!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya və Avropanın Qarabağda toqquşan mənafeləri: Azərbaycan hansı addımı atmalıdır? - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Qarabağ münaqişəsinin və Ermənistanla Azərbaycan arasındakı problemin həllinin yeni mərhələyə qədəm qoyduğu bildirilsə də, prosesə dərindən baxdığımız zaman irəliyə doğru atılmış addımların ciddi hesab edilə biləcək dəyişiklik yaratmadığını görürük. 

Ən azı maraqlı dövlətlər mövqelərindən bir addım da olsun geri atmır. Avropa İttifaqı Cənubi Qafqazı ələ keçirmək üçün cəhdlər edir, Rusiya 200 ildən çoxdur arxa bağçası saydığı regionu təhvil vermək istəmir. Burada ABŞ-nin fəaliyyətini də gözdən qaçırmaq olmaz. ABŞ Ermənistandakı diplomatlarının sayını artırır, ardınca olmayan Minsk qrupunu diriltməyə çalışır, bu azmış kimi, Qarabağdakı separatçıların “xarici işlər naziri”ni Vaşinqtona dəvət edir. Maraqlıdır, separatçıların “xarici işlər naziri”nə hansı ölkənin pasportu ilə viza verilib?

Ümumiyyətlə, ABŞ və Rusiya Ukrayna üzərindən düşmən kimi davranır, Türkiyə Suriyada əməliyyat keçirmək istəyəndə, demək olar, cümləbəcümlə eyni cür bəyanat verir, müttəfiq kimi görünürlər. Qarabağ məsələsində də Rusiya ilə ABŞ-nin mövqeyində xüsusi bir fərq yoxdur. ABŞ-nin mövqeyi hətta bir qədər daha təhlükəlidir. Rusiya iki ölkəni idarə etmək üçün münaqişə ocağının ölməməsində maraqlıdırsa, ABŞ separatçıları Vaşinqtona belə dəvət edə bilir.

Rusiya ilə Azərbaycan arasında da təxminən buna bənzər bir hal yaşanır. Zəngəzur dəhlizi üzərindən Rusiya ilə Azərbaycanın mövqeyi üst-üstə düşür, hətta Rusiya Azərbaycanı Ermənistanın üzərinə getməkdə dolayısı ilə dəstəkləyir, Qarabağ məsələsində isə maraqlarını müdafiə edir.

Qarabağ Azərbaycandan başqa qonşuları və böyük dövlətlər üçün maraqlarını təmin etmək üçün bir vasitədir. Azərbaycan tərəfi hər nə qədər də desə ki, Qarabağ Azərbaycanın xarici siyasət mövzusu deyil, ancaq ortadakı mənzərə başqadır.

Qarabağ Azərbaycan üçün bədəndə olan bədxassəli bir şişdir, qara yaradır. Onu ya müalicə etməlidir, ya da kəsib atmalıdır. Müalicə üçün Qarabağda yaşayan ermənilərlə bağlı addımlar atılmalıdır. Onların vətəndaşlıq məsələləri, separatçılardan təmizləmə və silahsız insanların təhlükəsizliyi barədə işlər görülməlidir. Problemin həlli üçün taktiki – yaxın vədəli, strateji – uzun vədəli planlar olmalıdır. Bizim üçün iki il qısa gələ bilər, ancaq müharibədən sonra Azərbaycan tərəfinin, heç olmasa, taktiki planı hazır olmalı və bu yöndə işlər aparmalı idi. Qarabağla bağlı baş verənlərə baxanda prosesin anlıq olduğunu görürük. Bəzən isə fürsət tipli addımlar.

Azərbaycan Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgəsində nəzarəti ələ almalıdır. “Necə?” sualına nədənsə Azərbaycan ictimaiyyətinin, siyasətçilərinin, jurnalistlərinin cavabı “antiterror” olur. İnsanların ağlından niyə ancaq güc keçir, bunu anlamaq da olur, anlamamaq da. 30 ilə yaxın Azərbaycan ictimaiyyəti sülh danışıqları ilə “yola verilib”. Cəmiyyət də bilirdi ki, o danışıqlar boş və mənasızdır, ancaq təqdimat o yöndə idi. Yalnız müharibə vaxtı ikinci humanitar atəşkəs əldə olunanda – Cenevrə görüşündə Azərbaycan tərəfi rəsmi olaraq mövqe ortaya qoydu ki, bu günə qədər keçirilən danışıqların hamısı mənasız olub. Ona görə də Azərbaycan ictimaiyyətinin ağlında daim güc olması anlaşılandır.

Laçının, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi labüd idi. Çünki 10 noyabr bəyanatında bu barədə konkret bənd var idi. Bunun həyata keçməsi üçün Azərbaycan tərəfinin güc tətbiq etməsi üçün hüquqi əsas da var idi. Ən azı ortada üç tərəfin imza atdığı bəyanat var. Bəs Qarabağın sülhməramlıların nəzarətindəki hissəsi necə olacaq? Bunun üçün hansı addım atılacaq? Yol xəritəsi nədir? Bu barədə əlimizdə xüsusi ipucu yoxdur. Digər yaşayış məntəqələri də hansısa xüsusi əməliyyatlarla əldə ediləcək? Həm uzunmüddətli sülh üçün iki tərəfin əhalisinin hazırlanmasından danışılsın, həm də əməliyyat?

Qarabağın ermənilər yaşadığı hissəsinə Rusiya sülhməramlıları nəzarət etsələr də, erməni əhalisi silahlıdır. Ərazidə hələ də erməni silahlı dəstələri var. Prosesin içində olmuş şəxslərlə söhbət edən zaman hər biri deyir ki, bəlkə də, hər erməninin evində silah var. O silah kim üçündür, kimə tuşlanıb? Faktiki olaraq, Azərbaycan əsgəri Qarabağdakı separatçılara, onlar da Azərbaycan əsgərinə silah tuşlayıb.

Azərbaycan qısa zamanda Şuşanı, Laçını, Kəlbəcəri öz sakinlərinə təhvil verməlidir. 10 noyabr bəyanatındakı ölü bəndlərdən olan 7-ci bəndi də diriltmək vacibdir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı prosesə cəlb edilməlidir. Düzdür, 4 bəyanatını “yeyən” qurumdan nəsə gözləmək özü də yersizdir, ancaq Azərbaycan bütün vasitələri işə salmalıdır.

Səxavət Məmməd

www.yenicag.az

624
Ads
www.veteninfo.com
!Reklam – Arxiv