!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 73-cü GÜNÜ:  “Sürünən templə” davam edən müharibədən gözləntilər - TƏHLİL

!Reklam – Yazi

73 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2565 ədəd, avtomobil texnikası – 195 ədəd, səhra artilleriyası və minaatanlar – 447 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 177 ədəd, zenit-raket kompleksləri – 43 ədəd, təyyarələr – 192 ədəd, helikopterlər – 174 ədəd, PUA-237 ədəd, gəmi-kater – 11 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2645 ədəd, avtomobil texnikası – 2455 ədəd, səhra artilleriyası və minaatanlar – 1182 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 237 ədəd, zenit-raket kompleksləri – 305 ədəd, təyyarələr – 125 ədəd, helikopterlər – 85 ədəd, PUA – 408 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yetmiş üçüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, gün ərazində əsas döyüşlər Donetsk, Luqans, Xerson, Nikolayev, Zaporojets, İzyum, Mariupol istiqamətlərində davam edib:

“73-cü gündə əməliyyatlar teatrında tərəflərin operativ vəziyyətində ciddi dəyişiklik baş vermədi.

Bu gün ruslar Odessa şəhərinə altı qanadlı raket zərbəsi endirdi. Şəhərdə dağıntılar və mülki insan itkiləri var.

Qara dənizdə daha bir Rus hərbi gəmisi vuruldu. “Serna” desant gəmisi “TOR” zenit-raket kompleksini İlan adasına çatdırmaq istəyərkən, hava zərbəsi nəticəsində məhv edildi. İlan adasında daha bir “TOR” tipli hava hücumundan müdafiə sistemi də hava zərbəsi ilə məhv edildi. Gəminin Ukrayna ordusunun “Bayraktar TB 2” PUA-sı vasitəsilə vurulduğu ehtimal olunur.

Mariupol şəhərində vəziyyət gərgin olaraq qalır. Gün ərzində ruslar Mariupol şəhərinin Azovstal ərazisinə aviasiya və artilleriya zərbələrini davam etdirdi.

Rusiya ordusu Azovstal ərazisini axırıncı 3 gündürkü dənizdən, qurudan, hərbi aviassiyadan davamlı olaraq bombardman etməyə davam edir. Bu gün 3 istiqamətdən Azovstal ərazisinə hücumlar təşkil edildi. Hücumlar yenə də uğursuz oldu. Ruslar geri çəkilməyə məcbur oldu.

Ukrayna ordusunun Desant alayının əks həmləsi nəticəsində Donetsk istiqamətində Rusiyanın hərbi karvanı məhv edildi. İzum istiqamətində Rusların döyuş mövqelərindəki hərbçiləri artilleriya zərbələri ilə məhv edildi.

Görünən odur ki, döyüş intensivliyi yüksək olmasa da, tərəflər itkilər verməyə davam edir. Əməliyyatlar teatrında tərəflər artilleriya və raket zərbələrindən istifadəyə daha çox üstünlük verirlər. Aktiv hücum döyüşləri effektli deyil. Çünki çoxlu şəxsi heyət itkisi verilir. Bu səbəbdən tərəflər daha çox şəxsi heyətin qorunmasını düşünməyə başlayıb. Çünki tərəflərin ən böyük problemi şəxsi heyətin komplektləşdirilməsidir. Ehtiyatlar hələ hazır deyil və döyüşənlər çox yorğundur. Siyasilərin tələbləri böyükdür. Amma ordular bunu dəstəkləyə bilmir. Bu istəkləri dəstəkləyə biləcək şəxsi heyət çoxdan sıradan çıxarılıb. Müharibənin birinci on günü hər zaman ən yüksək döyüş hazırlığına malik olan birinci dalğanı aparır. İkinci dalğa müharibənin 30-cu gününə qədər döyüşə bilir. Üçüncü dalğa isə döyüşləri imitasiya edir. İndi sahədə üçüncü dalğa döyüşür. Siyasilər onlardan mümkünsüzü tələb etməkdə davam etsələr də, üçüncü dalğa buna qadir deyil.

Tərəflər 9 maya qədər bu heyyətlərlə davam etməyə məcburdurlar. Düşünürəm ki, 9 maydan sonra ruslar bütün bölgələrdəki paradlarda məşq keçən 10-15 min nəfərə yaxın heyəti dördüncü dalğa olaraq əməliyyat bölgələrinə göndərəcək. Bu hazırlıqsız heyətlər müharibənin qədərini dəyişmə gücündə olmasalar da, say olaraq yenə də işə yarayacaqlar. Ukrayna isə xüsusi təyinatlı mobil qrupların fəaliyyətini artıracaq.

Düşünürəm ki, ümumilikdə əməliyyatlar teatrında tərəflərin əməliyyat şəraitində ciddi dəyişiklik gözləmək doğru olmazdı. Hər iki tərəfin raket artilleriya qoşunları əməliyyat teatrına hakim olmağa davam edəcək. Bu gün Rusların Odessanı altı qandlı raketlə vurması bu qəbildəndir. Hava üstünlüyü mübahisəsiz ruslardadır. Ukrayna siyasi hərbi rəhbərliyi bunun fərqindədir. Vəziyyəti heç cürə nəzarətə götürmək və rusların raket hücumlarına qarşı konkret müdafiə tədbirləri görə bilmirlər. Hava hücumundan müdafiə sistemləri Rusiya raket hücumlarına qarşı yetərsiz qalır. Müttəfiqlərin hərbi yardımı da bu boşluğu doldura bilmir. Əgər əvvəllər ABŞ-dən Ukraynaya göndərilən əsas silah növü daşınan tank əleyhinə silahlar və portativ hava hücumundan müdafiə sistemləri idisə, NATO ölkələri yeni mərhələdə Ukraynaya hücum dronları, artilleriya, zirehli texnika və hərbi təyyarələr tədarük edir. Bu silah və texnikaları istifadə edəcək heyətlər artıq yetişdirilmiş görsənir. Ukraynanın bu hərbi yardımları əməliyyatlar teatrında praktiki olaraq real gücə çevirə bilib-bilməyəcəyini önümüzdəki günlərdəki əməliyyatlar göstərəcək.

Rusiya Suriyadan qoşunlarının bir hissəsini çıxarmağa başlayıb. Suriyadakı Rusiya Ordu kontingentinin bir hissəsi İranın Xəzər dənizindəki Ənzəli limanı ərazisinə gətirilib. Gəmilər vasitəsi ilə hərbi texnikalar və şəxsi heyət Rusiyaya aparılacaq. Rusiyanın bu addımı onu deməyə əsas verir ki, müharibəni qətiyyən dayandırmaq fikri yoxdur. Hansı istəqamətdən gətirə bilərsə, qüvvələrini Ukraynaya yönləndirəcək.

Bundan əlavə Rusiya tərəfi rəsmi olaraq bildirib ki, ABŞ və Qərb ölkələrindən gətirilən böyük miqdarda silah və hərbi texnikanı məhv ediblər. Ukrayna Silahlı Qüvvələrinin 58-ci motoatıcı briqadasının bölmələrinin şəxsi heyəti məhv edilməklə yanaşı “İlan” adası yaxınlığında Ukraynaya məxsus üç “Mi-8” helikopteri və iki “Su-24” və “Su-27” təyyarələri də vurulub.

Ruslar da artıq ilkin döyüş taktikalarını dəyişiblər. Yalnız məsafədən raketlərlə kontaktsız döyüş taktikasını seçdilər. Qısa vədədə bu uğur vəd etməsə də qarşı tərəfin vaxtını və gücünü tükətməyə yetərlidir. Bir də mülki əhalinin itkiləri Ukrayna siyasi rəhbərliyinə ciddi təzyiq vasitəsi kimi düşünülür. Ruslarda raket çox, Ukraynada da dağıdılacaq bina və infrastruktur çox. Ona görə də, bir müddət müharibənin “sürünən templə” davam edəcəyini gözləməliyik…”.

Səxavət Məmməd

www.yenicag.az

585
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv