!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 52-ci GÜNÜ: Qalibiyyətlə məğlubiyyətin MÜHARİBƏSİndə “maksimum” gözlənti... - TƏHLİL

!Reklam – Yazi

52 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2725 ədəd, avtomobil texnikası – 1450 ədəd, səhra artilleriyası və minaatanları – 370 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 123 ədəd, zenit-raket kompleksləri – 257 ədəd, təyyarələr – 159 ədəd, helikopterlər – 147 ədəd, gəmi-kater- 8 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2210 ədəd, avtomobil texnikası – 1705 ədəd, səhra artilleriyası və minaatanlar – 903 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 137 ədəd, zenit-raket kompleksləri – 176 ədəd, təyyarələr – 82 ədəd, helikopterlər – 47 ədəd.

Ukrayna-Rusiya müharibəsinin əlli ikinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 52-ci gün döyüşlər əsasən Xarkov, Severodoneçk, Volnovaxi, Xerson, Berdyanka, Donbas, Donetsk, Luqans, Mariupol, Nikolayev ərazilərində gedib:

“Gün ərzində əməliyyatlar teatrında tərəflərin operativ və taktiki vəziyyətində ciddi bir dəyişiklik baş vermədi. Tərəflər əsasən mövqe döyüşləri apardılar.

Ruslar havadan buraxılan yüksək dəqiqlikli uzaqmənzilli raketlərlə Kiyevdəki zirehli zavodu və Nikolayevdəki hərbi texnika təmiri sexinin istehsalat binalarını məhv etdi.

Ruslar Barvinkova, Kramatorsk, Slavyanka istiqamətlərində hücumu davam etdirməyə cəhd etdilər. Cəhdləri uğursuz alındı. Mariupolda Ukraynanın Azov alayının və Dəniz piadalarının bölmələri ölüm qalım döyüşünü davam etdirdilər. Burada tərəflər 50-100 metr bir-birinə yaxınlaşaraq döyüşürlər. Azovstal zavodunun ərazisi əsas döyüşlərin getdiyi yer oldu. Mariupolun müdafiəsində Ukraynanın hərbi dəniz qüvvələrinin piyadaları, Azov alayının xüsusi təyinatlıları, Quru qoşunlarının xüsusi təyinatlıları və könüllülər legionu iştirak edir. Ukrayna ordusu dəniz istiqamətindən şəhəri mühasirədə saxlayan rus qoşunlarına raket artilleriya zərbələri endirir. Mariupol limanında əvvəlcədən lövbər salmış hərbi desant gəmilərindən savayı sahilə heç bir rus gəmisinin yaxınlaşmaması diqqət çəkir.

Bu istiqamətdə verdikləri itkilərdən dolayı rus qoşunlarının nisbətən zəiflədiyi hiss olunur.

Bu gün Ukrayna Prezidenti Mariupol müdafiəçiləri ilə bağlı maraqlı açıqlama verdi. O dedi ki, Mariupol müdafiəçiləri ruslar tərəfindən məhv edilsə Ukrayna tərəfi danışıqlardan birdəfəlik çıxacaq. Bu çox ciddi bir bəyanat sayılmalıdır. Bu baş versə, artıq danışıqlarsız müharibəni görəcəyik. Bu isə ən arzuolunmaz ssenaridir. Eyni zamanda Ukrayna prezidenti müharibə başlayandan bəri 2500-3000 arasında ukraynalı hərbçinin həlak olduğunu, 10 min nəfər hərbçinin yaralandığını bildirdi. Mülki əhalinin itkilərinin bundan dəfələrlə artıq olduğu ehtimal olunur.

Tərəflər müharibənin gedişində nadir hallarda itkiləri barədə məlumat verirlər.

Görünür, Ukrayna tərəfi məlumatların şəffaflığında daha maraqlıdır, nəinki, Rusiya. Belə ki, mart ayında Rusiya Müdafiə Nazirliyi Ukraynada 1500-dən çox hərbçisinin həlak olduğunu etiraf etmişdi. Ukrayna tərəfi isə Rusiya ordusunun itkilərinin 20 min nəfərə yaxın olduğunu deyir. Ruslar deyir ki, Ukraynanın hərbi əməliyyatlarda itkiləri 23367 hərbçidir. Rəqəmlərin belə fərqli olması Ukrayna-Rusiya informasiya müharibəsinin nəticəsidir. Hər bir halda nəticədə ən çətin məsələ canlı qüvvənin itkisini gizlətmək olur. Çünki müharibədə insanın ya dirisi, ya da cəsədi ortada olmalıdır ki, ailəsinə təhvil verilə bilsin. Bu baş vemədikcə dövlət üzərində bu yükün qalması hər zaman davam edəcəkdir. Bu səbəbdən düşünürəm ki, itkilərin gizlədilməsi müvəqqəti məsələdir. Amma itkilərin sayının hər iki tərəfin döyüş qabiliyyətinə ciddi təsir göstərdiyi ortadadır.
Əməliyyatlar teatrındakı canlı qüvvə itkisinin yerini siyasi bəyanatlarla doldurmaq olmur. Döyüşən bölmələri əvəz etməyə, itkilərin yerini komplektləşdirməyə əlavə canlı qüvvə olmalıdır. Hər iki tərəfin də əlavə qüvvələrinin olmadığı açıq hiss olunur. Müharibə bu səbəbdən passiv fazaya doğru irəliləyir.

Bu yerdə 44 günlük Vətən müharibəsini xatırlamağa dəyər. Həmin müharibə zamanı belə Ermənistan tərəfi Azərbaycanın itkilərinin bəzi hallarda 5 mindən çox olduğunu iddia edirdi. Təbii ki, bu iddia olaraq qaldı. Çünki Azərbaycan ordusu çağırışçılardan qurulub. Bir nəfərin belə cəsədini gizlətmək mümkün deyildi. Ona görə də müharibədən sonra dəqiq say açıqlandı və həmin rəqəmə bir yerdən belə irad bildirilmədi. Çünki hər şey rəsmidir. Bundan əlavə tərəflər itkilərini gizlədə də bilərlər. Müharibədən qısa zaman sonra təbii ki, yalan olacaqsa, mütləq üzə çıxacaq. Müasir dövrdür, ən azı internet üzərindən kimlərsə yaxınını axtaracaq və onda hansı tərəfin sayda doğru və yalan danışdığını görəcəyik.

52-ci gündə də şərq cəbhəsində rusların gözlənilən hücumu baş vermədi. Ukraynalılar hər gün bu hücumu gözləyirlər. Ruslar isə bilinməyən səbəbdən vaxtı uzadırlar. Bildiyimiz kimi burada ruslar 40-a yaxın döyüş qabiliyyətli son tabor taktiki qruplarını cəmləşdirilib.

Artıq müharibənin 52-ci günü olmasına baxmayaraq, hələ də ruslar siyasi məqsədə nail olmayıb, heç bir strateji və operativ hərbi hədəf nəzarətə götürülməyib. Artıq Rusiya siyasi kuluarlarında heç bir “denazifikasiya” və “demilitarizasiya”dan söhbət getmir. Əksinə, belə getsə, Rusiya özü “demilitarizasiya”ya məruz qalacaq. Bu səbəbdən artıq Kreml rəhbərliyi günahkarların təyun olunması mərhələsinə qədəm qoydu. Hərbi əməliyyatların uğursuzluqlarına görə günahkarları müəyyən etmək çox asandır. Onların siyahısı bəllidir. Müdafiə naziri, Baş Qəragah rəisi, Hərbi Dairə komandanları, Hərbi Dəniz Qüvvələri komandanı, Ordu komandanları, Qoşun növü və Xidmət rəisləri, Diviziya komandirləri və sair. Çox məxfi kəşfiyyat məlumatlarına görə əməliyyatın ilkin planı fərqli imiş. Belə ki, Baş Qərargah əməliyyatın ilkin mərhləsində raket, artilleriya qoşunlarının kütləvi atəşləri ilə başlanmasını təklif edib. Ən azından müharibənin birinci üç günü belə davam etməli idi. Lakin Kreml rəhbərliyi quru qoşunlarının müdaxiləsini tezləşdirilməsini tələb edib. Bu səbəbdən Baş Qəragah rəisi mövqeyini qoruya bilir. O, əsaslandırır ki, mən planladığım kimi olsaydı nəticə belə olmazdı. Kreml də razılaşmağa məcburdur. Daxili araşdırma ilə siyasi uğursuzlığun səbəbkarlarını müəyyən etmək mümkün olacaq. Axı Rusiyanın Ukraynadakı beşinci kalonu üçün millionlar xərclənmişdi. Əhali rus ordusunu əməliyyatların ikinci günündə gül-çiçəklə qarşılamalı idi. Buna ən yüksək səviyyədə zəmanət də verilmişdi.

Bəs nə oldu beşinci kalon? Beşinci kalon yoxdursa, miliyonlar hara gedib? Kremldə bu suallara cavab tapmaq vaxtıdır. Federal təhlükəsizlik xidmətinin beşinci idarəsinin rəisi general-leytenant Sergey Beseda bu pulları təkmi mənimsəmişdi?

İndi o, Lefertovada bu suallara cavab verir. Bu idarənin vəzifələrindən qovulmuş yüz əlliyə yaxın əməkdaşı da bu sualların cavablarına şərik olmalıdırlar. Onların əllərindəki siyahılarda göstərilirdi ki, Ukrayna siyasətçilərinin 80 faizi bu pullar müqabilində beşinci kalona “üzv” yazılıblar. Amma əməliyyatlar teatrında nəticə onu göstərmədi.

Əksinə beşinci kalon sayıla biləcək kontingent belə Ukrayna prezidentini tam dəstəklədi.

Yalançı məruzələr kimə lazım imiş?..

Qalibiyyətin “qohumları” çox olur, məğlubiyyət isə “yetimdir”.

Rusiya indi bu fazanı yaşayır. Müharibənin sonu o zaman gələcək ki, tərəflərin birinin gücü bitmiş olacaq. Bunun baş verməsi isə yaxın zamanda mümkün görsənmir. Bu mümkün görsənmirsə, biz “sürünən” müharibənin şahidi olacağıq. Gah Rusiya, gah da Ukrayna taktiki səviyyədə lokal uğurlar qazanacaq. Belə əməliyyatların fonunda, əsas gözlə görünməyən müharibə iqtisadiyyatda özünü göstərəcək. İtkilər hər iki tərəfi bataqlığa sürükləyəcək. Bunun nəticəsinə yaxın və uzun vadədə Ukrayna qatlaşa biləcək. Beynəlxalq koalisiya bunda onlara kömək olacaq. Rusiya haqqında fikirlərim bu yöndə pessimistdir. Ölkə iqtisadiyyatı ən yaxşı halda 90-cı illərin səviyyəsinə qayıtmış olacaq.

Bəs az qala canı bahasına müharibəni dəstəkləmək istəyən əhali 90-cı illərə qayıtmağa razı olacaqmı?

Düşünmürəm ki, onlar bunu çoxda arzulamış olsunlar. Hər bir halda əsas müharibə iqtisadiyyatların müharibəsi olacaq. Əməliyyatlar teatrında strateji səviyyədə yenilmiş olan Rusiyaya bu cəbhədə gedəcək müharibə heç bir uğur vəd etmir.

Önümüzdəki günlərdə də Ukrayna qoşunları şərq cəbhəsində rusların son həmləsini gözləyəcək. Əsas döyüşlər Donbas, Mariupol, Nikolyev, Xarkov ərazilərində gedəcək. Ruslar önümüzdəki günlərdə də Kiyev, Xarkov, Mariupol, Nikolayev, Doneçk, Luqansk ərazilərini raket-artilleriya atəşlərinin altında saxlayacaq. Kreml üçün Mariupolun ələ keçirilməsi və onun müdafiəçilərinin əsir alınması böyük əhəmiyyət kəsb edir. Mayın 9-na kimi Rusiya üçün “maksimum” vəzifə  ordusunun bütün Donbas ərazisini ələ keçirməsi sayıla bilər. Bu günlərdə müharibənin sonlanmasına dair heç bir ip uclarının verilmədiyini görməkdəyik. Bu səbəbdən hələ önümüzdəki həftədə də müharibənin aktiv fazasını gözləməliyik…”.

Səxavət Məmməd

www.yenicag.az

707
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv