!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 135-ci GÜNÜ: Döyüşlər hansı ərazidə intensivləşəcək? - TƏHLİL

!Reklam – Yazi

135 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 333 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 637 ədəd, səhra artilleriyası və minaatanlar – 812 ədəd, YARS (yaylım atəşli reaktiv sistemi) – 250 ədəd, HHM sistemi – 108 ədəd, təyyarələr – 217 ədəd, helikopterlər – 187 ədəd, qanadlı raket – 170 ədəd, PUA – 660 ədəd, gəmi-kater – 15 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 883 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 944 ədəd, səhra artilleriyası və minaatanlar – 3 075 ədəd, YARS – 561 ədəd, HHM sistemi – 370 ədəd, təyyarələr – 224 ədəd, helikopterlər – 134 ədəd, PUA – 1 416 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz otuz beşinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, gün ərzində, əsasən, tərəflərin mövqe döyüşləri və raket- artilleriya dueli davam edib:

“135-ci gün tərəflərin əməliyyat şəraitində ciddi dəyişiklik baş vermədi. Əməliyyatlar teatrında döyüşlər eyni templə davam etdi. Bütün cəbhə boyu tərəflərin taktiki vəziyyətində nisbi sakitlik hökm sürdü.

135-ci gündə Sumsk və Çerniqov vilayətlərinin bir çox yaşayış məntəqələri Rusiya reaktiv artilleriya və minaatan batareyalarının intensiv atəşinə məruz qaldı.

Xarkov istiqamətində Ukrayna birinci eşalon bölmələrinin həmlə qruplarının hücumları davam etdi. Rusiya qoşunları onları durdurmağa çalışdı. Bu istiqamətdə Rusiyanın bir tank diviziyası ehtiyatda saxlanılır. Hələ ki tank diviziyasının bölmələri aktiv əməliyyatlara cəlb olunmayıb. Çox güman ki, onların tapşırığı əks-hücum keçirməkdən ibarət olacaq.

İzyum istiqamətində aktiv döyüşlər Slavyansk bölgəsində getdi. Rusiya qoşunları Boqorodaçnaya istiqamətində hücumlarını davam etdirdilər.

Kramatorsk istiqamətində Verxnokamenskoeyə doğru nisbətən irəlilədilər.

Baxmut istiqamətində hücum cəhdləri etsələr də, ciddi irəliləyiş olmadı. Ukrayna müdafiə qüvvələri onlara qarşı ciddi müqavimət göstərdi.

Avdeyevka-Zaporojye istiqamətində qarşılıqlı artilleriya və tank atışlarının dueli oldu. Hər iki tərəf durduqları mövqelərdən məsafədən atəş vasitələri ilə qarşı tərəfə itki verdirməyə çalışdı.

Xerson istiqamətində Ukrayna qoşunları hücum cəhdlərini davam etdirdi. Rusiya qoşunları onları durdurmaq üçün artilleriya vasitələrindən və cəbhə aviasiyasından istifadə etdi. Gərgin döyüşlər davam etdi.

Odessa istiqamətində sakitçilik oldu. Rusiya aviasiyası İlan adasında yerləşən Ukrayna sərhəd bölmələrinə qarşı yenidən zərbə endirdi. İlan adasında Ukrayna bayrağı dalğalanır.

Düşünürəm ki, önümüzdəki günlərdə əsas döyüşlər Slavyansk və Krematorsk yaşayış məntəqələri uğrunda gədəcək. Slavyansk Donetsk vilayətinin açarı sayılır.
Ruslar üçün bu şəhərlər olmazsa-olmazlardandır.

Debalçova yaşayış məntəqəsindəki silah-sursat anbarı Ukrayna qoşunlarının silahlanmasına daxil olmuş yeni artilleriya sistemləri ilə vuruldu. Ukrayna artilleriya bölmələrinin əsas hədəfləri 50-60 kilometr dərinlikdəki maddi-texniki anbarlardır.

Gün ərzində əməliyyat şəraiti yuxarıdakı kimi idi.

135-ci gündə beynəlxalq siyasi arenada maraqlı hadisələr baş verdi.

Böyük Britanyanın Baş nazirinin istefasının əsas səbəbi də Rusiya oliqarxı Lebedev ilə dostluğu oldu. Bir zamanlar sərhədsiz dostluq münasibətləri olan iki dostdan biri, rusiyalı milyarder Lebedev Boyük Britaniya mətbuatında Ukraynaya verdiyi dəstəyə görə ona qarşı kompramatlar yayımladı və bunun qarşısında istefa verməyə məcbur oldu. Rusiya oliqarxı ilə dostluğun bədəlinin nə ola biləcəyi yönündə bütün siyasətçilər üçün gözəl nümunə oldu.

Bu gün G-20 sammiti davam etdi. Sammit iştirakçıları Rusiya xarici işləri naziri Lavrovu boykot etdilər. Sammit iştirakçılarının heç birinin onunla şəkil çəkdirmək istəməməsi beynəlxalq mətbuatın gündəmi oldu. Hətta birgə yemək də təşkil olunmadı. Bu səbəbdən Lavrovun sammiti vaxtından əvvəl tərk etməyə məcbur olduğu məlumatı yayıldı.

Bu o deməkdir ki, beynəlxalq siyasi kuluarlarda Rusiya siyasilərinə qarşı “psixoloji müharibə” pik həddə çatır.

Bundan əlavə, Suriya üzərindən də tərəflər arasındakı gərginlik pik həddə çatıb. Belə ki, Rusiya BMT Təhlükəsizlik Şurasının Dəməşqin dəstəyi olmadan Suriyaya yardımın bir il müddətinə uzadılmasına dair qərarına veto qoyub. 15 üzv ölkədən 13-ü qətnaməni dəstəklədiyi halda, Rusiya veto, Çin isə bitərəf qalıb. Yardımın dayandırılması halında 2,4 milyondan çox insan zərər görəcək. Qərblə Rusiya təkcə Ukrayna üzərindən yox, bütün sahələrdə “müharibə şəraitindədirlər”.

Bu gün Kreml rəhbərliyi Duma rəhbərliyi ilə görüş keçirdi. Verilən mesaj ondan ibarət oldu ki, Rusiya hələ əsas müharibəyə başlamayıb. Kreml rəhbərinin bu yanaşması Rusiyada kütləvi səfərbərliyin elan olunmasının mümkünlüyünə işarə kimi anlaşılmalıdır.

Bunun baş verib-verməyəcəyini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

781
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv