!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 68-ci GÜNÜ: Şəxsi heyət yorulub, motivasiya isə sıfırdır - TƏHLİL

!Reklam – Yazi

68 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 540 ədəd, avtomobil texnikası – 175 ədəd, səhra artilleriyası və minaatanları – 432 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 162 ədəd, zenit-raket kompleksləri – 29 ədəd, təyyarələr – 189 ədəd, helikopterlər – 170 ədəd, PUA – 220 ədəd, gəmi-kater – 10 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 625 ədəd, avtomobil texnikası – 2 435 ədəd, səhra artilleriyası və minaatanlar – 1 165 ədəd, YARS – 220 ədəd, zenit-raket kompleksləri – 290 ədəd, təyyarələr – 117 ədəd, helikopterlər – 79 ədəd, PUA – 405 ədəd.

Ukrayna-Rusiya müharibəsinin altmış səkkizinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 68-ci gündə əməliyyatlar teatrında tərəflərin operativ vəziyyətində ciddi dəyişiklik baş verməyib:

“Donetsk, Luqansk, Xerson, Nikolayev, Zaporojets, İzyum istiqamətlərində şiddətli döyüşlər gedir. Taktiki səviyyədə döyüşlər davam edir.

Odessa şəhəri yenə raket zəbələri ilə vuruldu. Ukrayna qoşunları Qara dənizdəki Rusiya flotiliyasının iki katerini batırdı.

Çernobayevkada rusların yenə də hücum cəhdləri oldu. Bu onların sayca 18-ci cəhdidir.

Xerson hələ də rusların nəzarətindədir və burada referendum hazırlıqları gedir. Ola bilsin ki, 9 maya qədər səsvermə yolu ilə Xerson Rusiyaya birləşdirilsin. Bu onlara 9 mayda “qələbə duyğusu” yaşatmaq üçün əsaslı səbəb ola bilər.

Rusiya ordusunun tabor taktiki qruplarının hücumları cəbhə xəttinin bütün istiqamətlərində ciddi müqavimətlə üzləşdi. Rus qoşunları hücumlarını davam etdirir. Ukrayna qoşunları müdafiə döyüşləri aparır. Ruslar hücum istiqamətlərində uğurlarını artırmaqda və yeni-yeni əraziləri nəzarətə götürməkdə qərarlı görsənir. Ukrayna isə əksinə, bütün istiqamətlərdə ruslara ciddi müqavimət göstərərək onlara ciddi itkilər verdirir. Rus taktiki tabor qrupları hücum üçün nə qədər istəkli görünsələr də, hədəfləri ələ keçirməkdə çox çətinlik çəkirlər.

Xarkov istiqamətində taktiki səviyyədə vəziyyətə Ukrayna nəzarət etsə də, digər istiqamətlərdə ruslar əməliyyat vəziyyətinə qismən nəzarət edirlər. Xarkov istiqamətində Ukrayna qoşunları rusları geri çəkilməyə məcbur edir.

2-ci Ordunun qərargahına vurulan raket zərbəsindən və rusların operativ beyin mərkəzininin verdiyi itkilərdən dolayı İzyum istiqamətindəki planlarında məcburi dəyişiklik edəcəyi gözləniləndir. Rusiya Baş Qərargah rəisinin bu qərargaha gəlməsi və general heyətinin bu istiqamətdəki fəaliyyəti, əslində, 9 maya qədər, heç olmasa, hər hansısa bir hərbi uğurun təmin edilməsindən ibarət idi. Bu istiqamətdə onların planlarının həyata keçirilməsinə Ukrayna ordusu ciddi mane oldu. 9 maya isə cəmi yeddi gün qalır. Hər keçən gün Rusiya ordusunda ciddi psixoloji ümidsizlik yaradır. Kreml rəhbərliyi qələbəni qeyd etmək üçün konkret nailiyyətlər gözləyir. Ordu isə hələ ki bunu təmin edə bilmir.

Müharibə mövqe döyüşləri halını alır. Xüsusən də Donbas istiqamətində. Ruslar strateji ehtiyatlara ciddi ehtiyac duyur. Onlar hətta uzun müddət saxlanclarda qorunan texnikanı “uzunmüddətli saxlama rejimi”ndən çıxartmaq məcburiyyətində qalıb. Xüsusən də T-80 tanklarını və T-80 döyüş transportyorlarını saxlanclardan çıxararaq bu istiqamətlərə yönləndirir. Məqsəd birinci eşalon tabor taktiki qruplarını yeni texnikalarla komplektləşdirməklə hücum tempini artırmaqdır.

Buna qarşı Ukrayna qoşunlarının da öz planları var. Onlar bu zirehli texnikaları pusqular quraraq kolonlarda məhv etməyə davam edir. Çox zaman da bu ehtiyatlar təyinat bölgəsinə çatmadan məhv edilir. Bura Qərbdən Ukraynaya daxil olan yüksək dəqiqlikli artilleriya silahlarının dəqiq tətbiqini əlavə etsək, rusların zirehli texnika ehtiyatlarının asan hədəfə çevrildiyini görürük. Hətta təyinat yerinə çatan ehtiyatlar belə əməliyyatlar teatrında vəziyyətin dəyişməsinə ciddi təsir edə bilmir. Çünki birinci eşalon tabor taktiki qruplarının şəxsi heyəti çox yorğundur. Motivasiyalarından söhbət belə gedə bilməz. Ona görə ki taktiki səviyyədə döyüşlərin taleyini zirehli texnikaların istifadəsindən daha çox üstün döyüş ruhuna sahib olan döyüşçülər həll edəcək. Biz bunu 44 günlük müharibəmizdə xüsusi təyinatlılarımızın uğurlu döyüş əməliyyatlarında gördük. Bəzən bir xüsusi təyinatlımız 20-30 erməni əsgərinə qarşı döyüşürdü. Zirehli texnikaları da kolonlarda pusqularla məhv edirdilər. Bir neçə istiqamətdə qüvvələr nisbəti erməni tərəfinin xeyrinə olsa da, sonda qalib tərəf Azərbaycan ordusu olurdu. Çünki ordunun motivasiyası çox yüksək idi. Döyüşlər bitəndən sonra bir çox zabit bildirir ki, indiki məqamda o əməliyyatları keçirmək imkansız görsənir. Ancaq müharibə vaxtı əsgərin motivasiyası ağlasığmaz işlər görməyə imkan verirdi.

Biz bunu ruslarda görmürük. Xüsusi əməliyatlardan söhbət belə getmir.

Tərəflərə operativ pauza hava-su kimi lazımdır. Çünki hər iki tərəfin yenidən qruplaşmaya ciddi ehtiycı var. Operativ pauza bunun üçün çox faydalı ola bilər. Çox güman ki, bu pauza 9 maydan sonra baş verəcək. Ümumiyyətlə, 9 maydan sonra müharibənin qırılma nöqtəsini müşahidə edəcəyik.

Mariupolda rusların humanitar koridor açması nəticəsində mülki əhalinin bir hissəsi evakuasiya olundu. Amma ümumi vəziyyət yenə də gərgin olaraq qalır. Şəhər hələ də rusların tam nəzarətinə keçməyib. Şəhərin mühasirədən tezliklə çıxarılması mümkün görünmür. Əhalinin bir hissəsi Ukraynanın nəzarət etdiyi bölgəyə, bir hissəsi isə Rusiyanın nəzarət etdiyi bölgəyə yerləşdirilib. Rusiya tərəfi təxliyyə edilən şəxslərə tibbi yardım göstərildiyini açıqlayıb. Uzun zaman sonra zirzəmidən çıxan insanlar günəşi görüblər.

Mariupoldakı dinc əhali tam çıxarılandan sonra rusların orada qalan hərbçilərə qarşı acımasız davranacağı gözləniləndir.

Düşünürəm ki, müharibənin qaynar fazası önümüzdəki günlərdə eyni templə davam edəcək. Hətta Böyük Britaniyanın Baş naziri Boris Conson müharibənin 2023-cü ilədək davam edəcəyini proqnozlaşdırdı. Əslində, bunu Şimali Atlantika Alyansı üçün yol xəritəsi kimi də qəbul etmək olar. Çünki bu ranqdakı siyasi liderlər əsası olmayan bəyanatları elə-belə vermirlər. Buradan görünən odur ki, NATO hərbi beyin mərkəzi müharibənin Rusiya ərazilərinə keçəcəyini də hesaba qatır. NATO-nun strateji məqsədi Ukraynanın qalib gəlməsi və Rusiyanı bir daha belə addımlar atmayacaq hala gətirməkdən ibarətdir. Bunun iki komponenti var. Strateji məqsədə çatmaq üçün Rusiya həm müharibədə, həm də iqtisadiyyatdda çökdürülməlidir. Qeyd edilənləri hesaba qatsaq, bunun üçün onların zamana ehtiyacı var. Zaman hələ ki Ukraynaya işləyir.

Ruslar üçün isə müharibənin hər günü milyardlara başa gəlir. Həm hərbi itkilər, həm də iqtisadi itkilər rusları ciddi düşünməyə vadar etməlidir. Biz hələ bunu görmürük. Onlar hələ ki bu itkiləri qaldırmağa qadir olduqlarının görüntüsünü verirlər. Amma imitasiya etmək zamanı gəldiyində bir yerdə real əksini tapacaq. Onda rusların bunun bədəlini necə ödəyəcəyi çox maraqlıdır”.

Səxavət Məmməd

www.yenicag.az

4691
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv