!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 51-ci GÜNÜ: Kreml rəhbərliyi sona qədər batmağı göz önünə alıb - TƏHLİL

!Reklam – Yazi

51 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank,PDM və ZTR-lər – 2 722 ədəd, avtomobil texnikası – 1 445 ədəd, səhra artilleriyası və minaatanları – 368 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 122 ədəd, zenit-raket kompleksləri – 256 ədəd, təyyarələr – 156 ədəd, helikopterlər – 145 ədəd, gəmi- kater – 8 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2208 ədəd, avtomobil texnikası – 1 700 ədəd, səhra artilleriyası və minaatanlar – 900 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 135 ədəd, zenit-raket kompleksləri – 175 ədəd, təyyarələr – 81 ədəd, helikopterlər – 43 ədəd.

Ukrayna-Rusiya müharibəsinin əlli birinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyevin sözlərinə görə, 51-ci gün döyüşlər, əsasən, Xarkov, Berdyanka, Severodonetsk, Volnovaxi, Xerson, Donbas, Donetsk, Luqansk, Mariupol, Nikolayev ərazilərində getdi:

“Gün ərzində əməliyyatlar teatrında tərəflərin operativ vəziyyətində ciddi bir dəyişiklik baş vermədi. Tərəflər, əsasən, mövqe döyüşləri apardılar. Taktiki səviyyədə tərəflərin nisbi üstünlükləri baş verdi. Ukrayna qoşunlarının üstün zərbələrinə tab gətirməyən Rusiya bölmələri Zaporojetsdəki bəzi mövqelərindən geri çəkildi. Ukrayna qoşunları cənub istiqamətində bir neçə yaşayış məntəqəsi azad etdi. Xerson vilayətində, Mariupolda ağır döyüşlər getdi. Rusların 60-a yaxın hərbçisi və bir neçə texnikaları Ukrayna ordusu tərəfindən məhv edildi. Rusiya Silahlı Qüvələri Ukraynanın yaşayış yerlərindəki infrastrukturlara raket-bomba zərbələri endirməkdə davam etdi. Nikolayev yaşayış məntəqəsi rusların reaktiv yaylım atəşlərinə məruz qaldı. Yujnobuq istiqamətində Rusiya Silahlı Qüvvələrinin bölmələrinin mövqelərini qorumaq üçün əlavə istehkam texnikası, ehtiyat silah və hərbi texnika, sursat, yanacaq-sürtkü materialları gətirilir. Donetsk və Tavriya istiqamətində ruslar Popasna və Rubijne yaşayış məntəqələrini ələ keçirməyə cəhd göstərdi. Üstün müqavimətlə rastlaşdılar və cəhdləri uğursuz oldu. Ukrayna Silahlı Qüvələri son sutakada Donetsk və Luqansk vilayətlərində rusların 8 hücum cəhdini dəf etdi. Rusiya qoşunlarının 4 tankı, 6 zirehli nəqliyyatı, 4 piyadaların döyüş maşını, bir artilleriya sistemi məhv edildi. Əməliyyat teatrında aparılan döyüşlərdən belə nəticəyə gəlmək olur ki, rusların ən yaxın hədəfi Donbasdakı bütün canlı qüvvəni və mülki əhalini məhv edərək bölgəni insansız hala gətirib nəzarətə götürməkdir. Bu səbəblə Donbasın şəhər və kəndlərinin çox hissəsi dağıdılır. Luqansk və Donetsk əraziləri eyni aqibəti yaşayır.

Rusiya qoşunları bu gün Xerson vilayətinin Oleşki şəhərini nəzarətə götürə bildi. “Qəssab” ləqəbli yeni komandanın göstərişlərinin sahədə yavaş-yavaş öz əksini tapdığını müşahidə edirik. Bunun nə qədər uğurla davam edəcəyini önümüzdəki günlərdə görəcəyik.

Bu gün siyasətdə də maraqlı hadisələr baş verdi. Rusiya Prezidenti bu gün Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirdi. Belə müşavirələrin çox gizli rejimdə dörd sıfır məxfilik qrifi altında keçirilməsini bildiyimizdən müşavirənin Qara dəniz donanmasının “Moskva” kreyser gəmisinin batması da daxil, bir sıra uğursuzluqların hesabı soruşulan bir müşavirə olduğunu təxmin edirəm…

Kreml rəhbərliyi Rusiya Silahlı Qüvvələrinin Ukraynada həyata keçirdiyi “xüsusi əməliyyat”ın gedişindən razı qalmadığını hiss etdirdi. O qeyd etdi ki, “xüsusi əməliyyat” nəzərdə tutulan vaxtda maksimum nəticələr verməsə də, onların müəyyən müsbət nəticələri var və bu davam etdiriləcək. O, həmçinin vurğuladı ki, bu cür davam edərsə, daha radikal addımlar atacaq, sərt tədbirlər görməli olacaq. Çox maraqlıdır, indiyə qədər atdıqları sərt addımlar nə ilə nəticələndi ki, bundan sonara atılan addımlar da kimisə çəkindirmiş olsun. Buradan çıxan analiz ondan ibarətdir ki, Kreml rəhbərliyi sona qədər batmağı göz önünə alıb. Rusiya ABŞ-dən tələb edir ki, ya Ukraynaya silah tədarükünü dayandırsın, ya da “gözlənilməz nəticələrə hazır olsun”. Rusların bu kimi bəyanatlarının nə ilə əsaslanacağı da sual altındadır. Sanki Ukrayna ilə baş etdilər, qaldı digərlərinə ultimatum vermək.

Müharibənin 51 günü arxada qalıb, ruslar hələ Ukraynanı və ona dəstək verən ölkələri müharibə elan edəcəyi ilə hədələyir. Xüsusi əməliyyat adı altında nüvə, atom və bir neçə strateji raketlər xaric, istifadə edilməyən silah, texnika qalmayıb. Bunun adı müharibə deyil, nədi? Rusiya Ukraynaya müharibə elan etsə, nə dəyişəcək? Düşünürəm ki, burada heç bir dəyişiklik olmayacaq. Əslində, Qərb də Rusiyanı bilərəkdən daha çox sıxır ki, test etmiş olsunlar, görək, Rusiya hansı həddə gəlsə, atom və nüvə silahlarına əl ata bilər. Görünən odur ki, Rusiya hələ də ehtiyat edir. Bunun nəticələrinin çox ağır olacağını bilir.

Bu gün CNN-ə müsahibəsində Ukrayna Prezidenti bütün dünya liderlərini Rusiyanın kütləvi qırğın silahlarından, xüsusən də taktiki nüvə silahlarından istifadə etməsinə hazır olmaları barədə xəbərdar etdi. Düşünürəm ki, bu xəbərdarlıq ən yüksək siyasi kuluarlarda taktiki nüvə silahının istifadə oluna biləcəyinə dair ilk ciddi məqamdır. Demək ki, Ukrayna Prezidenti bu qənaətə gəlməsi üçün ciddi kəşfiyyat məlumatlarına malikdir. Müharibənin gedişatını dəyişəcək yeganə silah ilk başda taktiki nüvə silahının istifadəsi ola bilərdi. Mən də öz təhlilərimdə bu fors-major halın baş verəcəyini istisna etmirdim. Amma bu baş verəcəkdisə, ilk başda olmalı idi. Çünki taktiki nüvə raketləri əsas etibarı ilə çəkindirmə silahı sayılır. İki variantda tətbiqi məqsədəuyğundur. Birinci variantda qarşı tərəfin müharibəyə başlaması üçün tətbiq edilir, ikinci variantda isə müharibəni bitirmək üçün. Birinci variant artıq gecdir, ikinci variant üçün ciddi əsaslandırılmış səbəblər lazımdır. Düşünürəm ki, Şimali Atlantika Alyansının birləşmiş qərargahı Rusiya “strateq”lərinə bu fikri ağıllarına gətirməmələri barədə ciddi xəbərdarlıq edib. Yəni ruslar tərəfindən taktiki nüvə silahının istifadə olunacağı təqdirdə Rusiyaya bu yöndə kifayət qədər adekvat cavab veriləcəkdir. Bu qədər sadə və dəqiq. Bu səbəbdən düşünürəm ki, Kreml rəhbərliyinin boğazdan yuxarı bəyanatları blefdən başqa bir şey deyildir. Son zamanlar Rusiya siyasi və hərbi rəhbərliyini ən çox rahatsız edən Qərbin Ukraynaya hər gün artan iqtisadi və hərbi dəstəyidir.

51 gün ərzində Ukrayna, ən azı, 86 dövlət və 15 beynəlxalq təşkilatın daxil olduğu beynəlxalq antimüharibə koalisiyasını yarada bilib. 19 ölkə Ukraynaya silah verir, 10 ölkə makromaliyyə yardımı göstərir, 22 ölkə humanitar yardım göstərir, artıq 16 ölkədən Ukraynaya könüllülər gəlir, onların ümumi sayı üç min nəfəri keçib və mühacirlər gəlməkdə davam edir. Bu günə qədər Qərb Ukraynaya təxminən 5-7 milyard dollar həcmində hərbi yardım edib. Ortalama hesablamalara görə, 51 gün ərzində Qərb Ukraynaya 20 ədəd T-72 tankı, 11 ədəd helikopter, 200 ədəd zirehli transpartyor, 300 ədəd “Swiçblade” PUA-ları, 500 ədəd “Javelin” TƏİR-i, 300 ədəd “Stinger” ZRK-sı,300 ədəd “NLOW” TƏİR-i, 10 ədəd artilleriya batareyalarına qarşı RLS-i, 2 ədəd havadan müşahidə RLS-i göndərib. “Bayraktar TB-2″ PUA-ları hələ müharibə başlamamışdan öncə silahlanmaya daxil edilirdi.

Əslində, Ukrayna siyasi-hərbi rəhbərliyinin də hər zaman Qərbdən istədiyi silahlı qüvvələrinin ağır silahlarla təmin olunması idi. Ukraynalılar qismən hava məkanını qapada bilsələr də, hələ də raket hücumlarına qarşı çox həssasdırlar. Ukrayna ordusunun ağıllı silahların silahlanmaya daxil edilməsi ilə artan güc nisbəti qarşısında rusların gördükləri tədbirlər çox effektsiz qalır. Raket-artilleriya silahlarının qeyri-dəqiqliyi tapşırıqların vaxtlı-vaxtında yerinə yetirilməsini təmin edə bilmir. Ruslar çıxılmaz vəziyyətə düşüblər. Bu səbəbdən artıq taktiki nüvə silahı barədə ipucları verməyə başlayıblar.

Önümüzdəki günlərdə əsas döyüşlər yenə də Mariupol, Donbas, Xarkov uğrunda gedəcək. Ruslara cənub-şərq istiqamətində qısa vədəli də olsa, uğur lazımdır. Buna nə qədər nail ola bilcəklərini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

989
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv