!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 55-ci GÜNÜ: Kreml rəhbərliyinin psixoloji vəziyyəti gərgindir - TƏHLİL

!Reklam – Yazi

55 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 735 ədəd, avtomobil texnikası – 1 465 ədəd, səhra artilleriyası və minaatanları – 378 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 127 ədəd, zenit-raket kompleksləri – 262 ədəd, təyyarələr – 162 ədəd, helikopterlər – 152 ədəd, gəmi-kater – 8 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 218 ədəd, avtomobil texnikası – 175 ədəd, səhra artilleriyası və minaatanlar – 909 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 143 ədəd, zenit-raket kompleksləri – 180 ədəd, təyyarələr – 85 ədəd, helikopterlər – 50 ədəd.

Ukrayna-Rusiya müharibəsinin əlli beşinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki,

“İkinci mərhələnin birinci günündə ruslar Kremenoye yaşayış məntəqəsini qismən nəzarətə götürdülər. Torskoe yaşayış məntəqəsi ətrafında şiddətli döyüşlər gedir. Mariyevki yaşayış məntəqəsinə hücum dayandırıldı və geri çəkilməyə məcbur oldular. Gün ərzində rusların taktiki səviyyədə uğurları bundan ibarət oldu. Düşünürəm ki, uzun müddət yenidən qruplaşmadan sonra belə nəticə ruslar üçün arzuolunan deyil. Taktiki səviyyədə hücum tempinin belə aşağı olması Ukrayna qoşunlarının üstün müqavimətinin nəticəsidir. Görünən odur ki, keçən bir həftə ərzində ruslar yenidən qruplaşmaya vaxt ayıran zaman Ukrayna qoşunları da müdafiənin möhkəmlənməsinə kifayət qədər yaxşı hazırlaşıblar.

Gün ərzində hücumun dərinliyinin iki kilometrə yaxın olması heç bir taktiki hücum normativinə uyğun gəlmir. Rus komandirlərin bu nəticəni nə ilə əsaslandıracaqları çox maraqlıdır.

İkinci mərhələdə rusların başlatdığı bu hücumalar heç bir nəticə vəd etmir. Uğursuzluqlar ikinci mərhələnin birinci günündən başladı. Gün ərzində Ukrayna qoşunları rusların on bir tankını, iki artilleriya batareyasını məhv etdi.

Rus generalları 55 gün blokadada döyüşən Mariupol müdafiəçilərinin döyüş ruhunu qıra bilmədilər. Mariupol şəhərinin qəhrəmanları nə olursa-olsun, şəhəri müdafiə etməyə davam edirlər. Mariupol ərazisində döyüşən Azov alayının, 36-cı dəniz piyadaları briqadasının əsgərləri və sərhədçilər tarix yazırlar. Mariupol müdafiəçilərinin inanılmaz cəsarəti fonunda Kreml rəhbərliyi bir neçə yüz dinc sakinin gizləndiyi “Azovstal” ərazisinə üç tondan artıq ağır bombalar endirməyə davam edirlər. Hər bir halda, Mariupolun müqəddəratı yaxın günlərdə həll olunacaq. Buna Rusların daha yaxın olduğu görsənir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Mariupolda əməliyyat şəraitini dəyişdirmək üçün ciddi tədbirlər görə bilmir. Bu səbəbdən əsas səylərin Donbas istiqamətinə cəmlənməsinə qərar veriləcək.

Ukrayna Baş Qərargahının məlumatına görə, 55 günülük müharibədə rusların iki general-leytenantı, altı general-mayoru və 16 polkovniki öldürülüb. Düşünürəm ki, bu, qısa müddətdə çox ciddi bir rəqəmdir. Bunlar yeri asanlıqla doldurulacaq rəqəmlər deyil.

55-ci gündə siyasətdə də maraqlı hadisələr yaşandı. BMT-nin Baş katibi aprelin 21-dən Ukraynada 4 günlük atəşkəs elan edilməsinə çağırdı. Artıq 17 diplomatik nümayəndəlik Kiyevdə fəaliyyətini bərpa edib. 55-ci gündə Ukrayna ilə Rusiya arasında 5-ci dəfə əsir mübadiləsi həyata keçirildi. Ukraynanın 76 vətəndaşı əsirlikdən azad olundu. Onlardan 60-ı hərbçi, 16-sı isə mülki şəxslərdir.

Ruslar 55-ci gündə Ukraynanın Rusiya sərhədinin cənubundakı ikinci şəhəri sayılan Xarkovu hələ də ələ keçirə bilməyiblər. Bu onların ələ keçirmək istədiyi əsas operativ hədəflərdən biridir. İzyum şəhərini nəzarətə götürə bilmələri onları buna daha da həvəsləndirəcək. Donbasın böyük bir hissəsini nəzarətə götürmüş sayılırlar. Onlar yavaş-yavaş da olsa, taktiki hədəflərinə doğru irəliləməyə qərarlıdırlar. Bir də bunu onlardan Kreml ciddi tələb edir. Slovyansk və Kramatorsku tutmaq da əsas məqsədlərdəndir. Slovyansk Ukraynanın nəzarətində qalarsa, Rusiyanın hər iki bölgəni ələ keçirmək kampaniyası uğursuz olacaq. Rusların Severodonetsk yaxınlığındakı Rubejnoe şəhərini ələ keçirmələri və Lisiçansk və Popasnaya şəhərlərini yerlə-yeksan etmələri bu planın tərkib hissəsidir. Bu şəhərlər operativ üstünlüyü saxlamaq üçün çox vacibdir, çünki onlara nəzarət Rusiyaya qərbə doğru hərəkət etməyə və İzyumun cənub-şərqinə hərəkət etməyi planlaşdıran Rusiya qüvvələri ilə əlaqə saxlamağa imkan verəcək. Bu bölgələrdə ruslar avtomobil yolu ilə təchizat xətlərinə nəzarət etməli və Ukraynanın qərbdən dəmiryol marşrutlarına çıxışını əngəlləməlidir. Şimalda İzyum, cənubda isə Mariupol və Melitopol istiqamətində bütün dəmir xətləri partladılıb. Dəmiryol Ukrayna qoşunları və ağır silahlar üçün ən təsirli nəqliyyat vasitəsidir və qaçan mülki şəxslər üçün ən sürətli çıxış yoludur. Dəmiryol şəbəkəsinə nəzarət Rusiya qoşunlarının və təchizatlarının hərəkət qabiliyyətini böyük həcmdə artıracaqdır. Bu istiqamətdə rusların məqsədi Luqanskın qərb sərhədlərinə çatmaq üçün onların yolunu kəsən hər şeyi məhv etməkdir.

Önümüzdəki günlərdə rusların hücum planlarında ciddi bir dəyişiklik gözlənilmir. Rusiya qoşunlarının əməliyyat planları Ukrayna ordusunu şərqdə mühasirəyə almağa, şərqdən və cənubdan irəliləməyə çalışmaqdan ibarət olacaq. Ukrayna ordusu isə önümzdəki günlərdə rusların üstün hücumlarını dayandırmağa və əks-hücumlar keçirməyə cəhd edəcək. Görünən odur ki, yenə də çox ləng gedən taktiki əməliyyatlara şahidlik edəcəyik.

Bazar günü rusların “Pasxa” bayramıdır. 9 may da yaxınlaşır. 55-ci gündə əməliyyatlar teatrında operativ vəziyyət təxminən 55 faiz ukraynalıların, 45 faiz rusların lehinədir. Bu sürünən əməliyyatlar fonunda rusların bayram əhval-ruhiyyəsinin necə olacağını təsəvvür etmək çətin deyil. Onlara ciddi hədəfləri ələ keçirməyə ayrılan vaxt daralmış görünür. Əməliyyatlar teatrındakı real vəziyyətlə “strateq”lərin istəyi üst-üstə düşmür. Bu səbəbdən hər keçən gün Kreml rəhbərliyində psixoloji vəziyyətin dibə vurması ilə nəticəni yaxınlaşdırır.

Düşünürəm ki, Ukrayanın qərarlılığı fonunda müharibənin müqəddaratının masada deyil, əməliyyatlar teatrında həll olunacağını gözləməliyik”.

Səxavət Məmməd

www.yenicag.az

695
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv