!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 28-ci GÜNÜ: Yeni taktikaya keçidin bir addımlığında - TƏHLİL

!Reklam – Yazi

İyirmi səkkiz gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tanklar – 480 ədəd, PDM və ZTR-lər – 1460 ədəd, artilleriya sistemləri – 225 ədəd, hava hücumundan müdafiə sistemləri – 78 ədəd, təyyarələr – 102 ədəd, helikopterlər – 116 ədəd, avtomobil texnikası – 1250 ədəd, PUA-lar – 12 ədəd, hərbi obyekt – 215 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 310 ədəd, zenit-raket kompleksləri – 215 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tanklar – 890 ədəd, ZTR-lər – 880 ədəd, artilleriya sistemləri – 480 ədəd, hava hücumundan müdafiə sistemləri – 105 ədəd, təyyarələr – 66 ədəd, helikopterlər – 25 ədəd, avtomobil texnikası – 1520 ədəd, PUA-lar – 125 ədəd, hərbi obyekt – 3520 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 130 ədəd, zenit-raket kompleksləri – 135 ədəd.

Ukrayna-Rusiya müharibəsinin iyirmi səkkizinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, müharibəni 28-ci günü Ukrayna ordusunun Kiyev, Nikolayev, İzum, Xerson, Mariupol istqamətində əks hücum əməliyyatlarına başlaması ilə yadda qaldı:

“Belə ki, gün ərzində Kiyev vilayətinin İrpen şəhərinin Ukrayna ordusu tərəfindən azad olunması, Ukrayna-Rusiya qoşunlarının operativ-taktiki vəziyyətində cuzi də olsa dəyişiklikliyə səbəb oldu. Bu dəyişiklik əməliyyatlar teatrında əməliyyat şəraitinin Ukraynanın lehinə “qırılma nöqtəsi” də sayıla bilər. Bu Ukrayna ordusunun 28 gün ərzində keçirdiyi ilk uğurlu əks hücum sayıla bilər.

Lakin nəzərə almalıyıq ki, Ukrayna ordusu avropalı tərəfdaşları tərəfindən vaxtlı-vaxtında çatışmayan silah-sursatla təmin olunarsa, uğurlu ola bilər. Çünki, onlar da ciddi silah-sursat çatışmazlığı yaşayır.

Rusların əsas istiqamətləri bu gün də Kiyev, Mariupol, Nikolayev, Volnovaxa, İzyum idi.

Döyüşlər əsasən Kiyev, İzyum, Çernobayev, Mariupol, Xarkov, Nikolayev və Xerson istiqamətində getdi. Ukraynalılar əməliyyatlarda daha mobil, operativ və qərarlı görsənir. Belə ki, ruslar tərəfindən Mariupol bu gün də ələ keçirilə bilmədi. Şəhər snayperlər üçün əsl poliqona çevrilib. Ukrayna xüsusi əməliyyat qruplarının snayperçiləri kütləvi şəkildə şəhəri ruslar üçün cəhənnəmə çevirir. Şəhərin müdafiəçiləri “Bayraktar TB 2” PUA-larından, “Javalen”, “Stinger”, “NLAW” “ağıllı” silahlarından da məharətlə istifadə etdilər. Şəhər mühasirədə olmasına baxmayaraq Ukrayna ordusu şəxsi heyətlə kömək edə bilməsə də, hələ də Mariupol müdafiəçilərini silahla təchiz edə bilir.

Təminatın və lojistikanın döyüşlərdə əsas komponentlərdən biri olduğunu nəzərə alsaq, bu barədə də ukraynalılar üstün görsənirlər. Arxa təminatı olmayan döyüşçü sahədə maksimum 2 gün döyüşə bilər. Üçüncü gün ya qaçmalıdır, ya da təslim olmalıdır. Bu səbəbdən ukraynalılar döyüşür, ruslar isə təminatsızlığın uğursuz nəticələrini yaşayırlar.

Burada haşiyədən kənara çıxmaq istəyirəm.

İkinci Qarabağ müharibəsindən misal gətirmək yerinə düşür. 44 günlük müharibəmizin qəlbəyə gətirən əsas komponentlərindən biri də mükəmməl arxa cəbhə təminatı idi. Bizim əsgərlər əks hücum əməliyyatlarında bir gün belə yeməksiz və mərmisiz qalmamışdı. Həlak olanların və yaralılıarın təxliyyəsi belə o ağır şərtlərdə günbəgün təşkil edilirdi. Biz bu müharibədə ruslar adına bunları görmürük.

Rus qoşunları taktiki səviyyədə talelərinə tərk edilmiş kimi görsənirlər. Nə bitmiş quru ərzaqları, nə bitən mərmiləri vaxtlı-vaxtında təmin olunmur, nə də texnikanın yanacağı vaxtlı-vaxtında doldurula bilmir. Düşünürəm ki, heç bir ölkənin döyüşən orduya göstərdiyi belə münasibət qalibiyyətə gətirə biməz. Tam əksinə, bunun nəticəsi fərailik və təslimçilik ola bilər ki, bunun da rus qoşunlarında baş verdiyini görürük.

Çox guman ki, son iki gündə Mariupol ətrafında vurulan helikopterlərin sayının artması, rus hərbi komandanlığını hücum taktikasına dəyişiliklər etməyə məcbur edir. Son günlərdə şəhərlərə hücum əməliyyatlarında Rusiya döyüş təyyarələri və hücum helikopterləri təsadüf hallarda istifadə olunur. Bu da ciddi pilot çatışmazlığından xəbər verir. Görünən odur ki, Ruslar müharibənin 27 günündə pilotları amansızcasına “xərclədilər”. 100 dən çox döyüş təyyarəsi pilotu, 116 nəqliyyat və hücum helikopteri pilotunun məhv edilməsi, əsir götürülməsi yeri tezliklə doldurulacaq itkilər deyil. Bir pilotun professional pilot halına gəlməsinə ən azı 15-20 il zaman tələb olunur. Bu boşluğu doldurmağa Rusların vaxtı yoxdur.

Bu səbəbdən son sutka ərzində rus ordusu, yalnız uzaq məsafədən Mariupol şəhərinə ardıcıl raket zərbələrini daha da intensivləşdirdi.

Mariupol şəhərinə hücum edən əsas qüvvələrin böyük əksəriyyətinin hərbi dəniz qüvvələrinin dəniz piyada alayının olması, bu istiqamətdə də quru qoşunlarının ehtiyatlarının da tükəndiyinin göstəricisidir.

28 gündən sonra Ukrayna ordusunun müdafiə əməliyyatlarından əks hücum əməliyyatlarına keçməyinin o qədər də asan olmayacağını düşünürəm. Xüsusən də verilən itkilərin fonunda bu çətin olacaq. Önümüzdəki günlər xüsusi əməliyyatlar günü olacaq. Bunun üçün Ukraynanın mobil qrupları uğurla tətbiq oluna bilər. Onlar bu “VUR QAÇ” taktikası ilə rus qoşunlarını hissə-hissə məhv edərək geri çəkilməyə, ya da təslim olmağa məcbur etməyə çalışacaqlar. Rusların isə bu taktikaya nə qədər tab gətirəcəklərini görəcəyik.

Geniş cəbhədə bildiyimiz quru qoşunlarının klassik əks-həmlə əməliyyatlarını gözləmək sadəlövhlük olardı. Buna nə resurslar, nə də ərazi şərait yaradır. Amma mobil qrupların snayperləri çox faydalı olacaq. Fərdi hərbi kompaniyanın Ukrayna ərazisində olan kontingentinə də elə bu lazımdır. Qeyri-müharibə hərbi qurumları üçün vəziyyət tam arzulanandır. Sahədə yorulmuş, tükənmiş, təminatsız, ac rus əsgərinə qarşı “ova çıxmaq” onların tam da istədikləridir. Müharibənin sonrakı gedişatı bu qruplar ilə, Rusiya raket artilleriya qoşunları arasında gedəcək.

Sahədə Ukrayna mobil qrupları rusları məhv edəcək, mobil qruplarını isə rusların raket artilleriya zərbələri məhv edəcək. Bu “qeyri bərabər” döyüşdə kimin kimi yenəcəyi motivasiyanın kimin lehinə olacağından asılı olacaq.

Rusiya hərbi beyin mərkəzi Kreml rəhbərliyini inandırmışdı ki, hücumun başlaması ilə şərqi Ukrayna rus qoşunlarını düz-çörəklə qarşılayacaq. Kreml rəhbərliyi də buna inanmışdı. İndi Kiyevi, Xarkovu, Mariupolu, İzyumu, Odessanı, Lvovu, Donetski dağıtsa da,  ələ keçirə bilmir. Nəinki ukraynalılar, hətta Ukraynada yaşayan ruslar belə rus qoşunlarına qarşı mübarizə aparırlar. Xarkov şəhərinin əhalisinin böyük hissəsi ruslardan ibarətdir, ancaq onlar Rusiyaya qarşı döyüşürlər. Rus ordusunu Ukraynada ruslar belə istəmirlər.

Rusiyanin müdafiə naziri Sergey Şoyqunun 12 gündür informasiya məkanından yoxa çıxması, ruslar əleyhinə vəziyyətin çox ciddi olduğundan xəbər verir.

Müharibənin başlanğıcına Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının “strateqlər”inin yanlış əməliyyat planlarının bədəlini indi taktiki səviyyədə döyüşən ac və sursatsız rus əsgəri öz qanı ilə ödəyir…

Əməliyyatlar teatrındakı bu durumu, rusların “yalançı strateqləri”nin nə vaxta qədər davam etdirməyə qərarlı olduğunu önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

1122
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv