!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 64-cü GÜNÜ: Kremlin BMT-yə zərbəsi cavabsız qalacaq? - TƏHLİL

!Reklam – Yazi

63 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 520 ədəd, avtomobil texnikası – 1 675 ədəd, səhra artilleriyası və minaatanları – 421 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 152 ədəd, zenit-raket kompleksləri – 287 ədəd, təyyarələr – 185 ədəd, helikopterlər – 167 ədəd, PUA – 207 ədəd, gəmi-kater – 8 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 600 ədəd, avtomobil texnikası – 2 410 ədəd, səhra artilleriyası və minaatanlar – 1 140 ədəd, YARS – 202 ədəd, zenit-raket kompleksləri – 275 ədəd, təyyarələr – 105 ədəd, helikopterlər – 73 ədəd, PUA – 402 ədəd.

Ukrayna-Rusiya müharibəsinin altmış dördüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 64-cü gündə əməliyyatlar teatrında tərəflərin operativ vəziyyətində ciddi dəyişiklik baş verməyib:

“Rusiya ordusu Ukraynada cəbhə xəttinin bütün istiqamətlərində hücumunu davam etdirdi. Ukrayna Silahlı Qüvvələri gün ərzində Donetsk, Luqansk, Xerson, Nikolayev, Zaporojets, Xarkov ətrafı bölgələrdəki Rusiya ordu birliklərinə qarşı bütün gün ərzində intensiv raket-artilleriya zərbələri endirdi. Ukrayna hərbi beyin mərkəzi Qərb ölkələrindən aldığı müasir silah ve texnikaları bu istiqamətlərə yönləndirdi.

Bu gün Kiyev şəhəri rusların qanadlı raketləri ilə vuruldu. Həm də BMT-nin Baş katibi Kiyevdə olduğu bir vaxtda. Bu beynəxalq münasibətlər müstəvisində presedenti olmayan bir hadisədir. BMT-nin daimi üzvü olan Rusiya, BMT-nin Baş katibi olan şəhərə raket zərbələri endirir. Bundan sonra kim beynəlxalq hüququn mövcudluğuna əsaslana biləcək? Artıq beynəlxalq münasibətlərdə də “qırmızı xətlərin” qalmadığının şahidi oluruq. Dolayısı ilə bundan sonra beynəlxalq münasibətlərdə baş verə biləcək fors-major hallarına təəccüblənməməliyik. Ya BMT özünü bitirməlidi, ya da Rusiya BMT-nin daimi üzvlüyündən çıxarılmalıdır. BMT Baş katibinin siyasi lider kimi az da olsa, heysiyyatı varsa, biz bunun şahidi olmalıyıq. Əks təqdirdə, Kreml rəhbərliyi bu hərəkətindən daha da ruhlanacaq. Bu isə arzuolunmaz haldır.

Ukrayna ordusu bu gün ilk dəfə Donetsk istiqamətində hədəfləri 120 kilometrdən vura bilən 122,7 millimetrlik yaylım atəşli reaktiv sistemlər ilə rus bölmələrinə ciddi zərbələr endirdi. Xerson istiqamətində rusların komanda idarəetmə mərkəzi, dəniz sahilindəki hərbi hissəsi, silah, yanacaq, ərzaq depoları raket-artilleriya zərbələri və PUA-larla vuruldu. Eyni zamanda, Xersonda Rusiya ordusunun digər mövqelərinə güclü artilleriya və minaatanlarla zərbələr endirildi. 9 mayda Xersonda hərbi parada hazırlaşan rus qoşunları Ukrayna ordusunun raket hücumlarına məruz qaldı. Xerson şəhər televiziya qülləsi sıradan çıxarıldı. Zaporojets vilayətində rusların 110-cu tank alayı ciddi itkilər verdi. Çoxlu sayda tankları sıradan çıxarıldı.

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Kutuzovka qəsəbəsini nəzarətə götürdü. Ruslar mühasirədə olan Mariupoldakı “Azovstal” zavodunda yaralıların yerləşdiyi səhra xəstəxanasını bombardman etdi. Yaralı vəziyyətdə müalicə alan çoxlu sayda mülki şəxs və döyüşçü həlak oldu.

Bu gün Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Gerasimov İzyum istiqamətinə gəldi. Onun gəlişi İzyum istiqamətində vəziyyətin ciddi olmasından xəbər verir. Eyni zamanda, rusların cənub-şərq istiqamətindəki hücumlarında çoxlu sayda canlı qüvvə və texnika itkisi verməsi BQR-nin araşdırmalı olacağı məsələlərdəndir. Kreml rəhbərliyinin BQR-i ora göndərməsi belə oxunmalıdır ki, söz vermişdin, indi get sözünü yerinə yetir. General Gerasimovun əməliyyatlara şəxsən rəhbərlik etməsinin nə ilə nəticələnəcəyini yaxın günlərdə görəcəyik.

Rusiyanın İşim şəhərində ticarət mərkəzi və tibb mərkəzi yandırıldı. Keçən gecə şəhərdə yeddi mülki avtomobil yandırıldı. Partizanlar və Ukraynanın Rusiyadakı “beşinci kolon”unun hərəkətə keçdiyini müşahidə edirik. Düşünürəm ki, bütün bu uğursuzluqlara baxmayaraq, ruslar önümüzdəki günlərdə şimal-şərqdən və cənubdan Dneprə hucumu davam etdirməyə cəhd edəcək. Bununla yanaşı, Luqansk ve Donetsk ərazilərində də irəliləməyə davam edəcək. Mümkün olarsa, Dneprdən şərqə doğru yeni əraziləri nəzarətə götürməyə çalışacaq. Eyni zamanda, İzyumdan Mariupola kimi ərazilərdə hücumlarını davam etdirərək bu bölgələri nəzarətə götürmək istəyəcək. Sonradan Luqansk ve Donetskin inzibati ərazilərinin sərhədlərinə çıxaraq müharibənin ikinci fazasını başa vurmağa çalışacaq. Rusiyanın bu planları nəzəri olaraq mümkün görünsə də, əməliyyatlar teatrında praktiki həyata keçirməsi mümkünsüz görsənir. Çünki Ukrayna ordusu hər keçən gün bu istiqamətlərdə ruslara artan müqavimət ortaya qoyur. Xüsusən də silahlanmaya Qərbdən daxil olan yeni silah və texnikanı bu istiqamətlərə yönləndirməklə effektli müdafiə əməliyyatları keçirə bilir.

Yeri gəlmişkən, Ukrayna Prezidenti Vladimir Zelenski müharibə zamanı Ukraynaya dəyən zərərin məbləğini açıqlayıb. O bildirib ki, müharibə başlayandan Ukraynaya 600 milyard dollar zərər dəyib. Rusiya tərəfi isə müharibə zamanı 40 milyard dollar zərərə uğradıqlarını bildirib.

Ruslar 9 maya qədər Ukraynanın, ən azından, bir-iki böyük şəhərini nəzarətə götürməyə və parada hazırlıqlı getməyə nə qədər istəkli olsalar da, ukraynalılar tam tərsinə hazırlaşırlar. Onlar parad əvəzinə ruslara cəhənnəm vəd edirlər. Bu istiqamətdə onların beynəlxalq hərbi tərəfdaşları da həmfikirdilər. 9 maya qədər Rusiyanı əməliyyatlar teatrında hazır olmadıqları çoxlu sürprizlər gözləyir. Düşünürəm ki, hər iki tərəf qələbə gününə “əlidolu” gəlmək üçün xüsusi planlar hazırlayır. Gözlənilən nəticəni əldə etmək üçün tərəflərin hansının hərbi beyin mərkəzinin daha mobil və hazırlıqlı olduğunu önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

1764
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv