!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 90-cı GÜNÜ: Əməliyyat şəraiti rusların nəzarətindədir - TƏHLİL

!Reklam – Yazi

90 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 635 ədəd, avtomobil texnikası – 2 245 ədəd, səhra artilleriyası və minaatanlar – 495 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 217 ədəd, zenit-raket kompleksləri – 72 ədəd, təyyarələr – 207 ədəd, helikopterlər – 166 ədəd, PUA – 360 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 720 ədəd, avtomobil texnikası – 2 525 ədəd, səhra artilleriyası və minaatanlar – 1 240 ədəd, YARS – 277 ədəd, zenit-raket kompleksləri – 345 ədəd, təyyarələr – 174 ədəd, helikopterlər – 134 ədəd, PUA – 730 ədəd.

Ukrayna-Rusiya müharibəsinin doxsanıncı gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 90-cı gündə əməliyyatlar, əsasən, Luqansk, Severodonetsk, Popasnoe, İzyum istiqamətində davam edib və tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi olmayıb:

“Rusiya Ukrayna müharibəsi 4 günlük planlanmış olsa da, artıq üç ay tamam oldu ki, davam edir. Ekspertlərin müharibənin müddətinə dair verdikləri heç bir proqnoz özünü doğrultmadı.

Gün ərzində Ukrayna qoşunları taktiki tabor qüvvələri ilə Rusiya sərhədinin yaxınlığında yerləşən Volçansk yaşayış məntəqəsi istiqamətindən Belqorod istiqamətində hücüm etdilər. Ruslar bu istiqamətdə onların cinahlarından əks-hücum keçirdilər. Ukrayna qoşunları çıxdıqları hədlərdə dayanıb mövqe döyüşlərinə keçdilər.

İzyum istiqamətində də şiddətli döyüşlər davam etdi. Bu istiqamətdə Rusiya tabor taktiki qrupları İzyum-Barvinkovo istiqamətində hücumlarını davam etdirdilər. Ukrayna qoşunları bu qruplaşmanın da hücumlarını qismən dayandırdı. Bu istiqamət ruslar üçün əsas hücum istiqaməti olaraq qaldığından yeni ehtiyyatlar cəmləşdirilir. Bu istiqamətdə onlar Qırmızı Liman şəhərinin bir hissəsini nəzarətə götürdülər.

Lisiçansk istiqamətində də şiddətli döyüşlər gedir. Ruslar bu istiqamətdə irəliləməyə cəhd edirlər. Bu istiqamətdə onlar Ukrayna qoşunlarını mühasirəyə almağa və bütün qruplaşmanı əsir almağa çalışırlar. Bu baş versə, Ukrayna qoşunları ikinci Mariupolu yaşayacaqlar. Rusların bu istiqamətdə planları real görünür. Çünki artıq onlar döyüşlərdə uğurlu olmağın taktikasını mənimsəyiblər. Yalnız bir və ya iki istiqamətdə bütün qüvvələri cəlb edərək az-az da olsa, irəliləmə taktikası özünü hələ ki doğruldur. Bir də bu istiqamətə cəlb etdikləri əlavə 5-6 yeni tabor taktiki qrupları onların əməliyyatlarını uğurlu edir. Onlar hava üstünlüyü və raket artilleriya üstünlüyünü də özlərində saxlayırlar.

Bu istiqamətdə Ukrayna qoşunlarının vəziyyəti ağır olaraq qalır. Onlar Solvadar rayonununun tərk etdilər. Yeni mövqelərə keçməyə cəhd etdilər.

Görünən odur ki, Kreml rəhbərliyi bu istiqamətdəki ordu komandanlarına tezliklə Luqansk və Donetskin inzibati sərhədlərinə çıxmaq tapşırığını qoyub. Onlar da bu tapşırığın yerinə yetirilməsinə ciddi cəhd göstərirlər. Görünən odur ki, Rusiya rəhbərliyi birdəfəlik olaraq bu əraziləri nəzarətə götürməklə masaya oturmağı tərcih edəcək. Bu fikiri onların siyasiləri də tez-tez səsləndirirlər.

Popasnoe istiqamətində də şiddətli döyüşlər davam etdi. Tərəflər mövqe döyüşləri apardılar. Zaporojye istiqamətində də aktivlik müşahidə olundu. Rusiya qoşunları Orexovo-Qulyaypole yaşayış məntəqəsi istiqamətində hücumlarını davam etdilər.

Xerson-Çernobayevka istiqamətində ruslar yenə də hücüma cəhd etdilər. Bu hücumlar da uğursuz oldu.

Görünən odur ki, bütün istiqamətlərdə Rusiya qoşunları hücumlarını davam etdirməyə qərarlıdırlar. Ukrayna qoşunları taktiki səviyyədə onları durdurmağa cəhd edirlər. Ümümi götürsək, hələ ki əməliyyat şəraitinə ruslar nəzarət edirlər.

Bu gün Rusiya müdafiə naziri Şoyqu dedi ki, əməliyyatlar planlandığı kimi gedir. Əməliyyatların yavaş getməsini mülki əhali arasında ciddi itkilərin qarşısını almaq üçün planlı edildiyini əsaslandırdı. Bu əsaslandırmanın reallıqdan daha çox Kreml rəhbərliyini razı salmaq üçün hesablandığını düşünürəm.

Luqansk üzərində SU-25 qırıcı təyyarəsi vuruldu. Rusiya Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Kanamat Botaşev öldürüldü. İstefada olan generalın döyüş təyyarəsinin kabinəsində olması çox düşündürücüdür.

Düşünürəm ki, ruslar ciddi pilot çatışmazlığı yaşayır. Əks halda, nədən ehtiyatda olan general təyyarənin idarə edilməsinə cəlb edilsin?! O, Rusiyanın Ukraynada itirdiyi ən yüksək rütbəli pilotdur. Görünən odur ki, ən yüksək səviyyədə hərbi rəhbərlik tərəfindən Hərbi Hava Qüvvələrinin idarə edilməsində də hərbi fərdi kompaniyanın üzvlərinin iştirakına icazə verilib. İctimaiyyət onları “VÇK Vaqner” kimi tanıyır.

Müharibənin üç ayı ərzində əməliyyatlar teatrında baş verənləri ümumiləşdirsək, bu günə olan vəziyyətə görə, Rusiya qoşunlarının Ukrayna ərazisinin 20 faizini nəzarətə götürdüyünü görərik. Ukraynanın təqribən 125 min kvadrat kilometr ərazisi Rusiyanın nəzarəti altındadır. Bunlar Donetsk, Luqansk, Xarkov, Xerson, Zaporojye vilayətlərinin hissələri və Krım yarımadasından ibarətdir. Fevralın 23-dək nəzarətə götürülmüş ərazilər Ukrayna ərazilərinin 7 faizini təşkil edirdisə, indi onlar 20 faizə nəzarət edirlər. Bu nəticə Rusiyaya 27 minə yaxın şəxsi heyət və 13 milyard dollarlıq hərbi texnika itkiləri müqabilində başa gəlib. Bunlardan 6 milyard dollar təyyarə və helikopter, 4 milyard dollar tank və zirehli döyüş maşını, 1 milyard dollar gəmi və katerlər, 2 milyard digər texnikalar olub. Rusiya qüvvələrinin itirdiyi ən bahalı texnikalar “Moskva” kreyseri (750 milyon dollar), “İl-76″ təyyarəsi (86 milyon dollar) və “Saratov” desant gəmisi (75 milyon dollar) olub.

Düşünürəm ki, bu itkilərin müqabilində əldə olunan nəticə “çox bahalı lüks”dür.

Hər gün artan itkilər nəticəsində əldə olunan bu “lüks”ü Rusiyanın nə vaxta qədər özünə rəva biləcəyini önümzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

740
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv