!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 71-ci GÜNÜ: Kremlin "9 may hədəfi" Mariupoldur - TƏHLİL

!Reklam – Yazi

71 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 559 ədəd, avtomobil texnikası – 189 ədəd, səhra artilleriyası və minaatanlar – 442 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 172 ədəd, zenit-raket kompleksləri – 36 ədəd, təyyarələr – 190 ədəd, helikopterlər – 172 ədəd, PUA – 233 ədəd, gəmi-kater – 10 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 640 ədəd, avtomobil texnikası – 2 447 ədəd, səhra artilleriyası və minaatanlar – 1 177 ədəd, YARS – 232 ədəd, zenit-raket kompleksləri – 297 ədəd, təyyarələr – 122 ədəd, helikopterlər – 82 ədəd, PUA – 407 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yetmiş birinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 71-ci gündə əməliyyatlar teatrında tərəflərin operativ vəziyyətində ciddi dəyişiklik baş verməyib:

“71-ci gündə Donetsk, Luqansk, Xerson, Nikolayev, Zaporojets, İzyum istiqamətlərində taktiki səviyyədə döyüşlər davam etdi.

Bu gün Ukrayna ordusu İzyum, Lotovskaya, Xerson, Nikolayev, Donetsk istiqamətlərində taktiki səviyyədə qismən əks-hücum döyüşləri aparmağa çalışdılar. Buna əks-hücum əməliyyatları demək hələ tezdir. Biz əks-hücum döyüşlərini əks-hücum əməliyyatları ilə qarışdırmamalıyıq. Çünki bu əks-hücum döyüşləri əməliyyat şəraitini ciddi şəkildə dəyişməyəcək. Əks-hücum döyüşləri öncəsi rusların birinci eşalon bölmələrinə kütləvi artilleriya zərbələri endirildi. İzyum rayonunda rusların bir hərbi hissəsi yerləşən ərazi nəzarətə götürüldü, əsir düşənlər oldu. Eyni zamanda, Popasnayada mühasirəyə alınmış ukraynalı hərbçilərin bir qrupu ruslara təslim oldu.

Gün ərzində Rusiya raket qoşunları Ukrayna ordusunun “Uraqan MLRS”nin batareyasını və artilleriya batareyasını, 6 komanda məntəqəsini, 2 sursat anbarını, 190-dək şəxsi heyətini məhv etdi.

Mariupolun “Azovstal” ərazisində döyüşlər intensivləşdi. Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları “Azovstal” ərazisindəki “Azov” qüvvələrinə hücum cəhdi etdi. Hücum növbəti dəfə uğursuz alındı. Bundan sonra ruslar Qara dəniz flotiliyasının gəmilərindən və mümkün bütün artilleriya vasitələrindən “Azovstal” ərazisini raket-artilleriya zərbələrinə məruz qoydular. Düşünürəm ki, ruslar 9 maya qədər Mariupolu tam nəzarətə götürməyi yaxın hədəf olaraq müəyyən ediblər. Kreml rəhbərliyi bunda çox istəkli görünür. Hər nə qədər bu “mini qələbə” keçici də olsa, bayram ab-havası yarada bilər. Xüsusən də tam nəzarətə götürülmüş “Azovstal”ın ən hündür yerinə Sovet İttifaqının bayrağını sancmaqla Qırmızı Meydanda 9 may paradını tam yüksək əhval-ruhiyyə ilə keçirə bilərlər.

Bu gün siaysilər də maraqlı açıqlamalar verdilər. ABŞ Prezidenti Co Bayden dedi ki, Rusiya məğlub olana qədər Ukraynaya yardımlarını davam etdirəcəklər. Ukrayna Prezidenti Voladimir Zelenski isə dedi ki, Rusiya ilə bir halda sülh müqaviləsi imzalamağa hazırdırlar, o da Rusiya Ukrayna torpaqlarından Krım da daxil qoşunlarını tamamilə çıxarsa. Bu bəyanatlar önümüzdəki günlərdə Ukrayna üçün müharibənin yol xəritəsi hesab edilə bilər.

Ruslar əməliyyatlar teatrında artıq tək Ukrayna ilə savaşmadıqlarının fərqindədirlər. Lakin vəziyyəti dəyişə biləcək kifayət qədər hərbi və iqtisadi resursları yoxdur. Amma yenə də vəziyyəti imitasiya edirlər. Real olmasa belə, hər şeyin onlar istədiyi kimi getdiyinə inanmağa davam edirlər, ya da özlərini bilincli olaraq buna məcbur edirlər. Çünki başqa çıxış yolları yoxdur. Əks təqdirdə, bunun alternativi məğlubiyyətdir. Ruslar məğlubiyyəti heç cürə həzm edə bilməzlər. Onlar üçün ən yaxşısı nə sülh, nə də qələbədir. Rusların müharibədəki yol xəritəsi bundan ibarətdir. Çünki təklif olunan şərtlərdə sülhü istəmirlər, qələbəni də qazana bilmirlər. Hər nə qədər nəticəyə təsir etməsə də, hələ döyüşmək üçün əməliyyatlar teatrına gətiriləcək rus əsgərinin və texnikasının sayı müharibəni zamana yaymağa imkan verir.

Rusiyanın bəzi bölgələrində çağırışlar olduğu, çağırışdan boyun qaçıranların isə həbs edilməsi xəbərləri yayılıb. Məsələ ondadır ki, Rusiya səfərbərliyi də mərkəzi şəhərlərdən kənarda edir. Bunun da səbəbi mərkəzi şəhərlərdə dalğalanmanın qarşısının alınmasının çətin olmasıdır. Bölgələrdə baş verənlərin isə mərkəzə çatmadan boğulması çox asandır. Müharibə fonunda kiminsə döyülməsi, işgəncəyə məruz qalması, həbs edilməsi o qədər də insanların diqqətini cəlb etmir. Bu baxımdan, Rusiya rahatlıqla həm də gələcəkdə özü üçün təhlükəli bölgələrdən orduya əsgərlər yığmağa davam edəcək.

Bu yol xəritəsini həyata keçirə bilməsi üçün Rusiya səfərbərlik elan etməlidir. Bu gün Təhlükəsizlik Şurasının sədri Patruşev Kreml rəhbəri ilə görüşdə ümumi səfərbərlik etmək təkilfini irəli sürdü. Mərkəzi Bankın sədri Nabiullina buna sərt qarşı çıxdı və əgər səfərbərlik olarsa, Rusiyanın “maliyyə cəhənnəmi”nə qərq olacağını dedi. Artıq Rusiya siyasi beyin mərkəzində müharibənin taleyi ilə əlaqədar ciddi böhran yaşanır. Siyasi-hərbi elitanın bir qrupu müharibənin davam etməsini istəyir, bir qrupu isə bunun ciddi fəsadları olacağını deyir. Bu məsuliyyətsiz rəhbərlərin ambisiyaları ucbatından əməliyyatlar teatrında əsgərlər ölməyə davam edir. Nəticədə isə 20 faizi sıradan çıxarılmış, 71 günə cəmi 20 kilometr irəliləmiş, Ukrayna bataqlıqlarında can çəkişən bir ordunu görürük. Dünyanın ikinci ordusu sayılan bir ordunun imicini Ukrayna çıxmazında yerlə bir etmək kimə lazım idi? Kim bunu üstlənəcək? Rus ordusu yaranandan bəri hələ belə biabırçı vəziyyətə düşməmişdi. Bu ordunun şərəf və heysiyyətini bir an öncə özünə qaytarmaq üçün məntiqli siyasi qərarlara ehtiyac var. Kremlin bunu edib-etməyəcəyini önümüzdəki günlərdə görəcəyik…

Bu arada, 9 maya 3 gün qalır…”.

Səxavət Məmməd

www.yenicag.az

1155
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv