!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 18-ci GÜNÜ: Dünyanın “ikinci ordusu” sözün bitdiyi yerdədir - TƏHLİL

!Reklam – Yazi

On səkkiz gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Şəxsi heyət – 13 000 min nəfərdən çox, tanklar – 420 ədəd, ZTR-lər – 1 220 ədəd, artilleriya sistemləri – 155 ədəd, hava hücumundan müdafiə sistemləri – 48 ədəd, təyyarələr – 60 ədəd, helikopterlər – 80 ədəd, avtomobil texnikası – 1000 ədəd, PUA-lar -11, yüngül sürətli qayıqlar -4 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Şəxsi heyət – 11 000 nəfərdən çox hərbçi, 500 nəfərdən çox mülki şəxs, tanklar – 855 ədəd, ZTR-lər – 870 ədəd, artilleriya sistemləri – 428 ədəd, hava hücumundan müdafiə sistemləri – 75 ədəd, təyyarələr – 65 ədəd, helikopterlər – 23 ədəd, avtomobil texnikası – 800 ədəd, xüsusi təyinatlı hərbi texnika – 940 ədəd, PUA-lar – 125 ədəd, hərbi obyekt – 3 491 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 100 ədəd, S-300 və OSA zenit-raket kompleksi – 125 ədəd.

Ukrayna-Rusiya müharibəsinin on səkkizinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, savaşın 18-ci günündə də müharibə Rusiya və Ukrayna qoşunlarının hücum və müdafiə əməliyyatları ilə davam edib:

“18 ci gün rusların Polşa sərhəddindən 20 km aralıda, Lvov vilayətində hərbi bazanı raketlərlə vurması ilə yadda qaldı. Bu, Avropa İttifaqı ölkələrinə və Şimali Atlantika Alyansına baş verə biləcək mümkün ssenarilərə qarşı “hazır olun” mesajı idi. Putin hələ də Qərb siyasətçilərini qorxu altında saxlamağa davam edir. Avropa İtifaqı bundan qorxaraq qarşı addım atacaqmı, bunu önümüzdəki günlərdə görəcəyik…

Mariupol, Nikolayev, Krivoyroq istiqaməti rus qoşunlarının əsas zərbə istiqaməti kimi müəyyənləşdi. Mümkün operativ hədəflər olaraq bu şəhərlər uğrunda əsas döyüşlərin gedəcəyini gözləməliyik. Hava və artilleriya hücumlarına baxmayaraq, paytaxt Kiyev qəhrəmancasına müqavimət göstərməyə davam etdi.

Xarkov və Kiyev istiqamətində rusların ələ keçirdiyi hədəflərdə müdafiə əməliyyatlarına keçdikləri görünür. Melitopol, Berdyansk ölüm-qalım savaşına davam edir. Suma şəhəri üzərində rusların 4 döyüş təyyarəsi, 4 helikopteri və 4 PUA-sı vuruldu. Humanitar böhran pik həddə çatdı.

Ukraynadan köçənlərin sayı üç miliyona yaxınlaşır. Avropa İttifaqı ölkələrinin köçlə bağlı narahatlıqları artmaqdadır.

Rusiya qoşunları 12 kilometr irəliləyərək Novoandreyevka və Kirilovka qəsəbələrini nəzarətə götürdü, eyni zamanda, İrpin şəhərinə daxil oldu. LDR-in bölmələri Molodejnoye, Vozqorye yaşayış məntəqələrini nəzarətə götürərək Severodonetsk ətrafına çatdı.

18-ci gündə də Rusiya Hərbi Hava Qüvvələri və raket qoşunları Ukraynanın Kiyev, Xarkov, Mariupol, Donetsk, Nikolayev şəhərlərinə dağıdıcı hava zərbələri endirməyi davam etdirdi. Xüsusən də gəmilərdən atılan raket atışları ilə. Ukrayna ordusunun pusquları və atəş basqınları qarşılığında Rusiyanın 155-ci dəniz piyada briqadası 600-ə yaxın əsgər itirdi, bir o qədər də yaralıları var.

Rusiyanın mülki əhali arasında itkilərin çoxalmasına əhəmiyyət verməməsi də ciddi narahatlıq yaratdı. Ukrayna şəhərlərinin kritik infrastruktur obyektlərinin sıradan çıxarılması önümüzdəki günlərdə də humanitar böhranın pik həddə çatacağından xəbər verir. Böyük şəhərlərdə elektrik və kommunikasiya xəttlərinin kəsilməsinin, minlərlə dinc sakinin öldürülməsinin, müharibənin məqsədlərinə nə dərəcədə xidmət etdiyini demək çətindir.

Rusiya ordu komandanlarının hücum qruplaşmasında olan bölmələri idarə etməkdə çətinlik çəkməsi, tabor taktiki qruplarında döyüş ruhunun aşağı səviyyədə olması, maddi-texniki təminatın zəif olması səbəbindən Rusiya hərbi qruplaşmalarının bir neçə istiqamətdə hücumun dayandırmasına gətirib çıxardı.

Görünən odur ki, Rusiyanın Kiyev, Xarkov, Donetsk, Mariupol kimi böyük şəhərləri küçə-küçə döyüşərək ələ keçirməsi məcburiyyətində qalacaq və bu da müharibənin uzun sürən mühasirələr, pusqular fazasına keçməsinə gətirəcək. Bunun üçün Rusiya Ukraynaya getdikcə daha çox hərbi kolonlar daxil edir. Kreml geri addım atmasa, əməliyyatların uzunmüddətli müharibəyə çevrilməsi ehtimalı artacaq.

18-ci gündə Ramzan Kadırovun Xüsusi Çevik Reaksiya Qüvvələri (SOBR) ilə birlikdə Ukrayna ərazisində – İvanovkada peyda olması hücumda ciddi boşluqların olmasından xəbər verir. Onun Ukraynada olmasının Ukraynanın müdafiə ordusunun dirəncini və motivasiyasını daha da artıracağını düşünürəm. Bir başqa məlumata görə, Kadırovun Ukraynaya müşayiət etdiyi çeçenlərdən ibarət SOBR əməliyyatalar teatrında başqa məqsədlə, “cəza batalyonları” kimi istifadə ediləcək. Arxaya çəkilmək istəyən, qaçmaq istəyən rus bölmələrinin şəxsi heyəti onlar tərəfindən yerindəcə güllələnəcək. Əgər, həqiqətən də, bu iddia sahədə öz əksini taparsa, demək, dünyanın “ikinci ordusu” sözün bitdiyi yerdədir…

Ukraynalılar əməliyyatlar teatrında “Bayraktar”lar, “Javelin”lər, “Stingerlər”lə – yeni nəsil müdafiə əməliyyatları ilə tarix yazarkən rusların 41-45 ci illərin “Beriya taktikasına” qayıtması nə qədər “çağ atlatdıqlarından” xəbər verir…

Hələlik sahədə nüvə silahlarının işə salınması üçün ciddi səbəb olduğunu görməsək də, istifadəsi qadağan olunmuş fosforlu və kasetli bombalardan istifadə olunmağa başlanması rusların nəyin bahasına olursa-olsun, hərbi kompaniyanı bir an öncə özlərinə uyğun olan formada sonladırmaqda maraqlı olduğunu göstərir”.

Səxavət Məmməd

www.yenicag.az

1339
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv