!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın qaçınılmaz məğlubiyyəti: "Siyasi nüfuzu zəifləyən Putin xalq etirazları qarşısında..."

!Reklam – Yazi

“Rusiyanın işğal planından geri çəkiləcəyini düşünmək sadəlövhlük olar”.

Bunu ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı itirməsi ilə bağlı fikirlərinə münasibət bildirən politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Rusiya Ukraynaya hücum edəndə çoxları gözləyirdi ki, ildırımsürətli bir müharibə olacaq və Rusiya 10-15 günə işğalı reallaşdıracaq:

“Artıq bir ilə yaxın vaxt keçib. Rusiya nəinki Ukraynanı işğal etdi, hətta böyük itkilər verərək zəbt etdiyi ərazilərdən belə çəkilməyə məcbur oldu. Putin hesab edirdi ki, hücum başlayan kimi rusdilli ukraynalılar onun ordusunu gül-çiçəklə qarşılayacaq. Olmadı. Əksinə, Kiyevin 30 kilometrliyindən geri qaytarıldı, Xarkov əlindən çıxdı. Bu gün də Donbası itirə-itirə geri çəkilir.

Rusiyanın işğal planından geri çəkiləcəyini düşünmək sadəlövhlük olar. Mümkün olduqca Rusiya dirəniş göstərəcək. Özünə lazım olan və danışıqlar masasında istifadə edə biləcəyi qədər ərazilərə nəzarət imkanı əldə etməyə çalışacaq. Amma Ukrayna müqavimət göstərir və torpaqları işğal altında olduqca danışıqlar aparılmasını istisna edir.

Bu isə Rusiyanın işini bir az da çətinə salıb. Digər tərəfdən, ABŞ başda olmaqla, Qərbin Ukraynaya dəstəyi ciddi şəkildə artır. Maliyyə yardımına ən müasir silahların verilməsi faktı da əlavə olunub. Bu isə Ukrayna xalqında, onun hakimiyətində və ordusunda böyük ruh yüksəkliyi yaradır. Onları qələbəyə səsləyir. Rusiyaya qarşı sanksiyalar tətbiq edilməkdə davam edir. Bununla da Rusiya taqətdən salınır. Hələ Rusiyada müəyyən ehtiyatlar qalır. Bunlar da tükənəndən sonra xalqda etirazlar başlayacaq. Siyasi nüfuzu zəifləyən Putin xalq etirazları qarşısında geri çəkilməyə məcbur olacaq.

Hazırda orduda da vəziyyət plan üzrə getmir. Ukraynada neçə komandan dəyişilib, generallar tapşırığın öhdəsindən gələ bilmədiyi üçün cəzalandırılıb və ya vəzifədən azad edilib. Çıxış yolu kimi baş qərargah rəisi Ukrayna cəbhəsinə komandan təyin olunub. Amma bu da gözlənilən nəticəni vermir. Fakt odur ki, Putin hərbi güclə Ukraynada heç nəyə nail ola bilməyib. Vəziyyət günü-gündən çətinləşir.

Zəifləmiş və sursatı azalmış ordu, beynəlxalq arenada təklənmiş Putinin Ukraynada son qələbə qazanması ən az ehtimal olunan nəticədir. İlk növbədə, buna görə hesab etmək olar ki, Putin Ukraynada artıq məğlub olub. Məsələnin birinci tərəfi budur.

ABŞ Prezidentinin “Putin artıq Ukraynanı itirib” fikrinin həm də bir mənəvi tərəfi var. Ukraynanı darmadağın edən Putini Ukrayna xalqı bağışlayarmı? Düzü, inandırcı deyil. Deməli, Putin hətta müvəqqəti üstünlük əldə etsə də, Ukraynanı itirmiş sayılır. İlk fürsətdəcə ukraynalılar onu bağışlamayacaq. Bu isə Putinin Ukraynanı tamamilə itirməsi deməkdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

456
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv