!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 26-cı GÜNÜ: Hərbi rəhbərlik asan hədəfə çevrilir - TƏHLİL

!Reklam – Yazi

İyirmi altı gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tanklar – 470 ədəd, PDM və ZTR-lər – 1 440 ədəd, artilleriya sistemləri – 217 ədəd, hava hücumundan müdafiə sistemləri – 72 ədəd, təyyarələr – 102 ədəd, helikopterlər – 110 ədəd, avtomobil texnikası – 1 200 ədəd, PUA-lar – 12 ədəd, hərbi obyekt – 215 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 310 ədəd, zenit-raket kompleksləri – 213 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tanklar – 888 ədəd, ZTR-lər – 870 ədəd, artilleriya sistemləri – 470 ədəd, hava hücumundan müdafiə sistemləri – 100 ədəd, təyyarələr – 66 ədəd, helikopterlər – 25 ədəd, avtomobil texnikası – 1 100 ədəd, PUA-lar – 125 ədəd, hərbi obyekt – 3 515 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 122 ədəd, zenit-raket kompleksləri – 134 ədəd.

Ukrayna-Rusiya müharibəsinin iyirmi altıcı gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyevin sözlərinə görə, gün ərzində şiddətli döyüşlər, əsasən, Kiyev, İzyum, Çernobayev, Mariupol, Xarkov, Nikolayev və Xerson istiqamətində getdi:

“Ruslar bütün istiqamətlər üzrə əməliyyat şəraitində ciddi bir dəyişiklik edə bilmədilər. Bütün istiqamətlərdə hücumların dayandığını və mövqe döyüşlərinin getdiyini müşahidə etdik.

Gün ərzində Xarkovun bombalanması davam etdi. Rusların aviasiya uçuşlarının minimuma enməsinə baxmayaraq, Xarkov üzərində bir döyüş təyyarəsi vuruldu. Krım istiqamətindən Nikolayev və Xerson istiqamətində yeni kalonların hərəkəti müşahidə olundu. Bu istiqamətdə də hücumların dayanmasına baxmayaraq, mövqe döyüşləri davam edir.

Cəbhənin Xarkov vilayəti ərazisində olan Rusiya hərbi birləşmələri mərkəzi təchizat bölmələri ilə quru yol əlaqəsini böyük ölçüdə itirdiyindən kəskin yanacaq, ərzaq çatışmazlığı yaşayır. Bu səbəbdən rus hərbçiləri arasında fərarilik, texnikaları yerində atıb təslim olma halları baş verdi.

Son sutkada Qostomel istiqamətindən Xarkov istiqamətinə təchizat yardımı aparmağa cəhd edən Rusiya ordusunun dörd hərbi karvanının üçü pusquya salınaraq məhv edilib. Nikolayev vilayətinin Peski kəndi yaxınlığında rusların Abxaziyadan gətirilmiş hərbi hissəsinin zirehli texnika karvanı Voznesensk şəhərinə hücum əməliyyatına başlayarkən məhv edilib.

Xarkov istiqamətində Çuqayev şəhəri üzərində rusların bir qırıcı təyyrəsi və iki PUA-sı məhv edilib. Mariupol ən ağır istiqamət olaraq qaldı. Belə ki, uzun müddət mühasirədə olmasına baxmayaraq, şəhər hələ də müdafiə olunur. “Azov” alayı isə Mariupolda amansız müqavimət göstərir. Ukrayna ordusu Çernobayevkada da rusları darmadağın edib.

Krımdan irəliləyən Rusiya qüvvələri Nikolayevdən yan keçərək qərbə, Odessaya doğru irəliləməyə çalışırlar, lakin hələ də buna nail ola bilməyiblər.

Çox güman ki, ruslar dayandırılmış qüvvələrinə yeni qüvvə cəlb etməklə bu istiqamətdə uğurlarını davam etdirmək niyyətindədirlər. Az da olsa, irəliləməyə cəhd edəcəklər.

Belarusun Mozır şəhərinin yaxınlığında – Rusiya qoşunlarının cəmləşdiyi arealda döyüş olub. Xüsusi əməliyyatlar qrupunun qəfil basqını nəticəsində çoxlu sayda rusiyalı hərbçi həlak olub, onlarla hərbi texnika sıradan çıxarılıb.

Rusiya qoşunları yerləşən ərazidən gələn bütün dəmiryolları Ukrayna vətəndaşları tərəfindən sökülür və sıradan çıxarılır. Dəmiryol əsas təminat yolları olduğundan müdafiə olunanlar tərəfindən bunun doğru qərar olduğunu düşünürəm. Ruslar təminat ehtiyaclarını və ehtiyatlarını əsas etibarı ilə dəmiryolları ilə həyata keçirirdi.

Hava məkanından hücumlara qarşı Ukraynanın qoşunlarının işi gündən-günə asanlaşır. Rusların təcrübəli qırıcı pilotları artıq vurulub. Bu pilotlar hündür yüksəkliklərdə uçaraq həm hədəfləri dəqiq məhv edə bilir, həm də “Stinger”lərdən böyük ölçüdə yayına bilirdilər. Onların yerini təcrübəsiz gənc pilotlar aldığından Ukrayna HHM sistemlərininin asan hədəfinə çevrilirlər. Artıq hava məkanında da güclərin balanslaşmış olduğunu müşahidə edirik. Belə ki, son üç gündə rusların ciddi hava hücumu uçuşları müşahidə olunmur.

Ruslar raket artilleriya zərbələri endirməkdə davam edirlər. Burada üstünlük hələ də ruslardadır və kortəbii – hara gəldi və necə gəldi zərbələr yağdırmağa davam edirlər. Maliyyə tutumu yüksək olan bu raket sistemlərinin qeyri-dəqiq hədəflərə bu qədər qeyri-peşəkarcasına endirilməsi cavabı olmayan sullardandır.

Eyni zamanda, Rusiya Ukraynada ciddi logistika və rabitə əlaqəsi problemi yaşayır. Rus generalları təhlükəsiz rabitə ilə əlaqə saxlaya bilmir, NATO peyk kəşfiyyatı onların lokasiya və koordinantlarını Ukrayna Silahlı Qüvvələrinə ötürdüyündən hərbi rəhbərlik asan hədəfə çevrilir. Bu hibrid müharibəyə qarşı da rusların əks-tədbirlərinin mövcud olmadığı görünür.

Bu gün etibarı ilə rusların əməliyyatlar teatrında döyüşlərə cəlb edilən on ordusundan üçü və bir Hərbi Hava Qüvvələri ordusu Ukraynada ya tamamilə məhv edilib, ya da məhv edilməkdə davam edir. Bu, ruslar üçün gözlənilməz nəticədir və bu boşluğu necə dolduracaqları sual altındadır.

Ukrayna mənbələrinin dediyinə görə, müharibədə ruslar bu və ya digər səbəbdən əlli minə yaxın itki verib. Bura həlak olanlar, yaralananlar, əsir və itkin düşənlər, fərarilər aiddir. Bunlar hücum qruplaşmasının döyüş qabiliyyətinin kəskin şəkildə azaldığını göstərən ciddi rəqəmlərdir. Bu rəqəmlər nəticə etibarı ilə rusların hücum qruplaşmasının tamamilə durdurulmasına və sonrakı mərhələdə lokal döyüşlərdə onların hissə-hissə məhv edilməsinə gətirib çıxaracağına əsas yaradır. Bu itkilərin yerini doldurmaq ruslar üçün o qədər də asan olmayacaq. Çünki səfərbərlik elan etmək istəmirlərsə, bu itkilər necə bərpa oluna bilər? Burada çox böyük boşluğun olduğunu görürük.

Eyni zamanda, ruslar Krımda, qondarma DNR, LNR-də gizli mobilizasiya keçirirlər. Çağırışçıların bəzilərinin yaşı 16-17-dir. Bu da rusların cənub hərbi qruplaşmasında canlı qüvvə çatışmazlığından xəbər verir.

Liviyadan, Osetiyadan, Abxaziyadan, Ermənistandan, Tacikistanla sərhəddən, uzaq Şərqdən hərbi birləşmələrin bu bölgəyə gətirilməsinin əsas səbəbi də bu olsa, gərək.

Bir də bura zirehli texnikaların və aviasiaya vasitələrinin itkilərini əlavə etsək, rusların müharibənin başlanğıcında nəzərdə tutulan strateji hədəflərin yerinə yetirilməsi üçün hücum tempini davam etdirəcəyi çox da real görünmür.

Müharibənin 26-cı günündə də rusların ciddi uğur əldə edə bilməməsi hücum gücünün tükəndiyinin birbaşa göstəricisidir. Bu vəziyyəti dəyişmək üçün rusların “B“ planının olub-olmaması önümüzdəki günlərdə üzə çıxacaq.

Ya “mümkün olmayan” davam, ya da atəşkəs elan edərək danışıqlara başlamaq. Hansının məqbul olacağını tezliklə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

946
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv