!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 140-cı GÜNÜ: Mövqe döyüşləri və raket-artilleriya “duel”i davam edir - TƏHLİL

!Reklam – Yazi

Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi hərbi təcavüzün geridə qalan 140 günü ərzində Rusiya və Ukraynanın savaş itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 345 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 652 ədəd, səhra artilleriyası və minaatanlar – 819 ədəd, YARS (reaktiv yaylım atəşi sistemi) – 250 ədəd, HHM sistemi – 108 ədəd, təyyarələr – 217 ədəd, helikopterlər – 187 ədəd, qanadlı raket – 170 ədəd, PUA – 660 ədəd, gəmi-kater – 15 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 896 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 958 ədəd, səhra artilleriyası və minaatanlar – 818 ədəd, YARS – 561 ədəd, HHM sistemi – 370 ədəd, təyyarələr – 224 ədəd, helikopterlər – 134 ədəd, PUA – 1 416 ədəd.

Rusiya-Ukrayna müharibəsinin 140-cı gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, ötən gün ərzində hər iki tərəf müxtəlif istiqamətlərdə hücum və əks-hücumlarını davam etdiriblər:

“Geridə qalan gün ərzində də tərəflərin mövqe döyüşləri və raket-artilleriya “duel”i ara verməyib. Ukraynanın şərqində Rusiya ordusu qismən irəliləməyə nail olub. Ancaq bu irəliləmə ciddi itkilər bahasına başa gəlir. Xerson istiqamətində isə Ukrayna uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək bir neçə yaşayış məntəqəsini ələ keçirib. Ukrayna ordusunun xüsusi təyinatlı birləşmələri, o cümlədən, “Azov” alayı Xerson vilayətində geri qaytardıqları ərazilərdə Rusiya ordusunun qalıqlarına qarşı təmizləmə işləri aparır.

Rusiya ordusunun Ukraynanın Çasov Yar qəsəbəsinə endirdiyi raket zərbələri nəticəsində həlak olanların sayı 45-ə yüksəlib. Ölənlərin sayının daha da artacağı gözlənilir. Dünən savaş meydanı ilə yanaşı, siyasətdə də maraqlı hadisələr qeydə alınıb. Ötən gün Ukrayna, Rusiya, Türkiyə və BMT nümayəndələri İstanbulda taxıl böhranını aradan qaldırmaq üçün toplandılar. Toplantıdan sonra Ukrayna tərəfi Türkiyəyə təşəkkür etdi. Çünki müharibənin ilk günündən yalnız Türkiyə problemin həlli üçün faktiki addımlar atıb. Taxıl böhranının aradan qaldırılması yönündə də Türkiyə tərəfləri arasında güzəştin əldə olunmasına çalışır. Rusiya rəsmiləri də bu barədə açıqlama verərək, qida təhlükəsizliyi üçün təkliflər irəli sürdüklərini və cavab gözlədiklərini bildiriblər.

Bu arada Şimali Koreya hökuməti separatçı “DXR” və “LXR”in “müstəqilliyini” tanıdığını bəyan edib. Rəsmi Kiyev buna dərhal sərt reaksiya verib. Ukrayna Xarici İşlər Nazirliyi xüsusi bəyanat yayaraq, Şimali Koreya hökumətinin bu addımının hər hansı hüquqi əsasının olmadığını bildirib. Bununla kifayətlənməyən Ukrayna hökuməti Şimali Koreya ilə diplomatik münasibətləri kəsdiyini də elan edib.

Rusiyanın Ukraynaya hücumları davam edərkən, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası (UNHRC) Ukraynanı müharibə səbəbindən tərk edənlərin sayını açıqlayıb. Rusiyanın hücumlarının başladığı 24 fevraldan bu yana 9 milyon 136 min 6 nəfərin Ukraynanı tərk etdiyi bildirilib. Bu, əslində, çox böyük bir rəqəmdir. Minlərlə insan həlak olub, milyonlarla insan qaçqın düşüb. Müharibə isə hələ də davam edir. Tərəflərin geri addım atmaq niyyəti isə hələ də görünmür. Bütün bunların fonunda tərəflərdən heç birinin müharibədən qalib çıxmayacağını söyləmək mümkündür. Bu savaşın əsl qalibi “proseslərin ipini əlində saxlayan” tərəf olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv