!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 72-ci GÜNÜ: Mövqe döyüşləri davam edir - TƏHLİL

!Reklam – Yazi

72 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 563 ədəd, avtomobil texnikası – 193 ədəd, səhra artilleriyası və minaatanlar – 445 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 175 ədəd, zenit-raket kompleksləri – 40 ədəd, təyyarələr – 190 ədəd, helikopterlər – 172 ədəd, PUA – 235 ədəd, gəmi-kater – 10 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 643 ədəd, avtomobil texnikası – 2 450 ədəd, səhra artilleriyası və minaatanlar – 1 179 ədəd, YARS – 235 ədəd, zenit-raket kompleksləri – 300 ədəd, təyyarələr – 122 ədəd, helikopterlər – 82 ədəd, PUA – 407 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yetmiş ikinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 72-ci gündə əməliyyatlar teatrında tərəflərin operativ vəziyyətində ciddi dəyişiklik baş verməyib, taktiki səviyyədə tabor taktiki qruplarının döyüşləri Donetsk, Luqansk, Xerson, Nikolayev, Zaporojets, İzyum, Mariupol istiqamətlərində davam edib:

“Gün ərzində ruslar Mariupol şəhərinin “Azovstal” ərazisinə aviasiya və artilleriya zərbələri endirməyə davam etdi. Donetsk və Tavriya istiqamətlərində intensiv döyüşlər davam etdi. Nikolayev istiqamətində də Ukrayna hərbçiləri rusların bir postunu dağıtdı və postun əsgərlərini əsir götürdü.

Luqansk istiqamətində də əks-hücum keçirildi, rus hərbçiləri əsir götürüldü. Ukrayna qoşunları Xarkovun şimal istiqamətində irəliləməyə cəhd etdilər. Rusların Xarkovu nəzarətdə saxlamaları mümkün görünmür. Burada da vəziyyət gərgin olaraq qalır. Ruslar Rubejnoe və Popasnoe istiqamətlərində də mühasirə əməliyyatları aparmağa cəhd edirlər. İzyum və Avdeyevka istiqamətlərində döyüşlər rusların istədikləri kimi getmir. Onlar Luqansk vilayətini tam nəzarətə götürməyə çalışırlar. Kremlin siyasi rəhbərliyi yerli komandanlardan mayın 7-dək Luqansk və Mariupolu tam nəzarətə götürdüklərini məruzə etmələrini tələb edir. 9 mayadək siyasi hədəf artıq konkretləşdirilmiş görünür. Ukrayna qoşunarının İzyum istiqamətində əks-hücum əməliyyatları nəticəsində rusların bir hərbi hissəsinin hərbçiləri mühasirəyə düşdü.

Ukrayna qoşunları Sumı şəhərində rusların iki komanda idarəetmə məntəqəsinə artilleriya zərbələri endirdi. Onlara aid çoxlu sayda zirehli texnika sıradan çıxarıldı. Hərbçilər əsir götürüldü. Donetsk və Zaporojets istiqamətində də rusların mövqelərinə hava zərbəsi endirdi.

Bu gün Ukrayna ordusunun İlan adasının yaxınlığında Rusiyanın Hərbi Dəniz Qüvvələrinin Qara Dəniz Donanmasındakı “Admiral Makarov” freqatını “Neptun” raketləri ilə vurduğu iddia edildi. Bu barədə hələ rəsmi məlumat yoxdur.

Donetskdə Ukrayna ordusunun mövqeləri ruslar tərəfindən fasiləsiz atəşə tutulur. Yüksək dəqiqlikli raketlərlə Ukrayna hərbçilərinin canlı qüvvə və texnikasının cəmləşdiyi 31 ərazisi, həmçinin Popasna bölgəsindəki sursat anbarı vuruldu. Rusiya Aerokosmik Qüvvələrinin aviasiyası Ukraynanın 27 hərbi obyektinə, o cümlədən regionlardakı üç sursat anbarına, 16 qüvvə və texnikanın cəmləşdiyi əraziyə zərbələr endirdi. Raket qoşunları və artilleriya bölmələri sutka ərzində 22 komanda məntəqəsini, üç silah-sursat anbarını vurdu. Hava hücumundan müdafiə vasitəsi ilə Ukraynanın Su-27 təyyarəsi vuruldu.

Ukraynanın İzyum şəhəri yaxınlığında “Smerç” reaktiv yaylım atəş sisteminin iki raketi tutuldu.

Görünən odur ki, müharibənin 72-ci günündə Ukrayna qoşunlarının müxtəlif istiqamətlərdə həyata keçirdiyi əks-hücum döyüşləri qismən uğurlu alınır.

Ən azından, əks-hücum döyüşləri aparamaq üçün onlar qüvvələri yenidən qruplaşdıra bilirlər. Qərb tərəfdaşlarının bu və ya digər formada hərbi yardımları da onların gücünə yeni güc qatır. Nə qədər çətin olsa da, Ukrayna əməliyyatlar teatrına qismən yeni güc və kiçik çaplı mobil qüvvələr cəlb edə bilir. Ruslar isə, əksinə, bunu edə bilmirlər. Rusların Suriya döyüşçülərini bölgəyə cəlb etməsi yönündə danışıqlar apardığı güman edilir.

Döyüşlər taktiki səviyədə Ukrayna mobil qruplarının kiçik çaplı uğurlu döyüşləri ilə davam edir. Rus bölmələri nəzarətə götürdükləri bölgələri maksimum müdafiə etməyə çalışır. Rusların qarşısı alına bilməyən raket-artilleriya qoşunlarının fəaliyyəti vəziyyəti qismən xilas edir. Onlar  bəzi mövqelərdə buna müvəffəq ola bilirlər. Əsas tapşırıqları ondan ibarətdir ki, əgər irəliləyə bilmirlərsə, nəzarətə götürdükləri bölgələri yenidən itirməsinlər. Taktiki səviyyədə mövqe döyüşləri davam edir və əməliyyat şəraitinin kiminsə lehinə dəyişməsinə ciddi şəkildə təsir edə bilmir.

Bu gün Pentaqonun sözçüsü Con Kirbi ABŞ tərəfindən Ukraynaya verilən M-777 haubitsalarında 200-dən çox ukraynalı əsgərin təlim keçdiyini bildirdi. 150-dək Ukrayna əsgəri haubitsaları idarə etmək üçün təlimlər keçməyə davam edir. Bundan əlavə, daha 60 ukraynalı əsgər M-113 zirehli personal daşıyıcısında təlim keçib və hazırda daha 50-yə yaxın əsgərin təlimi davam edir.

Bu gün Böyük Britaniyanın Baş naziri Boris Conson və Fransa Prezidenti Emmanuel Makron təhlükəsizlik məsələlərini və Ukraynaya yardımı, habelə Rusiya Federasiyasının təcrid olunması tədbirlərini əlaqələndirmək barədə razılığa gəldilər.

Görünən odur ki, Qərb cəbhəsi Rusiya ilə bağlı planlarında qərarlıdır. Rusiyanın isə çevrəsi daralmaqda davam edir. Başqa bir ərazidə müharibə baş verərsə, misal üçün, Çinin Tayvana hücumu olarsa, bəlkə, Rusiya tərəfi bir qədər nəfəs ala bilər. Çinin sanksiyalara qarşı yeni planlar qurduğu barədə informasiya da yayılıb. Yaxın zamanda yeni müharibə ocaqlarının olması ehtimalı da artmaqdadır.

Bütün bu baş verənləri nəzərə alsaq, düşünürəm ki, ABŞ və tərəfdaşlarının Ukraynaya hərbi dəstəyi önümüzdəki günlərdə artaraq davam edəcək. Uzun vədəli müharibədə bu, Rusiya ordusunun zəifləməsinə hesablanıb. Bura bir də iqtisadi itkiləri də əlavə etsək, hər keçən gün rusların gücündən güc itirdiklərini görəcəyik…

Önümüzdəki günlərdə əməliyyatlar teatrında döyüşlər orta intensivliklə davam edəcək. Tərəflərdə qeyri-adi uğur gözləməyimiz sadəlövhlük olardı. Taktiki tabor qrupları vəziyyəti xilas etməyə çalışacaq. Sürünən əməliyyatlar fonunda tərəflər ehtiyatları haradan cəlb edəcəkləri barədə düşünəcəklər. Ehtiyatları hansı tərəf ortaya tez qoysa, o da əməliyyat şəraitinə nəzarət edəcək. Hələ ki bu yöndə Ukrayna daha mobil və istəkli görsənir.

NATO və müttəfiqlərinin Ukraynaya artan iqtisadi və hərbi dəstəyi qarşısında rusların nə qədər tab gətirə biləcəyini önümüzdəki günlərdə görəcəyik…

Bu arada, 9 maya iki gün qalır…”.

Səxavət Məmməd

www.yenicag.az

577
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv