!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiyanı Təhlükəsizlik Şurasından çıxarmaq mümkün olmayacaq" - TƏHLİL

!Reklam – Yazi

Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən xaric olunması günün çox aktual mövzularındandır. Bununla bağlı Ukrayna tərəfi təkliflə çıxış etmişdir.

Əslində bu məsələdə həqiqət necə olmalıdır?

Məlumdur ki, BMT-nin məqsədi dünyada sülhün, təhlükəsizliyin təmin olnmasına xidmət etməkdir. Sülhü təmin etmək vəzifəsi isə Təhlükəsizlik Şurasına həvalə olunmuşdur. Məsələ burasındadır ki, Təhlükəsizlik Şurasının beş daimi üzvünün hər biri, birmənalı olaraq, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olmalıdırlar. Sülhə təhlükə yaradan, dövlətin suverenliyinə qəsd edən, habelə siyasətinin qayəsini təcavüzkarlıq təşkil edən bir dövlətin Təhlükəsizlik Şurasında qalması və eyni zamanda iclaslara rəhbərlik etməsi BMT-nin məqsədləri ilə bir araya sığmır. Məntiqlə bu belə başa düşülməlidir. Amma məsələ burasındadır ki, BMT nizamnaməsində konkret olaraq Təhlükəsizlik Şurasınınn daimi üzvlərinin üzvlükdən çıxarılması mexanizmi yoxdur. Bilirsiniz ki, Təhlükəsizlik Şurasının 15 üzvü var, 10 üzvü iki illik müddətə seçilən dəyişən, 5-i isə dəyişməyən daimi üzvlərdir. Məhz “daimi üzvlük” anlayışı onu deməyə əsas verir ki, bunlar dəyişməzdir. Amma hər hansı bir ölkənin Birləşmiş Millətlər Təşkilatından çıxarılması prosesi var. Bunun üçün Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında BMT Baş Assambleyasının səsverməsi lazımdır. Bu isə indiyə qədər heç vaxt baş verməyib. Və nəzərə alsaq ki, Rusiyanın Təhlükəsizlik Şurasında veto hüququ var, Şura Rusiyanın razılığı olmadan onun çıxarılmasını tövsiyə edə bilməz. Təbii ki, bu baş verə bilməz, Rusiya özünə qarşı heç bir halda çıxış etməz. Deməli, Rusiyanı TŞ-dan çıxarmaq mümkün olmayacaq.

SSRİ-dən sonra Rusiyanın Təhlükəsizlik Şurasının üzvlük statusnu mənimsəməsi məsələsinin cavabı isə çox sadədir. Müstəqil Dövlətlər Birliyinin yaradılması və hüquqi varislik məsələsi də SSRİ-nin dağılmasından sonra aktuallaşdı. SSRİ dağıldıqdan sonra varis dövlətlər arasında ortaya çıxan məsələlərdən bir neçəsi, SSR-nin arxivlərinə, boclarına və daşınar və daşınmaz mülkiyyətinin bölünməsi oldu. SSRİ-nin xaricdəki bütün mülkiyyətinin bölünməsi haqqında 1992-ci il 6 iyul tarixli Sazişə müvafiq olaraq, varis dövlətlər üçün bu mülkiyyətdə konkret paylar müəyyən edildi ( Rusiya -61,34%, Ukrayna 16,37%, Azərbaycan-1,64% və s.) Sazişdə eyni zamanda göstərilirdi ki, bu payın qəbul edilməsi və varis dövlətin SSRİ-nin xarici borclarının ödənilməsində müvafiq həcmdə iştirak etməsi bir-birilə qarşılıqlı surətdə bağlıdır. Nəticə etibarilə, demək olar ki, bütün varis dövlətlər SSRİ-nin xaricdəki mülkiyyətindəki öz paylarını Rusiyaya verdilər, Rusiya isə bunun qarşılığında onların müvafiq borc öhdəliklərini öz boynuna götürdü. Sovet respublikalarının əksəriyyəti tərəfindən 1991-ci ildə Alma-Ata Protokolu imzalandı, Sovet İttifaqının süqutu elan olundu və varisliyin Rusiyaya verilməsi ilə razılaşıldı. Bu məqsədlə də Rusiya BMT-yə məktub yazaraq, SSRİ-nin adının Rusiya Federasiyasına dyişdirilməsini və başqa heç nəyi dəyişməyəcəyini xahiş etdi. İkinci sualınızın cavabı budur ki, vaxtilə Rusiyaya varislik imkanını keçmiş İttifaq respublikaları özləri veriblər, bu səbəbdən də Təhlükəsizlik Şurasının üzvü kimi tanınma da varislikdən irəli gəlir. Bütün bunlara görə başqa dövlətlər varislik iddiasında çıxış edib Təhlükəsizlik Şurasının üzvlüyünə can ata bilməzlər. Bu mənada Azərbaycan Respublikasının da varis dövlət kimi Təhlükəsizlik Şurasının daimi üzvlüyü müzakirə mövzusu ola bilməz.

Əlövsət Allahverdiyev
Hüquq üzrə fəlsəfə doktoru, dosent

www.yenicag.az

698
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv