!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının SƏKKİZİNCİ GÜNÜ: "Müharibənin başlaması Putinin iki dodağı arasında idisə..." - TƏHLİL

!Reklam – Yazi

Ukrayna-Rusiya müharibəsinin geridə qalan səkkizinci gününün təhlilinə keçməzdən öncə tərəflərin itkilərini diqqətinizə çatdırırıq.

Geridə qalan səkkiz gün ərzində Rusiyanın təxmini itkiləri: 7000-ə yaxın əsgər, 34 təyyarə, 36 helikopter, 240 tank, 1200-dən çox hərbi texnika, 34 ədəd reaktiv yaylım atəş sistemi, 86 ədəd yanacaq sisterni, 8 PUA, 4 qayıq və 550 ədəd avtomobil texnikası.

Ukrayna tərəfinin təxmini itkiləri:

6000-ə yaxın hərbçi,2000-ə yaxın mülkü şəxs, 1630 hərbi obyekt, 56 komanda məntəqəsi , 42 ədəd S-300 zenit-raket kompleksi, 6 ədəd “Buk M-1” və “Osa” zenit-raket kompleksləri, 56 RLS stansiyası, 57 təyyarə, 482 tank və digər zirehli döyüş maşını, 67 reaktiv yaylım atəş sistemi, 255 səhra artilleriya qurğusu və minaatan, 348 xüsusi təyinatlı hərbi texnika, 48 pilotsuz uçuş aparatı.

Ukrayna-Rusiya müharibəsinin səkkizinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, Ukrayna hərbi kəşfiyyatının Rusiyadan ələ keçirilən məxfi hərbi sənədlərdən müharibənin 15 günə planladığı görünür:

“Bu gün səkkizinci gündəyiksə, bu o deməkdir ki, müharibənin Rusiyanın planladığı şəkildə hələ yarısındayıq. Yarısında olduğumuz müddətdə gördüyümüz odur ki, Rusiya hərbi hədəfləri, mümkün ola biləcək operativ hədəflər də daxil olmaqla 30 faizi civarında ələ keçirib. 15 günlük planlamaya əsasən Rusiya istəyinə nail olmaq istəyəcəksə, əlində olan nə varsa, xüsusən də opertiv-taktiki, qanadlı raketlər, kassetli bombalı raketlərdən istifadə edərək bu müddəti qısaltmağa çalışacaq. Əslində, səkkizinci gündə iki maraqlı məqam da baş verdi. Birinci məqam ondan ibarət idi ki, tərəflərin siyasiləri yenidən görüşdülər. Humanitar atəşkəsin əldə olunması barədə razılıq əldə etdilər. Müharibələrdə humanitar atəşkəsin olması çox vacib elementlərdir. Birincisi, ona görə ki, atəş altında olan yerli əhalinin maddi və ərzaq ehtiyatlarını ödəmək baxımından çox vacibdir. İkincisi isə, ərazidə qalan meyitlərin ərazidən götürülməsinə şərait yaradılmalıdır. Bir də hərbi əsirlərin dəyişdirilməsi gündəmdədir. Düşünürəm ki, hərbi əsirlərin dəyişdirilməsi müharibənin gedişatında baş verməyəcək. Əsas məsələlərdən biri odur ki, ən azından siyasilər humanitar qərar qəbul etmək səviyyəsində anlaşmış oldular. İkinci mühüm məqam ondan ibarətdir ki, hər iki tərəfin ali baş komandanı müsahibə verərək, müharibənin gedişatı ilə bağlı xalqlarına hesabat verdilər. Verdikləri hesabatdan çıxarılan nəticə ondan ibarətdir ki, tərəflərin heç biri mövqelərindən geri çəkilmək istəmir. Yeni siyasi və hərbi reallıqların yaranacağına dair ipucları vermirlər. Rusiya siyasi hakimiyyəti müharibənin planladığı kimi getdiyinə, ordusunun hədəfləri zamanında ələ keçirdiyinə dair xalqına mesaj verdi. Putinin dediklərindən belə çıxdı ki, müharibə Rusiyanın istəyinə uyğun gedir. Ukrayna prezidenti isə dirənəcəklərinə dair həm xalqına, həm də qarşı tərəfə mesaj verdi. Bu mesajlardan görünən odur ki, önümüzdəki günlərdə müharibənin istiqaməti və gedişatı çox da dəyişməyəcək.

Rusiya önümüzdəki günlərdə Dnepr çayının şərq sahili boyunca yerləşən ərazilərdə hakimiyyəti saxlamaq uğruna əlində olan mövcud hərbi gücü ortaya qoyacaq. Operativ-taktiki raketlər içərisində qanadlı raketlər, vakuum bombaları, qadağan olunmuş kassetlər və digər silahlardan istifadə edəcək. Əslində, Rusiyanın əlində bu güc də var. Artıq Rusiya həm Ukraynaya, həm də Ukraynanın arxasındakı güclərə mesaj verdi ki, məni kimsə nədənsə çəkindirə bilməz. Atom silahından istifadə yönündə sahədə ciddi səbəblər yoxdur. Ona görə də, budan istifadə etməyə də tələsməyəcək. Əgər bunu istifadə etmək istəsə sahədə bir ssenari yaratmalıdır. Rusiya prezidentinin “Müharibənin gedişatı planladğımız kimi gedir” deməsi o anlama gəlir ki, hələ nüvə silahına ehtiyac duymur. Ukrayna adına baxanda da müdafiə olunan tərəfin əlini gücləndirən hadisələr baş verdi. Avropa ölkələrindən muzdluların, texnoloji silahların təmin edilməsi Ukraynanın əlini rahatladır. Videolardan görürük ki, həqiqətən də Rusiyanın çoxlu sayda texnikası vurulub. Bunlar real itkilərdir. Bu itkilər Rusiyaya nə qədər təsir edəcək bir məsələ, qarşı tərəfdə şəhərlərin dağıdılması, əhalinin kütləvi şəkildə qırılması müdafiə olunan tərəfinin dirəncini nə qədər saxlayacaq başqa bir məsələdir. Əhali kütləvi tələf olarsa siyasi iradə Ukraynada o zaman qırıla bilər. Rusiya da bunun üzərinə hesablayır ki, strateji hədəflərə çatmağın yolu böyük dağıntılardan keçir. Ukrayna hələki bunun altından qalxa bilir. Ən azı görüntü bunu deməyə əsas verir. Humanitar atəşkəs zamanı Rusiyaya gedəcək tabutlara əhalini reaksiyası da çox önəmlidir. Bundan əlavə, Avropa ölkələrinə gedən qaçqınların sayı da 1 milyonu keçib. Əgər müharibə belə gedərsə, Ukrayna əhalisinin sayını nəzərə alsaq, potensial qaçqın sayı bunun 10 qatına belə qalxa bilər. Əslində Avropa ölkələri bundan narahatdılar. Müharibənin seyrini dəyişmək, erkən dayanması yönündə Avropa ölkələri Rusiyanı sövq edəcəklər. Müharibənin uzanıb-uzanmaması Rusiyanın istəyində deyil. NATO müharibənin uzun vədəli olmasının lehinədir. Ancaq Avropa İttifaqı ölkələri köçkün dalğasından narahatdılar. Təbii ki, o güclər də bunun müzakirəsini aparacaqlar. Müharibə başlamazdan əvvəl deyirdim ki, müharibənin başlamasını dünyada bir adam bilir. O şəxs Putin idi. İndi isə deyirəm ki,müharibənin bitməsəni yalnız Allah bilir…”

Səxavət Məmməd

www.yenicag.az

596
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv