Rusiyalı hərbi ekspert: “Rusiya Ermənistanın xeyrinə Azərbaycan ilə hərbi əməkdaşlıqdan imtina edə bilməz”
Azərbaycan hərbi silah-sursat və texnikanın satışı sahəsində Rusiya üçün kifayət qədər sərfəli tərəfdaşdır.
Belə bir fikri Yenicag.ru-ya açıqlamasında rusiyalı hərbi ekspert, Plexanov adına RİU-nun politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev bildirib.
Onun sözlərinə görə, əvvəla rəsmi Bakı Rusiyanın Kollektiv Təhlükəsizlik Təşkilatı üzrə müttəfiqlərindən fərqli olaraq, silahlara qiymətindən daha artıq məbləğ ödəyir:
“İkincisi, Azərbaycan daimi və kifayət qədər maraqlı tərəfdaşdır. Üçüncüsü, əgər Rusiya rəsmi İrəvanın xeyrinə Azərbaycana silah tədarükündən imtina etsə, rəsmi Bakı NATO ölkələri qismində dərhal özünə yeni tərəfdaş axtaracaq. Bu isə Rusiyanın hərbi-texniki əməkdaşlıq və hərbi siyasət sahəsində Azərbaycan üzərində təsirini itirməsi deməkdir”.
Ekspert həmçinin qeyd edib ki, rəsmi Moskva Azərbaycana hərbi silah-sursat və texnika tədarük etdikcə Ermənistan və Azərbaycan arasındakı münaqişədə vəziyyətə nəzarət edə bilir.
Perenciyevin sözlərinə görə, əgər Azərbaycan Rusiyadan deyil, başqa ölkələrdən silah alsa, rəsmi Bakı Rusiyanın təsirindən çıxacaq. Deməli, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini birdəfəlik unutmalıdır.
“Ermənistan cəmiyyətindəki qəzəb mənə tamamilə aydındır. Lakin orada çox sayda ekspertlər var. Hansı ki, onlar Bakı-Moskva-İrəvan münasibətlərindəki mövcud vəziyyətin ziddiyətini yaxşı başa düşürlər”, – deyə Perenciyev qeyd edib.