!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 89-cu GÜNÜ: Moskva taktikasını dəyişir - TƏHLİL

!Reklam – Yazi

89 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 630 ədəd, avtomobil texnikası – 2 240 ədəd, səhra artilleriyası və minaatanlar – 495 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 216 ədəd, zenit-raket kompleksləri – 71 ədəd, təyyarələr – 207 ədəd, helikopterlər – 166 ədəd, PUA – 355 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 713 ədəd, avtomobil texnikası – 2 520 ədəd, səhra artilleriyası və minaatanlar – 1 239 ədəd, YARS – 277 ədəd, zenit-raket kompleksləri – 345 ədəd, təyyarələr – 174 ədəd, helikopterlər – 134 ədəd, PUA – 727 ədəd.

Ukrayna-Rusiya müharibəsinin səksən doqquzuncu gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 89-cu gündə əməliyyatlar, əsasən, Luqansk, Severodonetsk, Popasnoe, İzyum istiqamətində davam edib və tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi olmayıb:

“Rusiya ordusu əsas qüvvələrini Luqansk bölgəsində cəmləşdirdi. Onlar ora çoxlu sayda əsgər və texnika köçürür. Bütövlükdə Luqansk vilayətini ələ keçirmək üçün Rusiya ordusu bu istiqamətdə hər birində təxminən 500 nəfər olmaqla 25 tabor taktiki qrupu yerləşdirdi. Görünən odur ki, Rusiya qoşunları Luqansk vilayətinin inzibati sərhədlərinə çıxmaqda qərarlıdır. Bu plan onlar üçün mümkün görsənir.

Ruslar artıq istiqamətlər üzrə hücumlarında taktikanı dəyişmiş görsənir. Əvvəl bir neçə istiqamətdən hücum edirdilər. Nəticə istənilən kimi olmurdu. İndi bir istiqamətdən irəliləyirlər. Operativ hədəf nəzarətə götürüləndən sonra başqa istiqamətə keçirlər. Hələlik bu taktika özünü doğruldur.

Yeri gəlmişkən, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu 2-3 gün ərzində bu cür problemlə üzləşmişdi. Azərbaycan ordusu iki hücum istiqaməti seçmişdi. Şimal istiqamətində uğursuzluq oldu və ərazinin çətinliyi hücumun sürətini çox aşağı salacaqdı. Ona görə də Azərbaycan ordusu şimal və mərkəzi hissəni müdafiədə saxlayıb, cənub cəbhəsinə qoşunları cəlb etdi, nəticə də göz qabağında. İndi də Rusiya reallığı anlamağa başlayıb. Biz ilk günlərdəki təhlillərimizdə göstərirdik ki, Rusiya Qarabağ müharibəsini incələməyib. İncələsə, bilərdilər ki, müasir müharibəni necə aparmaq lazımdır. Ancaq hiss olunur ki, indi daha realist qərarlar verirlər.

Ukrayna qoşunları bu taktikaya qarşı qoymaqda çətinlik çəkirlər. Çünki bir istiqamətdə hücum edərkən ruslar üstün qüvvələr nisbəti yarada bilir. İtkilər olsa da, qismən irəliləyə bilirlər. Luqansk vilayəti inzibati ərazisi sərhədlərinə çıxmaqla ruslar bu istiqamətdə operativ hədəflərinə çatmış sayılacaq. Ondan sonra müdafiə əməliyyatlarına hazırlaşacaqlar. Sonrakı mərhələdə bu hədlərdə masaya oturmaq onları qane edəcək.

Severodonetsk istiqamətində də ehtiyatlar cəmləşdirildiyi görünür. Luqanskdan sonra əsas bu istiqamət olacaq. Onlar yaxın günlərdə bu hədlərə çıxmaqla bu istiqamətdə möhkəmlənməyə çalışacaqlar. Bundan sonra qüvvələr digər operativ istiqamətlərə yönləndiriləcək.

Eyni zamanda gün ərzində Ukraynanın Lyman şəhəri Rusiya qoşunlarının raket-artilleriya atəşləri ilə darmadağın edildi.

Rusiya Krımda əlavə iki S-400 zenit-raket divizionu yerləşdirdi. Qara dəniz və Azov əməliyyat zonalarında gəmi qrupları döyüş əməliyyatları rayonlarının təcrid edilməsi və Ukrayna ərazisindəki infrastruktur obyektlərinə raket zərbələri endirilməsi tapşırıqlarını yerinə yetirməkdə davam edir.

Digər istiqamətlərdə əməliyyatlar minaatan və artilleriya duelləri mərhələsinə keçmiş görsənir. Təmas halındakı qoşunların motoatıcı bölmələri arasında intensiv atışma yoxdur. Rəqiblərin mövqeləri, əsasən, pilotsuz təyyarələrin köməyi ilə aşkar edilir və atəş altına alınır. Əməliyyatlar teatrında düşməni tez və dəqiq aşkar edə bilən və onun atəş nöqtələrini məhv edə bilən qalib gələcək. Taktiki və operativ səviyyədə qalib olmaq üçün Qərb tərəfdaşları Ukraynaya mümkün qədər çox artilleriya sistemi, minaatan və yüngül zirehli texnika verməlidir.

Bu gün Ukrayna Prezidenti xalqa növbəti dəfə müraciət etdi. O qeyd etdi ki, Ukraynanın Rusiyaya qarşı müharibədə məqsədi azad dünyanın bütün ölkələrinin ümumi dəyərlərinin müdafiəsidir. O, tərəfdaşlarını buna inandırmış görünür.

Bu gün Rusiyanın BMT-dəki müşaviri Boris Bondarevin istefa verməsi əsl sensasiya sayıla bilər. Diplomat istefasının səbəbini Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəni göstərib. Diplomat baş verənləri Rusiya Prezidenti Vladimir Putinin başlatdığı aqressiv müharibə adlandırıb.O, BMT-də və dünyada bütün digər rus diplomatlarını ondan mənəvi nümunə götürməyə və istefaya getməyə çağırıb: “Rusiyanın artıq müttəfiqləri yoxdur. Gələcəkdə ölkə getdikcə deqradasiyaya uğrayacaq və dünyadan təcrid vəziyyətinə düşəcək”. Bunu Rusiya xarici diplomatisyasının “kollaps”ı adlandırmaq olar. Düşünürəm ki, onun göstərdiyi bu nümunə bulaşdırıcı olacaq və “domino” effekti verəcək. Xaricdə çalışan diplomatlar artıq Rusiyada yaşamaq və çalışmaq istəməyəcəklər. Kreml rəhbərliyi intellektual “beyin axını”nın qarşısını heç cürə ala bilməyəcək. Əslində, ölkə üçün ən böyük itki beyin axını olacaq.

Ukrayna ərazisinə müdaxilə Rusiyanı tam geosiyasi təcrid vəziyyətinə salıb. Kreml rəhbərliyi görür ki, trilyonlarla rubl sərmayə qoyulmuş “sarsılmaz rus ordusu” haqqında miflər əməliyyat teatrında sabun köpüyü kimi “buxarlanır”. Rusiya ordusu özündən dəfələrlə kiçik və onlarla dəfə az maddi-texniki bazaya malik Ukrayna ordusu qarşısında aciz duruma düşür. Ukrayna ordusu bunun fərqindədir və əksinə “doza”nı artıraraq gedir.

Baş verə biləcək digər arzu olunmaz halların qarşısının Rusiya tərəfindən necə alına biləcəyini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

1103
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv