!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 66-cı GÜNÜ: "Müharibə son kulminasiya fazasına yaxınlaşır" - TƏHLİL

!Reklam – Yazi

66 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2530 ədəd, avtomobil texnikası – 165 ədəd, səhra artilleriyası və minaatanları – 427 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 158 ədəd, zenit-raket kompleksləri – 24 ədəd, təyyarələr – 187 ədəd, helikopterlər -168 ədəd, PUA – 210 ədəd, gəmi-kater – 8 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2615 ədəd, avtomobil texnikası – 2425 ədəd, səhra artilleriyası və minaatanlar – 1155 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 210 ədəd, zenit-raket kompleksləri – 282 ədəd, təyyarələr – 110 ədəd, helikopterlər – 75 ədəd, PUA – 402 ədəd.

Ukrayna-Rusiya müharibəsinin altmış altıncı gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, Rusiya ordusunun tabor taktiki qruplarının hücumları cəbhə xəttinin bütün istiqamətlərində ciddi müqavimətlə üzləşdi:

“65-ci gündə əməliyyatlar teatrında tərəflərin operativ vəziyyətində ciddi dəyişiklik baş vermədi. Taktiki səviyyədə döyüşlər davam etdi. Əsas döyüş əməliyyatları Donetsk, Luqans, Xerson, Nikolayev, Zaporojets, Xarkov, İzyum ətrafi bölgələrdə aparıldı.

Ukrayna qoşunları Xarkov vilayətində Verxnaya Roqanka, Russkaya Lozova, Slobodskoya və Prilesnoye yaşayış məntəqələrinə nəzarəti bərpa etdi.

Bu gün Xarkov istiqamətində dörd yaşayış məntəqəsi azad edildi, rusların “S-300” Raket kompleksi məhv edildi. Xarkov vilayətinin Kutuzovka yaşayış məntəqəsində Rusiya Ordusunun qərargahına raket zərbələri endirildi. Qərargahın şəxsi heyyəti məhv edildi.

Xarkov istiqamətində Rusiyanın hərbi karvanına kamikadze dronlarından raket zərbəsi endirildi. Ukrayna Ordusu Donetsk istiqamətində Ukrayna ərazisinə daxil olmaq istəyən Rusiya ordusunun hərbi karvanını “Kamikadze” dronları ilə məhv etdi.
Mariupolda “Azov” döyüşçüləri rusların hərbi düşərgəsinə raket zərbəsi endirdi.

Rusiya ordusu Pokrovsk yaşayış məntəqəsi yaxınlığında Ukraynaya məxsus silah anbarını məhv etdi. Onlar Ukraynanın şərqində hücum əməliyyatlarının intensivliyini artırır. Əsas əməliyyat aktivliyi Slobojanske və Donetskdə müşahidə edilir.

Rusiya ordusunun hava zərbələri nəticəsində Odessa aeroportunun uçuş zolağı sıradan çıxarıldı.

Son günlər Rusiya ərazisindən Ukrayna ərazisinə kalonlarda heç bir hərbi hərəkətlilik müşahidə olunmur. Əsas hücum istiqaməti sayılan İzyum istiqamətinə əlavə qüvvələr cəlb edilmir. Ukrayna ordusunun İzyum və Pervomaysk istiqamətindəki rus tabor taktiki qruplarına qarşı raket artilleriya zərbələri nəticəsində rusların çoxlu sayda yaralı və ölənləri var. Xüsusən də İzyumdakı hərbi desant qüvvələrinin qəragahına və ümumqoşun ordusunun səhra qərargahına endirilən zərbələr ağır nəticələrə səbəb oldu. Ölənlər arasında çoxlu sayda baş zabitlərin ola biləcəyi də ehtimal olunur. Burada Hərbi Desant Qüvvələrinin qərargah rəisinin də öldürüldüyü bildirilir. Ruslar bu istiqamətdəki döyüş itkilərini bölgədən çıxarmağa və ölkələrinə göndərməyə çalışır. Bu itkilər hücum qruplaşmasının fəaliyyətinə ciddi təsir göstərib. İzyum istiqamətində rusların uğurla irəliləyə biləcəyi sual altındadır.

Ukrayna xüsusi təinatlı qüvvələri müdafiə bölgələrində və rus qruplaşmalarının arxa cəbhələrində çox uğurlu xüsusi əməliyyatlar aparırlar. Rus qoşunlarının kalonlardakı texnikalarına və anbarlarına ciddi pusqu və basqınlar həyata keçirirlər. Bu səbəbdən rusların hücumdakı birinci eşalon bölmələrində ciddi ümidsizlik yaranır. Heç bir istiqamətdə əsas zərbə istiqamətindəki rus qruplaşmaları operativ tapşırıqlarını yerinə yetirə bilmir, ya da yerinə yetirməkdə ciddi komplektləşməyə ehtiyac duyur. Ehtiyyat qüvvələr isə yox kimi görsənir. Bu da əməliyatlar teatrında birinci eşalondakı rus qoşunlarının hücum tempinin bütün istiqamətlərdə günbəgün aşağı düşməsinə səbəb olur. Buna müdaxilə edilə biləcək güc və vasitələrinin məhdud olduğunu görürük. Buna baxmayaraq onlar uğursuz cəhdlərini davam etdirirlər. Görünür əllərində qalan qüvvələri də bitirməyə qərarlıdırlar.

Xerson istiqamətində də vəziyyət onlar üçün ürək açan deyil. Bu rus silahlı qüvvələrinin hücum planlarının iflası anlamına gəlir. Hücum alınmırsa, onlar müvəqqəti məcburi müdafiəyə keçməlidirlər. Ukrayna Silahlı Qüvvələrinin bu durumu maksimum dəyərləndirməyə çalışacağını düşünürəm. Çünki qarşı tərəfi məhv etməyin ən uyğun variantı durdurularaq tam müdafiəyə keçmədiyi anlardır. Hücumdakı rus qoşunları çox çətin və gərgin bir dönəmdən keçir. Müharibənin qırılma anı onlar üçün yaxınlaşmış görünür. Bu mərhələdən sonra əməliyyatlar teatrında hərbi initiativ ukraynalılara keçəcək. Bir də bura “Lend Lizin” verəcəyi hərbi dəstəyi əlavə etsək, rusların hansı arzuolunmaz ssenarilərlə qarşılaşacaqlarını təsəvvür etmək çətin deyil.

Bu gün BMT-nin xoşməramlı səfiri, Hollivud ulduzu amerikalı Ancelina Coli humanitar missiya ilə Ukraynaya səfər etdi. Dünyanın tanınmış kino və mədəniyyət ulduzlarının bu kimi səfərləri Ukraynanın mədəniyyət müharibəsinə də hakim olduğunu göstərir.

Düşünürəm ki, indiki mövcud hərbi vəziyyətdə Rusiya hərbi komandanlığı üçün ən yaxşı variant çıxdıqları hədlərdə dayanmaq və ən azından indiyə qədər nəzarətə götürdükləri ərazilərdə möhkəmlənməyə çalışmaqdır. Bu hədləri əldə saxlamaqla, masaya oturmaqla nə isə əldə etmiş kimi bir görüntü yarada bilərlər. Amma Ukrayna tərəfinin də öz hesabları var. Bu hesablar onlara bu minimum vəziyyəti də vəd etmir. Bu səbəbdən müharibə son kulminasiya fazasına yaxınlaşmaqdadır. Ruslar üçün ən uyğun variant ya indiki vəziyyət, ya da ən pisinə hazır olmaq ola bilər.

Rusiyanın hərb meydanında çətin vəziyyətdə olması və ABŞ-ın limitsiz yardımı Rusiyanı fərqli addımlar atmağa vadar edə bilər. Son günlər belə bir informasiya yayılmağa başlayıb ki, Rusiya Ukraynaya müharibə elan edəcək. 2 aydan çoxdur davam edən döyüşlərə Rusiya “xüsusi əməliyyat” adı qoyub. Nə Ukrayna Rusiyaya, nə də Rusiya Ukraynaya rəsmi müharibə elan edib. Bundan əlavə Putinin səfərbərlik elan edəcəyi informasiya da gündəmə gəlib. Rusiya əgər səfərbərlik edib müharibə elan etsə, bu o anlama gəlir ki, müharibə tərəflərdən birinin bitməsinə qədər davam edə bilər. Bunların nə qədər real olacağını 9 maydan sonra görəcəyik.

Tərəflərin “tamam və ya davam” vəziyyəti tam olaraq 9 maya qədər konkretləşəcək.

Bu yöndə proqnozlarımızın nə qədər əsaslı olduğunu önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

1431
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv