!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 94-cü GÜNÜ: Qərb güzəştə getməyə, Putin Ukrayna ilə danışığa hazırdır - TƏHLİL

!Reklam – Yazi

94 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2650 ədəd, avtomobil texnikası – 2260 ədəd, səhra artilleriyası və minaatanlar – 508 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 224 ədəd, zenit-raket kompleksləri – 78 ədəd, təyyarələr – 210 ədəd, helikopterlər – 169 ədəd, PUA – 370 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2735 ədəd, avtomobil texnikası – 2535 ədəd, səhra artilleriyası və minaatanlar – 1250 ədəd, YARS – 285 ədəd, zenit-raket kompleksləri – 351 ədəd, təyyarələr – 178 ədəd, helikopterlər – 139 ədəd, PUA – 735 ədəd.

Ukrayna-Rusiya müharibəsinin doxsan dördüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 94-cü gündə döyüşlər taktiki səviyyədə, əsasən Xarkov, İzyum, Liman, Severodonetsk, Lisiçansk, Popasnoe yaşayış məntəqələri istiqamətində davam edib və tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş verməyib:

“Xarkov istiqamətində şiddətli döyüşlər getdi. Şəhər aviasiya və artilleriya vasitələri ilə atəşə tutuldu. İzyum-Severodoneçk istiqamətində qismən vəziyyət dəyişikliyi müşahidə olundu. Rusların hücumları dayandırıldı. Onlar ayrı-ayrı istiqamətlərdə hücuma davam etməyə cəhd etdilər. Bu istiqamətdə də aviasiya və artilleriya atəşləri daraldılmış cəbhə istiqamətinə yönləndirildi. Severodoneçk istiqamətində ruslar şəhərin kənar əhatəsinə çatmış görsənirlər. Kamışova yaşayış məntəqəsindən geri çəkilməyə məcbur oldular. Ruslar hücum taktikasını dəyişiblər. Bütün istiqamətlərdə hücum tempini azaltmaqla cəbhəni daraldaraq davam etməyə çalışırlar. Bəzi istiqamətlərdə onlar buna nail ola bilirlər. Bəzi istiqamətlərdə isə hücumları dayandırılır.

Liman şəhəri uğrunda da şiddətli döyüşlər davam etdi. Şəhərə Ruslar nəzarət edirlər.

Mümkün hücum istiqamətlərinin çoxunda taktiki səviyyədə ruslar dayandırılıblar. Onların əlavə qüvvə cəlb etdikdən sonra hücumlarına davam edəcəkləri gözləniləndir.

Luqansk, Donetsk sərhədlərinə çıxma istəkləri ciddi müqavimətlə rastlaşır. Bütün istiqamətlərdə hər iki tərəf itkilər verdi. Severo Avdeyevka və Zaporoje istiqamətlərində hücum cəhdləri uğursuz oldu. Bu gün Xerson istiqamətində Ukrayna qoşunları əks-həmlə keçirməyə cəhd etdi. Onlar çayı keçərək hücum üçün plasdarm yaratdılar. Bu istiqamətdə hücum cəhdlərini davam edəcəkləri gözlənilir.

Bu gün də ruslar tərəfindən Severodoneçk qruplaşmasının mühasirəyə alınması başa çatdırıla bilmədi. Amma cəhdlərini yenə də davam etdirəcəkləri gözlənilir.

Ruslar Lisiçansk-Severodoneçk hədlərində də problemlər yaşayırlar.

Bu gün ruslar Krasnı Lyman şəhərini nəzarətə götürdülər. Rusiya qırıcıları Xerson və Xarkov vilayətlərində Ukraynaya məxsus iki Su-25 hücum təyyarəsini vurdu. Rusiyanın əməliyyat-taktiki və ordu aviasiyası Ukrayna qoşunlarının altı komanda məntəqəsini, bir rabitə mərkəzini, dörd sursat anbarını və iki “Qrad” batareyasını vurdu. Rusiya raket qoşunları və artilleriyası atəş mövqelərində Ukraynanın daha 42 artilleriya və minaatan bölməsini vurdu. Rusiya hava hücumundan müdafiə sistemləri bir gündə 18 Ukrayna pilotsuz uçan aparatını və bir Mi-8 helikopterini vurdu. DXR-in Svatovo vilayətində Ukraynaya məxsus “Toçka-U” raketi tutuldu, Xarkov vilayətinin Suxaya Kamenka və Xerson vilayətinin Holaya Pristan qəsəbələri ərazilərində yeddi “Smerç” MLRS raketi vuruldu.

Günün nəticəsinə görə taktiki səviyyədə əməliyyat şəraiti bərabərləşdi. Hava üstünlüyü Rusiya aviasiyasında qaldı. Artilleriya atışlarında tərəflər bir-birindən o qədər də üstün olmadılar. Gün ərzində tərəflər mövqe döyüşlərini davam etdirdilər. Taktiki səviyyədə döyüşən bölmələr çox tükənmiş və yorğun haldadır.

Ehtiyatlar isə onları dəstəkləyə bilmir. Bu şəraitdə tərəflərin hansısa birindən qeyri-adi əməliyyatlar gözləmək sadəlövhlük olardı. Bunu edə bilmirlərsə bütün cəbhədə ciddi dəyişiklik gözləmək doğru olmazdı. Önümüzdəki günlərdə tərəflərin hücum tempinin aşağı olması səbəbindən əməliyyatların sürünən fazasını müşahidə edəcəyik. Hər gələn gün keçən gündən çox da fərqlənməyəcək. Dolayısı ilə önümüzdəki günlərdə əməliyyatlar teatrındakı vəziyyəti döyüşlər deyil, siayasilər müəyyən edəcək. Əməliyyat vəziyyətini döyüşlərlə dəyişə biləcək qüvvələr tükənmiş haldadır. Hərbi komandanlıqlar taktiki və operativ vəziyyəti heç bir halda dəyişə bilmirlər. Onların bunu dəyişməsi üçün ən azından iyirmi minlik əlavə hazırlıqlı ehtiyyat qüvvəyə ehtiyacı var. Amma heç bir tərəfdə bu qüvvələr yoxdur.

Onlar bu qüvvələri səfərbər etməyə başlasalar, ən yaxşı halda iki aya hazırlayıb ortaya çıxara bilərlər. Amma bunun üçün onlara vaxt tanınmır. Hərbi birləşmələr vaxtlı-vaxtında ehtiyatlarla təmin olunmursa, onlardan tələb olunanı yerinə yetirilə bilməyəcəkləri göz önünə alınmalıdır. Siyasi rəhbərliklər isə reallıqla barışmaq istəmirlər. Onlar düşünür ki, nə əmr verdilərsə hərbçilər onu yerinə yetirməlidir. Tərəflərin hərbi imkan və qabiliyyətləri siyasi əmirləri dəstəkləyə bilmir. Siyasilər isə vəziyyətlə barışa bilmir. Nəticədə mövqe döyüşləri günü qurtarır.

Siyasi arenada da vəziyyət bərabərləşmək üzrədir. Belə ki, taxıl qıtlığı və milyonlarla insanın ac qalma ehtimalı Rusiyanın əlini gücləndirib. Putin Fransa və Almaniya liderləri ilə söhbət zamanı Qərbin silah verməsini dayandıracağı halda onlar limanlardakı taxılın dünya bazarına çıxmasına icazə verə biləcəklərini bildirib. Hiss olunur ki, nüvə silahından çəkinməyən Qərb, indi taxıl probleminə görə güzəştə getməyə hazırdır. Bundan əlavə, Putin Ukrayna ilə danışıqlara hazır olduqlarının mesajını da verib. Hiss olunur ki, Qərb də müharibənin indiki səviyyədə dayanmasında maraqlıdır. Hərb meydanında müharibə sürünsə də, yaxın günlərdə siyasət meydanında çox hərəkətli olacaq.

Tərəflərin hansının vəziyyəti ciddi dəyişəcək addımlar ata biləcəyini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

1044
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv