!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 85-ci GÜNÜ: Döyüşlərin taleyi motivasiyadan asılıdır - TƏHLİL

!Reklam – Yazi

85 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 620 ədəd, avtomobil texnikası – 2 228 ədəd, səhra artilleriyası və minaatanlar – 487 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 209 ədəd, zenit-raket kompleksləri – 65 ədəd, təyyarələr – 205 ədəd, helikopterlər – 165 ədəd, PUA -345 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 704 ədəd, avtomobil texnikası – 2 510 ədəd, səhra artilleriyası və minaatanlar – 1 228 ədəd, YARS – 270 ədəd, zenit-raket kompleksləri – 337 ədəd, təyyarələr – 172 ədəd, helikopterlər – 132 ədəd, PUA – 720 ədəd.

Ukrayna-Rusiya müharibəsinin səksən beşinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 85-ci gündə əməliyyatlar, əsasən, Severodonetsk, Lyman, Rubejnoe, Lisiçansk, Popasnoe, İzyum istiqamətində davam edib və ciddi mövqe dəyişikliyi olmayıb:

“Ukrayna qoşunları İzyum-Kupiansk istiqamətində irəliləməyə cəhd etdilər. Ruslar bu istiqamətdə ciddi dirəniş göstərirlər.

Ruslar əsas səylərini Severoedonetsk istiqamətində cəmləşdirir. Bu istiqamətdə hücumlarını davam etdirməyə niyyətlidirlər. Onlar bu istiqamətdə döyüş təyyarələrindən, artilleriya və minaatanlardan istifadə edərək Severodonetsk şəhərini və müdafiə mövqelərini atəş altında saxlayırlar.

Gün ərzində Rusiya qoşunları yüksək dəqiqlikli hava raketləri ilə Loskutovka ərazisində Ukrayna qoşunlarının 24-cü əlahiddə mexanizə biriqadasının komanda məntəqəsini vurdu.

Artilleriya bölmələri Ukrayna qoşunlarının altı komanda məntəqəsini məhv etdi. Aerokosmik Qüvvələrin aviasiyası Ukraynanın 45 hərbi obyektini, o cümlədən LDR-də raket və artilleriya silahları anbarını vurdu. Rusiyanın hava hücumundan müdafiə sistemləri gün ərzində üç Ukrayna pilotsuz təyyarəsini vurdu.

Son həftələrdə Rusiya Federasiyasında müharibənin ilkin mərhələlərində qarşıya qoyulmuş tapşırıqlara nail ola bilməyən bir neçə hərbi rəhbər vəzifəsindən azad edilib. Xarkovu ələ keçirə bilmədiyi üçün 1-ci qvardiya tank ordusunun komandanı vəzifəsindən uzaqlaşdırılıb. Moskva kreyserinin batmasından sonra Qara dəniz donanmasının komandanı da vəzifəsindən uzaqlaşdırılıb.

Hərbi rəhbərlik komandanlar və komandirlər barədə nə qədər ciddi qəralar qəbul etsə də, əməliyyatlar teatrında vəziyyət dəyişmir. Çünki onlara verilən zaman ərzində qoşunları bu vəzifələri yerinə yetirəcək hala gətirə bilmədilər. Ordunun döyüş hazırlığından başqa hər şeylə məşğul oldular. İndi əməliyyatlar teatrında nəticələrinə qatlanmalı olurlar.

Döyüşlərdə iştirak üçün vəd edilmiş ödənişlər vaxtlı-vaxtında edilmədiyi üçün rusların birinci eşalon bölmələrindəki şəxsi heyət ruhdan düşüb. Buna Ukrayna müdafiə qüvvələri ilə döyüşlərdə verdikləri itkilər də təsir edir. Qoşunlarda fərarilik halları qeydə alınır.

Ukrayna ordusu isə tam əksinə. Müharibənin ciddi fazasını geridə buraxmış kimi döyüşürlər. Onların motivasiyası və döyüş hazırlığı hər keçən gün qarşı tərəfin qüvvələrinin motivasiyasını və döyüş qabiliyyətini üstələyir. Biz bunu lokal əməliyyatlarda və istiqamətlər üzrə qarşı tərəfə verdikləri cavab döyüşlərində görürük. Onlar hələ də ərazilərin azad edilməsinə inanırlar. Bunun üçün çox qərarlı görsənirlər.

Müharibənin 85 gün davam etməsinə baxmayaraq, hələ də Rusiya Ukraynada strateji məqsədlərinə nail ola bilməyib. Donbasdakı hücumları da dayandırıldı. Kiyev və Xarkov ərazilərini tərk edəndən sonra onlar əsas qüvvələri cənub-şərq istiqamətinə yönəltdilər.

Birinci eşalon bölmələri iyirmi faizə qədər itkilər veriblər. Bu bölmələrin ehtiyatlarla komplektləşdirməsini vaxtında həyata keçirə bilmirlər. Bütün bunlara baxmayaraq, bu, Moskvanın öz strateji məqsədlərindən əl çəkdiyi anlamına gəlməz. Bu səbəbdən müharibənin hələ davam edəcəyini gözləməliyik.

Qarşıya qoyulan hədəfləri nəzarətə götürməsi yolunda hansı tərəfin daha uğurlu olacağını önümüzdəki günlərdə görəcəyik…”

Səxavət Məmməd

www.yenicag.az

795
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv