!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 49-cu GÜNÜ: Siyasi-hərbi güc nisbəti Kiyevin lehinə dəyişir - TƏHLİL

!Reklam – Yazi

49 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2 650 ədəd, avtomobil texnikası – 1 445 ədəd, səhra artilleriyası və minaatanları – 355 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 115 ədəd, zenit-raket kompleksləri – 255 ədəd, təyyarələr – 150 ədəd, helikopterlər – 145 ədəd, PUA-lar – 455 ədəd, gəmi-kater – 8 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2 205 ədəd, avtomobil texnikası – 1 685 ədəd, səhra artilleriyası və minaatanlar – 855 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 118 ədəd, zenit-raket kompleksləri – 165 ədəd, təyyarələr – 75 ədəd, helikopterlər – 35 ədəd, PUA-lar – 140 ədəd.

Ukrayna-Rusiya müharibəsinin qırx doqquzuncu gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 49-cu gün döyüşlər, əsasən, Xarkov, Xerson, Nikolayev, Donbas, Donetsk, Luqansk, Mariupol ərazilərində gedib:

“Gün ərzində əməliyyatlar teatrında tərəflərin operativ və taktiki vəziyyətində ciddi bir dəyişiklik baş vermədi. Rusiyanın daha bir Su-25 qırıcısı, 3 PUA-sı məhv edildi.

Ukraynanın 36-cı dəniz piayadaları briqadası “Azov” alayının döyüşçülərinə köməyə gəldi. Onlar imkansızı bacarmış oldular. Rus qoşunlarının mühasirəsini yararaq Mariupol ərazisinə keçmələri şəhərin müdafiəsində son döyüşlərini verən “Azov” alayının döyüşçüləri üçün “yeni nəfəs” oldu. Şəhərin müdafiəçiləri indi birləşərək müdafiə zonasını ciddi şəkildə gücləndirdilər. Bundan ruhlanan şəhər müdafiəçiləri qəfil əks-hücuma keçərək şəhər ətrafındakı mühasirə postlarına qarşı iki istiqamətdən hücum əməliyyatları keçirdi. Köməyə gələn “Dəniz pişikləri”nin sayının Mariupolun müdafiəsi üçün nə qədər yetərli olacağını önümüzdəki günlərdə görəcəyik.

Çerniqov vilayətinin Nejinski rayonu Xvelevka, Talalayevka kəndləri ərazisində Rusiya ordusunun hərbi karvanı pusquya salınaraq şəxsi heyət məhv edildi, ruslara məxsus çoxlu sayda texnikalar Ukrayna ordusu tərəfindən qənimət götürüldü.

Rusiya qoşunları gün ərzində Xarkov aeroportu ilə yanaşı, ətraf yaşayış məntəqələrinə artilleriya, raket zərbələri endirməyə davam etdi. Donetsk, Luqansk istiqamətində şiddətli döyüşlər başladı. Ukrayna ordusu Zaporojets istiqamətində artilleriya dəstəyi və ağır texnikaların müşayiəti ilə Rusiya qoşunlarına qarşı əks-hücumlara başladı. Donetsk və Zaporojye vilayətlərində rus qoşunları artıq hücum əməliyyatlarına hazırlıqlarını bitirdilər və hücuma hazır vəziyyətdədirlər.

Melitopolda gecə vaxtı rus hərbçilərini məhv edən Ukrayna Vətənpərvər Müqavimət Hərəkatı fəaliyyətini ciddi davam etdirir. Son bir həftə ərzində Melitopolda kadırovçuların da daxil olduğu 70 rus hərbçisi məhv edilib. Rus qoşunları artıq heç bir yerdə öz təhlükəsizliklərini təmin edə bilmir. Rusların Ukrayna fədailərinin partizan hərəkatına hazır olmadıqları açıq-aşkar görünür.

49-cu gün müharibənin tarixində xüsusi əməliyyatların Rusiya ərazisinə keçməsi ilə yadda qalacaq. Belə ki, bu gün Ukrayna partizanları Rusiyanın Belqorad şəhrindən Donbas istiqamətinə uzanan Rusiyanın dəmiryol xətlərini partlatdı və əsas dəmiryol təminat arteriyasını kəsdilər. Ukraynalı partizanlar dəmiryol xətlərini partladaraq hərbi texnikanın Donbas vilayətinə daşınmasının qarşısını müvəqqəti də olsa, aldı. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı bu kimi əməliyyatlar davam edərsə, Ukraynanı Kiyevi vuracaqları ilə hədələdi. Görünən odur ki, ruslar müharibənin öz ərazilərinə keçəcəyindən çox narahatdır. Əslində, biz bunun belə olacağının anonsunu əvvəlki analizlərimizdə vermişdik.

Düşünürəm ki, müharibənin Rusiyanın daxilinə keçməsində Azad Rusiya Ordusunun da böyük dəstəyi olacaq. Kremlin informasiya maşının təsiri altında olan ruslar öz daxillərində müharibəni hiss etdikdən sonra artıq Rusiyanın başı təkcə xarici qüvvələrə yox, həm də daxilə yönələcək. Hazırkı ağır vəziyyətdə iki istiqamətə yönəlmə son dərəcə ciddi nəticələr verə bilər.

Müharibənin dayanması üçün ən uyğun variant da elə budur. Ruslar müharibənin dayandırılmasına qərar vermək üçün savaşı öz ərazilərində hiss etməlidirlər.

İzyumda Ukrayna Silahlı Qüvvələri Rusiyanın 4-cü tank ordusunun Kantemirov diviziyasının tank bölüyünü pusquya saldılar. Əməliyyatın nəticəsində rusların 4 ədəd tankı sıradan çıxarıldı, 2 ədəd T-80 tankı qənimət götürüldü.

49-cu gün siyasətdə də maraqlı hadisələr baş verdi. Bu gün ABŞ Prezidenti Rusiyanın Ukrayna şəhərlərini dağıtmasını, mülki insanların kütləvi şəkildə öldürülməsini, zorlanmasını ilk dəfə soyqırımı adlandırdı. Rusiya rəhbərliyinin Ukraynaya təcavüzdə iştirak edən digər şəxslərinin hərbi cinayətlərə görə beynəlxalq məhkəmədə mütləq ittiham ediləcəyini qeyd etdi. Bu artıq hibrid müharibənin başlanmasının səs-sorağıdır.

Bu gün Rusiya və Belarus prezidentləri “Vostoçniy” kosmodromunda görüşdülər. Kreml rəhbərliyi bildirdi ki, Rusiya ordusunun HHQ-ləri Ukraynada cəsarətli, məntiqli, effektiv və nəticəyə hesablanmış fəaliyyət göstərir. Eyni zamanda, Ukraynadakı əməliyyatın məqsədi yerinə yetirilənə qədər müharibəni davam etdirəcəklərini bir daha vurğuladı.

Strateji səviyyədə Kreml müharibəni artıq uduzsa da, siyasi və hərbi rəhbərlik bunu görməzdən gəlməkdə davam edir. Siyasi və hərbi ambisiya və bəyanatlarını əməliyyatlar teatrında real dəstəkləyəcək qüvvələri yoxdur. Deməzdim ki, onlar bundan xəbərsizdirlər. Lakin düşdükləri vəziyyətdən çıxış variantlarının olmadığı da aşkar görünür.

Bir də bura bu gün ruspərəst kollabarant Viktor Medvedçukun xüsusi əməliyyat nəticəsində həbs edildiyini əlavə etsək, rəsm tam tamamlanmış olar. O, eyni zamanda, Rusiyanın Ukraynadakı “5-ci kalon”unun başçısı sayılırdı. Görünən odur ki, Rusiya bütün müstəvilərdə kəskin zərbələr almaqda davam edir. Şimali Atlantika Alyansına daxil olan ölkələr Ukraynaya hərbi yardımlarını artırmaqda davam edir. Siyasi-hərbi güc nisbəti hər keçən gün Ukraynanın lehinə dəyişir. Bu da Ukrayna qoşunlarının əməliyyatlar teatrında yeni əməliyyatlar həyata keçirəcəyinə birbaşa zəmin yaratmış olacaq. Rusların Ukraynanın artan gücünə qarşı nə ilə cavab verəcəyini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

683
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv