!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 69-cu GÜNÜ: Kremlin son çırpınışları, iqtisadiyyatın çöküşü - TƏHLİL

!Reklam – Yazi

69 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 550 ədəd, avtomobil texnikası – 180 ədəd, səhra artilleriyası və minaatanları – 435 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 165 ədəd, zenit-raket kompleksləri – 30 ədəd, təyyarələr – 189 ədəd, helikopterlər – 170 ədəd, PUA – 225 ədəd, gəmi-kater – 10 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 630 ədəd, avtomobil texnikası – 2 440 ədəd, səhra artilleriyası və minaatanlar – 1 170 ədəd, YARS – 225 ədəd, zenit-raket kompleksləri – 292 ədəd, təyyarələr – 117 ədəd, helikopterlər – 79 ədəd, PUA – 405 ədəd.

Ukrayna-Rusiya müharibəsinin altmış doqquzuncu gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, şiddətli döyüşlər Donetsk, Luqansk, Xerson, Nikolayev, Zaporojets, İzyum istiqamətlərində davam edib:

“69-cu gündə əməliyyatlar teatrında tərəflərin operativ vəziyyətində ciddi dəyişiklik baş vermədi.

Ukrayna ordusu Zaporojets vilayətinin Qulyaypol rayonu istiqamətində Rusiya ordusunu geri çəkilməyə məcbur etdi. Qara dənizdə Rusiya flotiliyasının hərbi gəmilərinə dronlarla zərbələr endirildi. Odessa, Mariupol, Zaporojets, Donetsk, Luqansk, Xerson, Xarkov ərazilərindəki Rusiya qoşunlarına uzaq vuran artilleriya sistemlərindən zərbələr endirildi. Ukraynanın Qara dənizdəki İlan adasında olan Rusiya Federasiyası hərbçilərinin hamısı “Bayraktar TB 2” PUA-larından vurulan zərbə nəticəsində həlak olub. İlan adasında Rusiyanın Qara Dəniz Hərbi Donanmasının 1229-cu kəşfiyyat mərkəzinin və 744 saylı rabitə mərkəzinin hərbi qulluqçuları var idi.

Gün ərzində Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətindəki Avdeyevka koks-kimya zavodunu atəşə tutdu. Rusiya hərbçiləri bu gün Donbassda 21 dinc sakini qətlə yetirdi. Bu, rusların Kramatorsk dəmiryol stansiyasını atəşə tutmasından sonra bir gündə ən yüksək itkidir.

Rusiya birinci eşalon bölmələrində ağır itkilərin artması səbəbilə şəxsi heyət arasında çəkişmələr, postlarda yatmaq, ruhdan düşmə halları artmaqdadır. Bu gün ilk rus əsgəri könüllü olaraq “Rusiya Azadlıq Legionu”na təslim oldu. Bu isə, öz növbəsində, döyüşlərin nəticəsinə ciddi mənfi təsir göstərir.

Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi nəticəsində Rusiyanın nəzarətə götürmək istədiyi Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodundan 100-dən çox mülki şəxs təxliyə olundu.

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Ali Radasında ayaq üstə alqışlandı. Eyni zamanda, Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün videokonfrans vasitəsilə Ukrayna parlamentindəki çıxışında Ukraynanın Rusiyanı məğlub edəcəyini və yenidən azad ölkəyə çevriləcəyini bildirib. O qeyd edib ki, Ukrayna “Putinin yenilməz olması haqqında mif”ə son qoyub və Kiyevə qədər irəliləyən Rusiya ordusunu dəf edib. Hazırda ukraynalıların 21-ci əsrin ən böyük qəhrəmanlıq salnaməsini yazdıqlarını, eləcə də “Putinin tarixi səhvi”ni ifşa etdiklərini deyib. Əslində, Böyük Britaniyanın Baş naziri Boris Conson əməliyyatlar teatrında Ukraynanın tək olmadığına işarə etdi. Rusiyanın bu mesaja nə ilə cavab verəcəyi çox maraqlıdır.

Mayın 1-də Polşada minlərlə NATO hərbçisinin iştirakı ilə “Defender Europe 2022” və “Swift Response 2022” təlimləri başlayıb. Təlimlər səkkiz ölkədə daha keçirilir. Təlimlərə 20 dövlətdən 18 min nəfərə qədər hərbçi cəlb olunub. Əslində, Şimali Atlantika Alyansı Ukrayna Rusiya müharibəsində Avropa ölkələri üçün mümkün ola biləcək təhdidlərə qarşı qoşunları yüksək döyüş hazırlığı vəziyyətinə gətirir.

Bu gün Rusiya informasiya müharibəsinin əsas “xüsusi təyinatlısı” Solovyov Mariupoldakı İliç zavoduna gəldi. Çox güman ki, onun “xüsusi tapşırığı” Rusiya cəmiyyəti üçün qələbə illüziyasını yaratmaqdır.

Əməliyyatlar teatrındakı tərəflərin hərbi gücünün yarışı Rusiyanın xeyrinə deyil. Rus qoşunları hücumları davam etdirməlidir. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinə köməyə gələn Qərb hərbi ehtiyatlarının toplanmasının qarşısını almalıdır. Bunlar yerinə yetirilməsi mümkün olmayan tapşırıqlardır.

Rusiya qoşunları yenidən qruplaşmanı davam etdirir. Çox güman ki, 9 may öncəsi hücumları daha da intensivləşdirəcəklər. Ukrayna ordusunda isə artan əks-zərbələrin intensivliyinin 9 maya qədər zirvəyə çatacağı gözlənilir. Düşünürəm ki, bunun fonunda Kreml rəhbərliyi mayın 9-da xüsusi əməliyyatın adını müharibəyə dəyişəcək. Bunun əsasında da ümumi səfərbərlik həyata keçirəcək.

Rusiya uğursuz olan “xüsusi əməliyyat”ının adını müharibə qoyaraq həm cəmiyyətdə, həm də ordu arasında motivasiya yaratmağa çalışa bilər. Müharibə elan olunsa, çox güman ki, Rusiya Ukraynaya qarşı yox, Qərbə qarşı döyüşdüyünü cəmiyyətə və orduya aşılamağa başlayacaq. Hətta İkinci Dünya müharibəsindəki kimi Ukraynaya elan edilən müharibənin adını “vətən müharibəsi” də qoya bilərlər. Rusiyanın bundan başqa, demək olar, motivasiya rıçaqı qalmayıb.

“Bloomberg”in proqnozuna görə, mayın 4-də Rusiyada defolt baş verə bilər. Bu isə iqtisadiyyatın və maliyyə sisteminin çökməsi deməkdir. Çökmüş iqtisadiyyat və maliyyə sistemi ilə rusların müharibəni nə qədər davam etdirə biləcəklərini önümüzdəki günlərdə görəcəyik…

Düşünürəm ki, 9 maydan sonra Ukrayna ordusu bütün əməliyyat teatrında hərbi aviasiya vasitələrinin, PUA-ların yeni modifikasiyalarının, kamikadze və zərbə dronlarının, NATO üzvü olan ölkələrin verdikləri ağır artilleriya vasitələrinin, zirehli texnikaların, transportyorların kütləvi tətbiqinə başlayacaq. Bu isə müharibənin üçüncü və sonuncu fazası ola bilər…”.

Səxavət Məmməd

www.yenicag.az

686
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv