!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 86-cı GÜNÜ: Daha şiddətli döyüşlərin bir addımlığında - TƏHLİL

!Reklam – Yazi

86 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 623 ədəd, avtomobil texnikası – 2 230 ədəd, səhra artilleriyası və minaatanlar – 489 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 211 ədəd, zenit-raket kompleksləri – 68 ədəd, təyyarələr – 205 ədəd, helikopterlər – 165 ədəd, PUA – 347 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 709 ədəd, avtomobil texnikası – 2 513 ədəd, səhra artilleriyası və minaatanlar – 1 230 ədəd, YARS – 272 ədəd, zenit-raket kompleksləri – 339 ədəd, təyyarələr – 172 ədəd, helikopterlər – 133 ədəd, PUA – 725 ədəd.

Ukrayna-Rusiya müharibəsinin səksən altıncı gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 86-cı gündə əməliyyatlar, əsasən, Severodonetsk, Lyman, Rubejnoe, Lisiçansk, Popasnoe, İzyum rayonları istiqamətində davam edib və ciddi mövqe dəyişikliyi olmayıb:

“Severodonetsk istiqamətində artıq üç sutkadır şiddətli döyüşlər davam edir. Tərəflərdən heç biri üstünlük əldə edə bilmir. Əvvəlki təhlillərimizdə də bildirmişdik ki, Rusiya ordusu məhz bu istiqamətdə cəmləşir və əsas hücum istiqamətlərindən biri bura olacaq. Severodonetsk istiqamətinə Rusiya əlavə qüvvələr də cəlb etmişdi. Artıq Rusiyadan yeni cəlb edilmiş Tank alayları Severodonetsk istiqamətdə hücumlara başlayıb. Orada tərəflər ölüm-qalım müharibəsinə girişiblər. Rusiya tərəfi son üç gündə həmin istiqamətdə xeyli sayda şəxsi heyət itirsə də, geri çəkilmir. Ruslar sanki orada ətdən çəpər çəkiblər. Bu qədər şəxsi heyət itkisi ilə nə qədər davam edəcəkləri sual altındadır.

86-cı gündə yaşanan önəmli gəlişmələrdən biri də Rusiyanın PUA-ları 5 saniyə ərzində məhv edən lazer sialını sınaqdan keçirməsi və onlaırn silahlanmaya daxil ediləcəyini açıqlaması oldu.

Günün əsas hadisəsi isə Mariupol şəhərinin “Azovstal” ərazisindəki döyüşçülərin təslim olması oldu. Mülki şəxslər, yaralılar təslim olandan sonra “Azov” alayının komandiri Karpal videomüraciət edərək təslim olmayacaqlarını və sona qədər döyüşəcəklərini açıqlamışdı. Ancaq video müraciətdən bir qədər sonra həmin “Azovstal”da qalan son döyüşçülərin də təslim olduğunu gördük. İstər mülki şəxslər, istərsə də yaralı hərbçilər təslim olanda Rusiya bunun informasiya müharibəsinə və ictimaiyyətə yönələn bir kampaniyaya çevirməmişdi. Hesab edirəm ki, onlar da “Azovstal”da qalan son əsgərlərin təslim olmasını gözləyirdilər. Ancaq son təslimçilikdən sonra Rusiya informasiya maşını işə düşüb. Düşünürəm ki, onlar bununla həm cəmiyyətə motivasiya verməyə çalışacaqlar, həm də əsgərlərini motivasiya edəcəklər.

Ümumiyyətlə, Mariupolun tam nəzarətə götürülməsi həm də o anlama gəlir ki, o istiqamətdəki qüvvələri digər hücum istiqamətlərinə yönləndirəcəklər.

Ukrayna Prezidenti Zelenski də açıqlamasında bildirib ki, bütün ümidləri tükənən Azov polkunun döyüşçüləri Ukrayna Silahlı Qüvvələrinin razılığı ilə təslim olub.

Digər tərəfdən, NATO daxilində də gərginlik müşahidə olunur. Hiss olunur ki, Qərb cəbhəsinin diqqəti daha çox gərginliyi yatırtmağa və Türkiyəni razı salmağa qarışıb. Türkiyə ilə ilk görüşdən sonra heç bir nəticə hasil olmadı. İsveç tərəfinin maraqlı açıqlaması oldu. Onlar bildirdi ki, qəbul olduqdan sonra PKK-nın fəaliyyətinə qərar verəcəklər. Təbii ki, Türkiyə buna heç bir vəchlə razı olmaz. NATO daxilindəki gərginliyi Baş katib də etiraf edib və bildirib ki, ilk dəfə deyil, belə halla qarşılaşırlar. O, problemi həll etməyə çalışdıqlarını qeyd edib.

Rusiya Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciətindən sonra elektirik enerjisini kəsmişdi. Rəsmi Moskva Finlandiyaya qaz satmağı da dayandırıb. Bunlar nə qədər də siyasi amillər olsa da, hərb sahəsindəki fəaliyyətə dolayısı ilə təsiri olacaq.

Ukrayna tərəfi rəsmi olaraq bildirdi ki, artıq müharibənin üçüncü və daha qanlı fazası başlayacaq. Bu o deməkdir ki, müharibənin qırılma anını görə bilərik. Tərəflər son dərəcə yorğun olmalarına baxmayaraq, masada əlləri güclü olsun deyə, ağır döyüşlərə hazırlaşırlar.

Döyüşlərdə hansı tərəfin uğur qazanacağını və masada əsas söz sahibi olacağını yaxın günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv