!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 141-ci GÜNÜ: Savaşın ağırlığı Donetsk istiqamətinə keçir - TƏHLİL

!Reklam – Yazi

Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi hərbi təcavüzün geridə qalan 141 günü ərzində Rusiya və Ukrayna tərəfinin savaş itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 347 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 655 ədəd, səhra artilleriyası və minaatanlar – 821 ədəd, YARS (reaktiv yaylım atəşi sistemi) – 250 ədəd, HHM sistemi – 108 ədəd, təyyarələr – 217 ədəd, helikopterlər – 187 ədəd, qanadlı raket – 170 ədəd, PUA – 660 ədəd, gəmi-kater – 15 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 899 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 960 ədəd, səhra artilleriyası və minaatanlar – 819 ədəd, YARS – 561 ədəd, HHM sistemi – 370 ədəd, təyyarələr – 224 ədəd, helikopterlər – 134 ədəd, PUA – 1 416 ədəd.

Rusiya-Ukrayna müharibəsinin 141-ci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, gün ərzində tərəflərin mövqeyində xüsusi bir dəyişiklik baş verməyib:

“Hər iki tərəf müxtəlif istiqamətlərdə hücum və əks-hücumları, mövqe döyüşləri və raket-artilleriya zərbələrini davam etdirib. Son 24 saat ərzində Rusiya tərəfi Qara dənizdəki sualtı qayıqdan Ukrayna ərzisinə 7 raket zərbəsi endirib. Raketlərdən biri sovet dövründən qalma konsert zalına və Zabitlər evinə düşüb. Vinnitsada alış-veriş mərkəzinə düşən 3 “Kalibr” raketi binanı yerlə bir edib. Nəticədə 50-dan çox maşın yanıb, 21 nəfər həlak olub, 100-dən çox insan isə yaralanıb.

Rusiyanın mülki obyektlərə vurduğu zərbələrdən sonra Ukrayna prezidenti Vladimir Zelenski bunları deyib:

“Rusiya hər gün dinc əhalimizi məhv edir, ukraynalı uşaqları öldürür, hərbi xarakterli olmayan mülki əraziləri raketlərlə atəşə tutur. Bu açıq terror aktı deyilsə, nədir? Onlar insan deyil! Qatil ölkə, terror ölkəsidir”.

Düşünürəm ki, Rusiya bu addımı bilərəkdən edir. Məqsədli şəkildə törədilən bu raket hücumları mülki şəxsləri Ukrayna siyasi hakimiyyətinə qarşı çıxmağa təhrik etməyə hesablanıb. Çünki ruslar yaxşı bilirlər ki, Ukrayna ordusu və onun dəstəkçiləri geri addım atmaq niyyətində deyillər. Ona görə də, mülki əhalini bezdirib, həyata nifrət etdirib, onların mübarizə əzmini qırmaq istəyirlər. Bunun nə qədər effektli olub-olmayacağını yaxın zamanda görəcəyik.

Rusiya ordusunun Ukraynanın şərq ərazilərində hücumları davam edir. O istiqamətdə hücumları intensivləşdirən Rusiya Lisiçanski ələ keçirməklə, Luqanska nəzarəti ələ alıb. Rusiyanın indiki hədəfi isə Donetsk vilayətini tamamilə zəbt etməkdir. O baxımdan, Rusiya qoşunları bu istiqamətdə cəmləşməyə başlayıblar.

Ukrayna ordusu da Donetsk vilayətini müdafiə etmək üçün ciddi hazırlıqlar görür. Ruslar Severski ələ keçirməyə cəhd edirlər. Ancaq bir neçə hücum cəhdi nəticəsiz olub. Hesab edirəm ki, Severskə nəzarət təmin olunduqdan sonra Baxmut rusların növbəti hədəfi olacaq. Ukrayna ordusu isə Xerson istiqamətində əks-hücumlarını davam etdirib. Ancaq ruslar ərazidə mühəndis-istehkam tədbirləri görüblər və müdafiə olunmaqda davam edirlər.

Artıq Xersonda da müharibə təmassız savaş halını alıb. Daha çox artilleriya və minaatanların savaşı gedir. Hər iki tərəf ağır itkilər verməkdədir. Nə qədər ki rusların əsas hücum istiqaməti şərqdir, Ukrayna tərəfi Xersonda irəliləməyə davam etməlidir. Rusiya ordusu əgər şərq istiqamətində hədəflərinə çatsa, yenidən Xerson üçün güc yığmağa başlayacaq.

Müharibə başlayandan bu günə qədər nə Rusiya, nə də Ukrayna itkilərini rəsmi şəkildə açıqlamayıblar. Ukrayna tərəfi bunun dövlət sirri olduğunu rəsmi şəkildə bəyan edib. Əslində, bu anlaşılan bir şeydir. İkinci Qarabağ müharibəsi zamanı da Azərbaycan tərəfi öz itkilərini açıqlamırdı, heç Ermənistan da bunu etmirdi. Yalnız müharibə bitəndən sonra tərəflər itkilərinin sayını bəyan etdilər. Müharibə davam edən zaman itkilərin açıqlanması əhali arasında ajiotaja səbəb ola bilər. Xüsusilə, 141 gündür davam edən müharibədəki itkiləri göz önünə alsaq, tərəflər itkilərini açıqlasa, daxildə çox ciddi problemlə üz-üzə qalacaqları şübhəsizdir.

Bu səbəbdən də hər iki ölkə yalnız qarşı tərəfin itkilərini açıqlayır. Bu rəqəmlər isə hər zaman mübahisəli olur. Müharibənin şiddətlə getdiyi bir zamanda Rusiya tərəfi yenidən sülh üçün şərtlərini açıqlayıb. Əvvəl daha çox şərtlər irəli sürən Rusiya indi Ukrayna qarşısında tərəfsiz olmağı, nüvə silahından imtina və qondarma rejimlərin tanınması tələblərini qoyur. Təbii ki, Ukrayna Rusiyanın torpaq iddilarını rədd edib. Hesab edirəm ki, iqtisadi sanksiyalar Rusiyanı daha çox sıxdıqca, şərtlərində bir o qədər də yumuşalmaya getməyə məcbur olur. Rusiya şərtlərini daha nə qədər diktə edə biləcək, bunu görəcəyik”.

Səxavət Məmməd

www.yenicag.az

543
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv