!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 25-ci GÜNÜ: Operativlik və dəqiqlik üçün yeni qüvvələrə ehtiyac yaranıb - TƏHLİL

!Reklam – Yazi

İyirmi beş gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tanklar – 460 ədəd, PDM və ZTR-lər – 1 430 ədəd, artilleriya sistemləri – 215 ədəd, hava hücumundan müdafiə sistemləri – 70 ədəd, təyyarələr – 102 ədəd, helikopterlər – 110 ədəd, avtomobil texnikası – 1 140 ədəd, PUA-lar – 12, hərbi obyekt – 215 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 310 ədəd, zenit-raket kompleksləri – 212 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tanklar – 888 ədəd, ZTR-lər – 868 ədəd, artilleriya sistemləri – 465 ədəd, hava hücumundan müdafiə sistemləri – 97 ədəd, təyyarələr – 66 ədəd, helikopterlər – 25 ədəd, avtomobil texnikası – 1 085 ədəd, PUA-lar – 125 ədəd, hərbi obyekt – 3 512 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 1 20 ədəd, zenit-raket kompleksləri – 132 ədəd.

Ukrayna-Rusiya müharibəsinin iyirmi beşinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, Ukrayna-Rusiya müharibəsinin 25-ci günündə də tərəflərin əməliyyat şəraitində ciddi dəyişiklik nümayiş olunmayıb:

“Əməliyyatlar teatrındakı operativ-taktiki vəziyyət mövqe döyüşləri halındadır. Gün ərzində ruslar tərəfindən böyük şəhərlərin bombalanması minimum həddə idi. Ya raketlər tükənir, ya da “strateji plan”a korrektələr edilir. Bunu növbəti günlərdə görəcəyik.

Gün ərzində Mariupolda döyüşlər davam etdi. Şəhər havadan və dənizdən intensiv atəşə tutuldu. Rusların Ukraynanın Nikolayev şəhərindəki 79-cu aeromobil briqadasının kazarmasına raketlərlə zərbə endirməsi nəticəsində 200 nəfərə yaxın ukraynalı hərbçi həlak oldu.

Hər iki tərəf Kiyev, Donetsk, Çerniqov, Xarkov, Mariupol istiqamətlərində birinci eşalon bölmələrinin ehtiyatlarını yenidən qruplaşdıraraq taktiki səviyyədə vəziyyəti dəyişməyə çalışdılar. Bu yöndə tərəflər uğurlu döyüş aparılmasına nail ola bilmədilər. Uzun müddət təmas bölgəsində döyüşən bölmələr o qədər yorğundur və tükəniblər ki, operativlik və dəqiqlik üçün yeni qüvvələrə ehtiyac yaranıb. Ruslar ehtiyatların yenidən qruplaşmasında daha imkanlı görünürlər. Ehtiyatların döyüş hazırlıqları aşağı səviyyədə olsa belə, say baxımından bunu özlərinə rəva bilirlər. Ukrayna tərəfdə isə vəziyyət bu istiqamətdə nikbin deyil. Ehtiyatlar baxımından bütün istiqamətlərdə çatışmazlıqlar olduğundan döyüşən bölmələr uzun müddət yeni qüvvələrlə dəyişdirilə bilmir.

Cəbhənin genişliyi və rusların üstün canlı qüvvə və texnika nisbətindəki üstünlüyü ukraynalılara vəziyyəti əsaslı dəyişməyə imkan vermir. Bir də istənilən anda onları hava hücumu ilə dəstəkləyə biləcək raket hücumlarını nəzəra alsaq, qısa vədədə Ukrayna qoşunlarının vəziyyət ilə barışmaqdan başqa çarəsi qalmadığını görürük. Təmas vəziyyətindəki Ukrayna qoşunlarının mövcud batalyon taktiki qrupları, xüsusi əməliyyatlar qrupları və muzdluları yalnız cavabdehlik zolaqlarındakı döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir. Sadə dildə desək, sahədə kiminsə kiməsə kömək etmək kimi bir “lüks”ü yoxdur. Bu səbəbdən Rusiyanın qoşunların taktiki səviyyədə say çoxluğu hesabına vəziyyəti dəyişmək üçün öz imkanlarını yenidən dəyərləndirəcəyini düşünürəm. Yəni başqa-başqa istiqamətlərdən yavaş-yavaş da olsa, irəliləmə cəhdlərini sərgiləyəcəklər. Buna nə qədər müvəffəq olacaqlarını önümüzdəki günlərdə görəcəyik.

Ukrayna qoşunları taktiki səviyyədə rusları dayandırdıqları həddlərdə maksimum məhv etməyə və taktiki vəziyyəti nəzarətə götürməyə cəhd edəcəklər. Onlar bunun üçün daha motivasiyalı görünürlər. Amma buna nə qədər nail olacaqları rusların “hərəkətsizliyi”ndən asılı olacaq.

Ukrayna Silahlı Qüvvələri ölkə ərazisində öldürülən Rusiya ordusunun generallarının siyahısını açıqladı. Keçən 25 gün ərzində rus ordusunun Milli Qvardiyasının 141-ci motoatıcı alayının komandiri general-mayor Maqomed Tuşayev, Mərkəzi Hərbi Dairəsinin 41-ci Ordu komandanının birinci müavini general-mayor Vitali Gerasimov, Şərq Hərbi Dairəsinin 29-cu Ordusunun komandanı general-mayor Andrey Kolesnikov, Mərkəzi Hərbi Dairəsinin 41-ci Ordu komandanının müavini general-mayor Andrey Suxoveçskiy, 150-ci motoatıcı diviziyasının komandiri general-mayor Oleq Mityaev, Cənub Hərbi Dairəsinin 8-ci Birləşmiş Silahlı Qüvvələrinin komandanı general-leytenant Andrey Mordviçev, Hərbi-Dəniz Qüvvələrinin Qara Dəniz Donanmasının komandan müavini, birinci dərəcəli kapitan Andrey Paliy Ukraynadakı döyüşlərdə məhv edilib.

Generalların ölümü haqda məlumatı Rusiya mənbələri nə təsdiq, nə də təkzib edir. Eyni zamanda, 25 gün ərzində Ukrayna ordusu rəsmi olaraq 562 rusiyalı hərbçini əsir götürüb. Bu və bununla bərabər 20-30 min arasında mövcud olan döyüş və sanitar itkilər Kreml rəhbərliyinin narahatlığına əsas verən amillərdən biri olmalı idi. Nədənsə, bu, Rusiya siyasi kuluralarında hələ kəskin şəkildə özünü göstərmir. Kreml rəhbərliyi bu hissləri gizlətmiş kimi görünür. Bu “gizli hisslər” “açıq qəzəb hissi”nə çevrilməsə, yaxşıdır.

Fakt odur ki, bu gün üçün real əməliyyatlar xəritəsini tərtib etmiş olsaq, görərik ki, Ukraynanın şimalında Çerniqov, Sumi vilayətləri, şərqində Xarkov, Luqansk, Donetsk vilayətləri, cənubunda Xerson, Mariupol, Krım vilayətləri – vilayətlərin adminstrativ ərazisinə daxil olan ərazilərin cuzi bir hissəsini çıxmaqla – Rusiya qoşunlarının nəzarəti altındadır. Bu o deməkdir ki, ruslar az bir müddətdən sonara birinci eşalon bölmələrinin sonrakı tapşırığını yerinə yetirmiş olacaqlar. Bu tapşırığın yerinə yetirilməsi planlaşdırıldığından daha çox vaxt aparmış olsa da, sonunda tamamlanmış kimi görünür. Yəni şimaldan cənuba əvvəlki vəziyyətə nisbətən “təlükəsizlik yastığı”nın konturları bəlirlənmiş oldu. Bu vəziyyət siyasi dialoq üçün masada Rusiyanın əlini güclü edərmi? – Edər. Amma strateji məqsəd üçün bu yetərlimidir? – Xeyr! Çünki 25-ci gündəki bu “status-kvo”, hələ ki rusların Ukrayna əzrazisində “denazifikasiya və demilitarizasiya”sı strateji hədəfinə çatmağı deyildir.

Bu səbəbdən rusların bu həddlərlə kifayətlənməyəcəyi düşüncəsindəyəm. Bununla kifayətlənmək istəməyəcəklərsə, deməli, yeni raket-artilleriya hücumlarını müşahidə edəcəyik. Bu hücumlar öncə Ukraynanın böyük şəhərlərinə, sonra isə təmasdakı yaşayış yerlərinə olacaq. Quru Qoşunları hava hücumu dəstəyi olmadan irəliləyə bilmədiyi üçün bu taktikanın özünü doğruldub-doğrultmayacağını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

813
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv