üstünlük ruslarda, yerdə üstünlük ukrayalılarda qalır. Önümüzdəki günlər göstərəcək ki, qoşunların yerdəki üstünlüyü daha mühümdür, yoxsa havadakı üstünlüyü…”.

Səxavət Məmməd

www.yenicag.az

787
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv