!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 76-cı GÜNÜ: Kreml seçim qarşısında - dondurulmuş münaqişə, yoxsa məğlubiyyət? - TƏHLİL

!Reklam – Yazi

76 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 580 ədəd, avtomobil texnikası – 255 ədəd, səhra artilleriyası və minaatanlar – 460 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 185 ədəd, zenit-raket kompleksləri – 49 ədəd, təyyarələr – 199 ədəd, helikopterlər – 157 ədəd, PUA – 240 ədəd, gəmi-kater – 12 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 658 ədəd, avtomobil texnikası – 2 465 ədəd, səhra artilleriyası və minaatanlar – 1 189 ədəd, YARS – 245 ədəd, zenit-raket kompleksləri – 315 ədəd, təyyarələr – 164 ədəd, helikopterlər – 125 ədəd, PUA – 700 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yetmiş altıncı gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, Ukrayna-Rusiya müharibəsinin 76-cı günü əməliyyatlar teatrında tərəflərin operativ vəziyyətində ciddi dəyişiklik baş verməyib:

“Taktiki səviyyədə tabor taktiki qruplarının döyüşləri Donetsk, Luqansk, Xerson, Nikolayev, Zaporojets, İzyum, Mariupol istiqamətlərində davam etdi. Döyüşlər, əsasən, lokal xarakter daşıdı.

Ruslar Donetsk, Luqansk, Zaporojye, Nikolayev, Odessa və Xarkov vilayətlərinin ərazilərini aviasiya və raket zərbələri ilə bombalamaqda davam etdi. Bu rayonların mülki infrastrukturuna ciddi ziyan vuruldu. Ruslar nəzarətə götürdüyü ərazilərdəki nəzarət-buraxılış məntəqələrində mülki əhalinin hərəkətlərini məhdudlaşdırdı və bu bölgələrdə komendant saatları tətbiq etdi. Mariupolda “Azovstal” ərzisindəki hərbi bölmələrin blokadası davam edir. Artilleriya və tankların atəş dəstəyi ilə əraziyə hücum cəhdləri edilir.

Xarkov istiqamətində Ukrayna qoşunlarının əks-hücum döyüşləri nəticəsində Cekassi, Tiksi, Ruskiy Tiksi, Rubejnoe, Znamya kəndləri Ukrayna qoşunlarının nəzarətinə keçdi.

Düşünürəm ki, bu istiqamətdə Ukrayna ordusu daha da irəliləməyə cəhd edəcək.

Odessa bu gün də raket zərbələrinə məruz qaldı.

Donbas ərazisində də vəziyyət gərgin olaraq qaldı. Ukrayna Silahlı Qüvvələri rus qoşunlarının bir neçə hücum cəhdlərinin qarşısını aldı. Amma Ruslar bu istiqamətdə irəliləməyə qərarlıdırlar.

Donetsk cəbhəsində Ukrayna ordusunun 79-cu desant briqadasının döyüşçüləri rusların zirehli texnikalarına pusqular quraraq ciddi itkilər verdilər.

Nikolayevdə də ruslar ciddi raket-artilleriya atəşlərinə məruz qaldı.

Gün ərzində rusların raket-artilleriya zərbələri nəticəsində Ukrayna qoşunlarının 74 hərbi obyekti sıradan çıxarıldı.

Dneprepetrovsk vilayətinin Şirokoe yaşayış məntəqəsi üzərində Ukrayna ordusunun SU-35 döyüş təyyarəsi vuruldu. Həmçinin Xerson vilayəti ərazisində Mİ-8 helikoptreri havada vuruldu.

Ukrayna ordusunun İlan adasının nəzarətə götürülməsi üçün planladığı və həyata keçirdiyi əməliyyat uğursuz alındı. Ada hələ də rusların nəzarətindədir.

Bu əməliyyatda ruslar Ukrayna ordusunun üç SU-24 bombardmançısını, bir Su-27 qırıcısını, on Mİ-8, Mi-24 helikopterini, otuza yaxın PUA-sını vurduqlarını iddia edirlər. Eyni zamanda, bu əməliyyatda ruslar Ukraynanın üç döyüş katerini batırdıqlarını elan etdilər.

Bundan əlavə, Rusiya tərəfi rəsmi olaraq bildirdi ki, Luqanskın inzibati sərhədlərinə çıxıblar. Bu o deməkdir ki, Rusiya alternativ planda qarşısına qoyduğu 3 istiqamətdən birinə nail ola bilib. Bundan sonra Rusiya daha çox müdafiə olunmağa başlayacaq. Ukrayna tərəfinin hansı qərar qəbul edəcəyi çox maraqlıdır.

Belarusun Ukrayna sərhədinə ağır texnika cəmləməsi də başa düşüləndir. Çünki müharibənin miqyası genişlənərsə və Qərb cəbhəsi müharibəyə birbaşa müdaxilə edərsə, Belarus müharibəyə hazır olmalıdır. Belarusun indiki halda bu addımı atması müharibəyə qoşulmaqdan daha çox, gələcəkdə olanlardan özünü sığortalayır.

Gün ərzində tərəflərin heç biri ciddi operativ üstünlüyə malik olmadı. Tərəflər necə mövqe döyüşləri aparırdılarsa, elə də davam etdilər. Sadəcə raket-artilleriya qoşunları daha çox mərmi və raket atdı. Tərəflərin zirehli texnika və şəxsi heyət itkisi hər keçən gün artır.

Mövcud vəziyyət tərəflərin heç birini qane etmir.

Ruslar üçün çıxdıqları hədlərdə müdafiəyə keçmək məqbul sayıla bilər. Onsuz da irəliləyə bilmirlər. Müharibə isə Ukraynanın ərazisində gedir. Bu hədlərdə yeni müdafiə rayonları yaradaraq yeni atəşkəs dövrünü başlaya bilərlər. Necə ki bunu 2014-cü ildə etmişdilər. Zaman qazanaraq yeni hücumlar üçün güc və vəsait toplaya bilərlər. Onlar dondurulmuş münaqişə ilə məğlubiyyət arasındakı seçimdə, təbii ki, birincisini seçəcəklər.

Ukrayna tərəfini isə bu qane edə bilməz. Onlar arxasına aldığı gücün artdığını hiss edərək daha da ambisiyalı davranacaqlar. Onlar Rusiya ilə münaqişənin əvvəlindəki sərhədlərini bərpa etməyə çalışacaqlar. Buna isə qısa vədədə onların gücü yetərli deyil. Bu səbəbdən əməliyyatlar teatrında yorucu və sürünən döyüşlər hər iki tərəfi təqib edəcək. Taktiki səviyyədə gah Ukrayna, gah da Rusiya uğurlu olacaq. Bu lokal uğurlar topyekun vəziyyətə heç nə ilə təsir edə bilməyəcək.

Bu gün ABŞ Prezidenti Co Bayden Lend-liz qanununu imzaladı. Qanuna əsasən, ABŞ Prezidenti Konqresin xüsusi razılığı olmadan belə müharibə bitənədək Ukraynaya istənilən vaxt, istənilən həcmdə hərbi, maliyyə yardımı ayıra biləcək.

Bu qanunun imzalanmasını ABŞ-nin Rusiya ilə müharibədə Ukraynanın müttəfiqi anlamına gəldiyi kimi oxumalıyıq. Artıq sahədə Rusiya Belarus cütlüyü ilə 40-a yaxın ölkənin iqtisadi-hərbi gücünün açıq və örtülü mübarizəsini görməkdəyik.

Hərb elmindən uzaq olan insan belə mövcud vəziyyətdəki güc nisbətində tərəflərin hansının üstün olduğunu asanlıqla təhmin edə bilər. Ona görədə düşünürəm ki, uzun vadədə Rusiyanın iqtisadi və hərbi imkanları hər keçən gün azalacaq. Ukrynanınkı isə tam əksinə, artaraq gedəcək. Bu vəziyyətdə qısa vədədə kiminsə qalib olacağını gözləməyimiz sadəlövhlük olardı. Uzun vədədə isə güc balansı Ukraynanın lehinə dəyişəcək. Onların bundan necə istifadə edə biləcəklərini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv