!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 63-cü GÜNÜ: Müharibə artıq daha təhlükəli mərhələyə qədəm qoyur - TƏHLİL

!Reklam – Yazi

63 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 500 ədəd, avtomobil texnikası – 1 666 ədəd, səhra artilleriyası və minaatanları – 421 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 150 ədəd, zenit-raket kompleksləri – 285 ədəd, təyyarələr – 185 ədəd, helikopterlər – 167 ədəd, PUA – 207 ədəd, gəmi-kater – 8 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 596 ədəd, avtomobil texnikası – 2 400 ədəd, səhra artilleriyası və minaatanlar – 1 134 ədəd, YARS – 200 ədəd, zenit-raket kompleksləri – 270 ədəd, təyyarələr – 102 ədəd, helikopterlər – 70 ədəd, PUA – 400 ədəd.

Ukrayna-Rusiya müharibəsinin altmış üçüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyevin sözlərinə görə, Rusiya ordusu Ukraynada cəbhə xəttinin bütün istiqamətlərində hücumunu davam etdirib:

“63-cü gündə əməliyyatlar teatrında tərəflərin operativ vəziyyətində ciddi dəyişiklik baş vermədi. Əsas döyüşlər taktiki səviyyədə Xerson, Nikolayev, Slavyanka, Donetsk, Luqansk, Donbas, Xarkov, Zaporojets ərazilərində davam etdi.

Ukrayna Ordusu Luqansk istiqamətində Rusiyanın iki silah anbarını aviasiya zərbəsilə məhv etdi. Donetsk ərazisində rusların hücum cəhdlərinin hamısının qarşısı uğurla alındı. Xerson istiqamətində Rusiya bölmələri daha iki qəsəbədən çıxarıldı. Xerson vilayətində intensiv döyüşlər davam edir.

Mariupolda “Azovstal” ərazisində “Azov” döyüşçülərinin qəfil hücumu nəticəsində rusların 1 ədəd PDM, 1 ədəd “Tiqr” zirehli avtomobili və 6 hərbçisi məhv edildi.

63-cü gündə Ukrayna ordusu Rusiyanın Novqorod, Voronej, Kursk vilayətlərindəki silah sursat anbarlarına PUA-larla zərbələr endirdi. Görünən odur ki, rusların Ukrayna PUA-larına qarşı qoyacaq ciddi hava hücumundan müdafiə sisitemləri yoxdur.

Nikolayev vilayəti ətrafında ağır döyüşlərdən sonra Lyubino, Şirokoe, Novopetrivka kəndləri Ukrayna qoşunlarının nəzarətinə keçdi. Donetsk-Luqansk istiqamətində rus ordusunun mövqeləri, təchizat kolonları Ukrayna ordusu tərəfindən atəşə tutuldu. Zaporojets istiqamətində də şiddətli döyüşlər gedir. Rusların bu istiqamətdə irəliləmə niyyətinin ciddi olduğu görsənir.

Ruslar İzyum-Kramotorsk-Slavyansk istiqamətində qismən irəliləyə bildilər. Bu istiqamətdə onlar 64 gündə 12-18 kilometr irəliləyə biliblər. Bu hücum tempi hərb elminin heç bir normativinə uyğun gəlmir. Hücum tempinin bu göstəriciləri Ukrayna ordusunun üstün müqaviməti nəticəsində alt-üst olur. Ordu komandanları yuxarı komandanlıq qarşısında bunu necə əsaslandırırlar, çox maraqlıdır.

Bu gün də Kreml rəhbərliyi Dumadakı çıxışında əməliyyatların planlandığı kimi getdiyini vurğuladı. Doğrudanmı Rusiya hərbi beyin mərkəzi müharibənin bu hücum tempi ilə aparılmasını planlayıb?! Bu belədirsə, komandanların hərb elmini hansı akademiyalarda öyrəndikləri sual doğurur. Çünki hərb elmində belə normativlər yoxdur.

BMT-nin Baş katibi Antonio Quterreş bu gün Ukraynaya səfər etdi. Keçən gün onun heç bir təklif və iradını Kreml rəhbərliyi qəbul etmədi. Bu səbəbdən onun münaqişə tərəfləri ilə görüşünun effektli olacağı mümkün görsənmir.

Maraqlıdır ki, Rusiya BMT-nin Baş katibinə də Buçada törədilənlərin onlara aid olmadığını açıq şəkildə dedilər. Putin bildirdi ki, Buçadakı vəziyyəti kimin yaratdığını bilirlər. Buçada olanların müzakirəsinin İngiltərə tərəfindən veto edilməsi də düşündürücüdür. Yeri gəlmişkən, Rusiya da rəsmi olaraq Buçanın araşdırılmasını tələb edirdi.

Qərbin 40 ölkəsi Ukraynada Rusiya hücumlarına qarşı müqavimətlə bağlı anlaşdılar. ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı Mərkəzində, “Ramştayn” bazasında bununla bağlı idarəetmə mərkəzi yaradıldı. Mərkəzdə 15 ölkənin nümayəndəsi çalışır.

Düşünürəm ki, bu qərargah Ukraynaya maksimum hərbi yardım etməyi həyata keçirəcək. Eyni zamanda, Ukrayan Baş Qərargahını kəşfiyyat məlumatları ilə təmin edəcək. Hər bir halda, bu, Ukraynanın hərbi beyin mərkəzinə əlavə güc qatmış olacaq.

Bütün bu yardımların bir məqsədi var. Müharibədə Rusiya Ukrayna qalib gələ bilməsin və mümkün olduğu qədər zəifləsin. Əslində, müharibənin nəticəsini də bu yanaşma müəyyən edəcək. Əməliyyatlar teatrında gündəmi artıq Şimali Atlantika Alyansı diqtə edir. Ruslar isə buna ayaq uydurmaq məcburiyyətində qalırlar. Rusların klassik müharibə texnikaları və silahları Qərbin texnoloji silahlarının yanında çox zəif təsir bağışlayır. Ukraynanın silahlanmasına daxil olan hər yeni hərbi texnika və silahlar müharibədə güc nisbətinin dəyişməsinə birbaşa təsir göstərir. Ruslar əməliyyatlar teatrında yeni heç bir şey nümayiş etdirə bilmir. Ukrayna isə əksinə, hər yeni gün yeni silahlarla sahədə öz uğurlu əməliyyatlarını göstərməkdədir.

ABŞ-də isə Ukraynaya Lend-liz modeli əsasında yardımlar edilməsi ilə bağlı qətnamə layihəsi səsə qoyulur. Səsvermənin nəticələrini indidən təxmin etmək çətin deyil. Bu qətnamə qəbul edilərsə, Amerikanın Ukraynaya hərbi yardımı kəskin şəkildə sürətlənəcək. Bu, ruslar üçün arzuolunmaz ssenaridir.

İstər hücum edən tərəf, istər müdafiə olunan tərəf son həftə ərzində təminat yollarını və bazaları vurmağa daha meyillidir. Hər iki tərəf bu baxımdan bir-birinə ciddi zərər veriblər.

Kreml rəhbəri bu gün dedi ki, əgər kimsə kənardan Ukraynadakı vəziyyətə müdaxilə etsə və Rusiyaya qeyri-məqbul təhlükələr yaratsa, Moskva “ildırımsürətli zərbələr” endirəcək. Bu çox ciddi bəyanatdır və bunun arxasınca gələn qərarlar bütün proqnozları alt-üst edə bilər. Düşünürəm ki, Kreml bununla nüvə silahının tətbiq edilə biləcəyinə işarə etdi.

Əvvəllər bu cür çıxışları Kremlə yaxınlığı ilə bilinən politoloqlar edirdilər. Artıq Rusiya rəsmiləri “ildırımsürətli zərbələr”dən bəhs edirlər. Hələ bu azmış kimi, ruslar dövlət televiziyası ilə İngiltərənin vurulmasını istəyirlər. Müharibənin gedişində Rusiya “Sarmat” ağır termonüvə qitələrarası ballistik raketini sınaqdan çıxardı. Məlumata görə, raketin sınağı uğurlu keçib. Sözügedən raket döyüş başlıqlarından əlavə yeni nəsil hipersəs döyüş başlıqları da daşıya bilir. Ruslar məhz bu raketlə İngiltərənin vurulmasını hökumətdən tələb edir. Hiss olunur ki, müharibə artıq daha təhlükəli mərhələyə qədəm qoyur.

Önümüzdəki günlərdə əməliyyatlar teatrında müharibənin gedişatını Şimali Atlantika Alyansının Ukraynaya verdiyi yeni silah və texnikalar ilə Rusların verəcəyi qeyri-standart qərarların müəyən edəcəyini gözləməliyik…”.

Səxavət Məmməd

www.yenicag.az

776
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv