!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın mane olduğu Transxəzər layihəsi: "Ukrayna düyünü kilidi aça bilər" - Müsahibə

!Reklam – Yazi

“Transxəzər layihəsinin bu günə qədər reallaşmamasının əsas səbəbi Kreml faktorudur”.

Bu sözləri Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və İsrailin ABŞ-dəki səfirləri arasında keçirilən görüşü dəyərləndirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin politoloqu Turan Rzayev Yenicag.az-a müsahibəsində deyib.

Sözügedən müsahibəni təqdim edirik:

– Bir neçə gün öncə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və İsrailin ABŞ-dəki səfirləri arasında görüş baş tutub. Səfirlərini bir araya gətirən səbəb nədir?

– Görüşün hansı məqsədlə təşkil edilməsi və nələrin müzakirə edildiyi bilinməsə də, ilkin təxminlər irəli sürmək mümkündür. Hesab edirəm ki, səfirlər arasında görüş zamanı əsas müzakirə mövzusu regional enerji layihələri, Mərkəzi Asiya, Azərbaycan və İsrail qazının Avropaya tranziti məsələləri olub. Rusiyanın Ukrayna mövzusunda təzyiqlərə görə Avropanı qaz ixracını dayandıracağı ilə hədələməsinin ardından ABŞ Avropanın qaz asılılığını azaltmaq üçün alternativ ölkələrlə danışıqlar aparır. Azərbaycan da bu ölkələr arasındadır. Hətta Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan onsuz da TAP və TANAP layihələri ilə Avropaya qaz ixrac edir. Lakin rəsmi Bakının indiki halda Qərbə satdığı qaz həm Rusiyanın satdığı qazdan qat-qat azdır, həm də satılan qazın böyük bir qismi Türkiyənin payına düşür. Buna baxmayaraq başda Bolqarıstan olmaqla, əksər Avropa ölkələri Azərbaycandan təbii qaz alışını artırmaq istəyir.

– Bəs Azərbaycan qaza olan tələbatı kifayət qədər ödəyə bilirmi?

– Bakı indiki halda təkbaşına Qərbin tələbini ödəyə bilmir. Fikrimcə, görüşdə Qazaxıstan, Özbəkistan səfirlərinin iştirak etməsi də məhz bununla bağlıdır. Belə ki, həm Özbəkistan, həm də Qazaxıstan Mərkəzi Asiyanın iki iri qaz ehtiyatlarına malik ölkəsidir. Digər tərəfdən, bu ölkələrin qaz ehtiyatları Azərbaycandan da çoxdur. Lakin qaz ehtiyatlarının çox olması indiki halda heç nəyi həll etmir. Çünki Xəzərin qarşı tərəfində olan bu ölkələrin birbaşa Azərbaycanın Qərbə qaz ixrac etdiyi TAP və TANAP layihələrinə çıxışı yoxdur. İsrail də bənzər problemlə üz-üzədir. Belə ki, İsrail də öz növbəsində “Tamar” və “Leviatan” qaz yataqlarından Avropaya qaz ixrac etməklə regionda önəmli enerji oyunçusuna çevrilmək istəyir. Lakin bu ölkənin də nə Avropa, nə də Türkiyə ilə birbaşa quru bağlantısı yoxdur.

– Türkiyənin görüşdə iştirak etməsi hansı əhəmiyyətə malikdir?

– Türkiyənin görüşdə iştirak etməsi olduqca vacibdir. Aydın məsələdir ki, Türkiyə enerji ölkəsi deyil. Əksinə, Avropa ölkəsi kimi təbii qaz asılılığı olan ölkədir. Bununla belə Ankara daşıyıcı ölkə olaraq adıçəkilən bütün ölkələrin təbii qazını Avropaya daşıya bilər. Səfirlərin görüşündən sonra Türkiyə prezidenti Ərdoğan İsrailin təbii qazından istifadə etməklə yanaşı, Avropaya tranziti üçün də birgə səylər göstərə biləcəyini deyib. “Ümid edirəm ki, bu məsələlər cənab Hersoqla onun Türkiyəyə səfəri zamanı gündəmimizdə olacaq”, – deyə Ərdoğan bildirib. Görüşdə iştirak edən ölkələrin ümumi istəyi malik olduqları təbii qazı Avropa bazarına çıxarmaqdır. Ortaq problem isə vahid daşıyıcı xəttin olmamasıdır. Daha doğrusu, Azərbaycanın ərsəyə gətirdiyi TAP və TANAP layihələri var. Lakin nə İsrailin, nə də Qazaxıstan və Özbəkistanın bu xəttə birbaşa bağlantısı yoxdur.

– Mövcud şəraitdə “EastMed” və Transxəzər qaz kəmərinin reallıq payı nə qədərdir?

– “EastMed” və Transxəzər qaz kəməri reallaşa bilər. Mövcud vəziyyətdən çıxış yolu kimi iki Qaz Kəməri layihəsinin icrasına ehtiyac var. Bunlar İsrailin “EastMed” və Azərbaycanın reallaşmasını ən çox istədiyi Transxəzər qaz kəmərləridir. “EastMed” təbii qaz kəməri Yunanıstan, Kipr və İsrail Şərqi Aralıq dənizindən uzunluğu 1900 km olan və Avropaya ildə 10 milyard kubmetr təbii qaz nəql etmək potensialı olan qaz kəməridir. Son investisiya qərarının 2022-ci ilə qədər əldə olunması planlaşdırılır və layihənin yekunlaşdırılması 2025-ci ilə qədər hədəflənir. Əgər bu layihə icra edilsə, İsrailin təbii qazı Avropa bazarına çıxış əldə edə bilər. Layihə ilə bağlı əsas problemlərdən biri “EastMed” qaz kəmərinin Türkiyədən yan keçməklə Avropaya qaz ixracını nəzərdə tutmasıdır. Hesab edirəm ki, görüşdə bu məsələ də müzakirə edilib. Çünki Ankara “EastMed” qaz kəmərinin Türkiyədən yan keçməsini deyil, əksinə onun ərazisi ilə TAP və TANAP layihəsinə birləşməsini istəyir.

Transxəzər layihəsi isə həm Mərkəzi Asiya ölkələrinin, həm də Azərbaycanın xarici energetika siyasətinin başlıca hədəfidir. Lakin layihənin icrasının bu günə qədər reallaşmamasının əsas səbəbi Kreml faktorudur. Kreml yaxşı anlayır ki̇, Transxəzər layihəsi reallaşsa qazax, türkmən, özbək qazı Transxəzər boru xətti ilə Azərbaycana, buradan isə TAP və TANAP layihəsi ilə Avropaya çatdırılacaq. Bu isə faktiki olaraq Avropanın Kremldən olan qaz asılılığın yarıbayarı endirəcək. Düşünürəm ki, həm Türkiyə, həm də Azərbaycan tərəfi Ukraynanın NATO-ya üzvlükdən imtina etməsi və NATO qoşunlarının Ukrayna-Rusiya sərhədinə gəlməməsi qarşılığında Rusiyadan Transxəzər layihəsinin icrasında maneələr törətməməsini istəyəcək. Lakin Ukrayna düyünü Transxəzər kilidini aça bilər. Kreml Ukrayna ilə uzlaşma qarşılığında Ankara və Bakıya Transxəzər layihəsinin icrasını güzəştə gedəcək.

Gülşən Şərif

www.yenicag.az

450
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv