!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 29-cu GÜNÜ: Əsl “gərginlik” bundan sonra başlayacaq - TƏHLİL

!Reklam – Yazi

İyirmi doqquz gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tanklar – 520 ədəd, PDM və ZTR-lər – 1 500 ədəd, artilleriya sistemləri – 230 ədəd, hava hücumundan müdafiə sistemləri – 80 ədəd, təyyarələr – 102 ədəd, helikopterlər – 125 ədəd, avtomobil texnikası – 1 260 ədəd, PUA-lar – 12 ədəd, hərbi obyekt – 220 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 310 ədəd, zenit-raket kompleksləri – 215 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tanklar – 890 ədəd, ZTR-lər880 ədəd, artilleriya sistemləri – 480 ədəd, hava hücumundan müdafiə sistemləri – 105 ədəd, təyyarələr – 66 ədəd, helikopterlər – 25 ədəd, avtomobil texnikası – 1 530 ədəd, PUA-lar – 125 ədəd, hərbi obyekt – 3 520 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 135 ədəd, zenit-raket kompleksləri – 135 ədəd.

Ukrayna-Rusiya müharibəsinin iyirmi doqquzuncu gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyevin sözlərinə görə, 29-cu gündə Ukrayan Silahlı Qüvvələri (SQ) şimal-şərq, şərq, cənub-şərq istiqamətlərində müdafiə əməliyyatlarını davam etdirməklə yanaşı, qismən əks-hücum əməliyyatları da keçirdilər:

“Ukrayna ordusunun tabor taktiki qrupları, xüsusi əməliyyat qrupları ilə birlikdə şimalda Kiyev, Çerniqov, şərqdə Xarkov, Sumı, İzyum, cənubda Voznesenski, Xerson, Nikolayev istiqamətində tələsik müdafiəyə keçmək istəyən ruslara maksimum itki verməyə, eyni zamanda, bəzi istiqamətlərdə əks-hücum əməliyyatları keçirməyə də cəhd etdilər.

Günün əsas sensasiyası Berdyansk limanında Rusiyanın “Orsk” desant gəmisinin məhv edilməsi oldu. Məhv edilən “Orsk” desant gəmisi Krımın ilhaqında başlıca rol oynayan gəmilərdən biri idi. Gəmi eyni vaxtda 20 tank, 45 zirehli transportyor və 400 nəfər desant daşıya bilirdi. Berdyansk limanı ələ keçirildikdən sonra ukraynalıların Azov dənizinə çıxışı praktiki sıfırlanmışdı. Bu səbəbdən Azov dənizində Qara dəniz donanması öz aktivliyini artırmışdı. Bu mühüm hərbi təyinatlı desant gəmisinin məhv edilməsi ruslara ciddi itki idi. Bu, Ukraynanın dənizə çıxışı olmasa belə, sahilə yaxınlaşan rus hərbi desant gəmilərini rahatlıqla hədəfə çevirə biləcəklərinə işarə idi.

Gün ərzində Ukrayna ordusu Rusiyanın 7 hərbi təyyarəsini, 1 helikopterini, 1 pilotsuz uçuş aparatını, 2 qanadlı raketini məhv etdi.

Ruslar isə hələ də heç bir istiqamətdə uğur qazana bilmir. Son sutkada ruslar 250-dən çox təyyarə uçuşu həyata keçirdi. Qırıcı və bombardmançı təyyarələr və qanadlı raketlərlə havadan zərbələr endirməyə davam etdilər. Onların əsas hədəfləri Kiyev, Mariupol, Çerniqov və Xarkov vilayətlərindəki hərbi və mülki obyektlər oldu. 29 gün ərzində, müxtəlif mənbələrə görə, ruslar Ukrayna ilə müharibədə 30-40 minə yaxın əsgər itirib. Bura həlak olanlar, yaralananlar, itkin düşənlər və əsirlər daxildir. Düzdür, bu məlumatları ruslar nə təsdiq, nə də təkzib edirlər, amma hücum qruplaşmalarındakı döyüşçü çatışmazlığı əməliyyatların uğursuzluğunda özünü qabarıq göstərir.

Rusiyadan kütləvi hərbi itaətsizliklə bağlı ilk maraqlı məlumat gəldi. Belə ki, Rosqvardiya rəhbərliyinin tələbinə baxmayaraq, yerli “OMON” alayının polisləri Ukrayna ərazisinə aparılmaqlarına etiraz edərək toplanış məntəqəsinə getməkdən kütləvi şəkildə imtina ediblər. Onlar müqavilədə xidmət yerinin Rusiya olduğunu əsas gətiriblər. İnformasiya təsdiqini taparsa, bu “nümunə”nin önümüzdəki günlərdə “bulaşdırıcı” olacağını müşahidə edəcəyik. Ümumilikdə isə Rusiya Baş Qərargahının starateji planının Ukrayna ərazisində iflasa uğradığını görürük. Rusiya siayasi rəhbərliyi isə hər şeyin “plana uyğun getdiyini” deyir.

Həqiqətən də, 29 gün ərzində yerinə yetirilən cüzi tapşırıqlar qarşılığında bu itkilərin ilkin strateji planda nəzərdə tutulduğuna heç cürə inanmağım gəlmir. İtkilər strateji və operativ hədəflər ələ keçirildiyində müzakirə mövzusu olmur. Yəni qaliblər mühakimə olunmurlar. Bəs ruslar adına əməliyyatlar teatrında nə görürük? Doğrudanmı, rusların, aşağı-yuxarı, ələ keçirilmiş 10 faiz Ukrayna ərazisi qarşılığında bütün qruplaşmasının 40 faizini, yəni 30-40 minə yaxın hərbçi itkisi, 100 döyüş təyyarəsi (100 pilot), 125 döyüş helikopteri (125 pilot), yollarda , şəhərlərdə və meşələrdə metal yığıntısına çevrilən sayı-hesabı bilinməyən zirehli texnika və avtomobil texnikası, məhv edilən desant gəmiləri, sayı bilinməyən raket-artilleriya sistemləri əməliyyatın planlanma mərhələsində qüvvələr nisbəti hesablanarkən nəzərdə tutulan itkilər kateqoriyasına aiddir?

İki hərbi akademiya təhsili olan biri olaraq bunun ”ağ yalan”dan başqa bir şey olmadığını düşünürəm. Yəni rus “strateqlər”i özlərini bilə-bilə öz yalanlarına inandırmağa davam edirlər. Sonda hər gün artan əsassız itkilər müqabilində “nəticəni” necə əsaslandıracaqlarını tezliklə görmək istərdim…

Eyni zamanda, NATO-ya üzv olan dövlətlərin başçılarının Brüsseldə toplantısının keçirilməsi və Kiyev rəhbərliyinin toplantıda iştirak edən dövlət başçılarına müraciət etməsi 29-cu günə öz damğasını vurdu. NATO toplantısından sonra Rusiyaya qarşı ciddi hərbi qərarların veriləcəyinin, həm də Ukraynaya hərbi yardımların həcminin artaraq davam etdirilməsinin əsas prioritetlər olacağını düşünürəm.

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda NATO rəhbərliyi alyansın şərq sərhədlərini gücləndirmək barədə qərar qəbul etdi. Əslində, bu, Rusiyanın “qırmızı xəttlər”inin heçə sayılması anlamına gəlir. Demək ki, əsl “gərginlik” bundan sonra başlayacaq…”.

Səxavət Məmməd

www.yenicag.az

973
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv