!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Qafqazdan sıxışdırılmaq QORXUSU: “Moskva nə özü bu prosesdə təşəbbüsü ələ alır, nə də...” – ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan-Ermənistan normallaşma prosesində Qərb və Rusiya ayrı-ayrılıqda əsas dominant rolunu üstlənməyə çalışır”.

Bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycan-Ermənistan nizamlama prosesində Qərbin əsas niyyətinin “Rusiyanı Cənubi Qafqazdan çıxarmaq” olduğuna dair bəyanatını şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında normallaşma prosesi Qərb və Rusiyanın geosiyasi mübarizə predmetinə çevrilib:

“Çox təəssüf ki, Azərbaycanla Ermənistan arasında gedən normallaşma prosesində bizim ən arzuedilməz gözləntilərimiz özünü doğruldur və bu çərçivədə məqbul sayılmayacaq vəziyyət özünü göstərməkdədir. Bu isə normallaşma prosesinin Rusiya ilə Qərb arasında geosiyasi ziddiyyət və intriqa obyektinə çevrilməsidir.

Ərazilərimiz hələ erməni işğalı altında olduğu dönəmdə torpaqlarımızın azad edilməsi məsələsi həmin qütblərin gizli geosiyasi qarşıdurması halına gətirilmişdi. Biz onilliklər ərzində bunun əziyyətini çəkdik. Nəticədə belə göründü ki, ABŞ və Rusiya Qarabağ münaqişəsinin həllində mövqelərinin üst-üstə düşdüyünü hər nə qədər bəyan etsə də, reallıqda vəziyyətin tamamilə fərqli olduğu üzə çıxdı. Yəni o qütblərdən birinin münaqişənin həllinə yönəlik təşəbbüsü digəri tərəfindən açıq-gizli müqavimətlə qarşılanırdı. Ona görə də Azərbaycan sonda bu məsələni öz gücü ilə həll etdi.

Bu gün də Dağlıq Qarabağ münaqişəsinin həll olunmasından sonra Azərbaycanla Ermənistan arasında başladılan normallaşma prosesi də eynilə münaqişənin “çözüm”ü kimi, Qərb və Rusiyanın geosiyasi mübarizə predmetinə çevrilib. Əlbəttə, bu, çox mənfi bir reallıqdır. Çünki Azərbaycan-Ermənistan normallaşma prosesində Qərb və Rusiya ayrı-ayrılıqda təşəbbüsü ələ almaq və əsas dominant rolunu üstələməyə çalışır. Təbii ki bu, işin ziyanınadır.

Biz görürük ki, 44 günlük müharibənin başa çatmasından iki il yarım ötməsinə baxmayaraq, normallaşma prosesində heç bir nəticə əldə olunmayıb. Sözsüz ki, Lavrovun o fikiləri Rusiya siyasətinin açıq və çılpaq formada nümayişidir. Bu o deməkdir ki, Rusiya ABŞ-nin Cənubi Qafqazda Azərbaycanla Ermənistan münasibətlərinin normallaşmasında hər hansı pozitiv rol oynamasının qarşısını almağa çalışır və bunu da açıq şəkildə bəyan edir.

Eyni zamanda, Rusiya və ABŞ-nin özlərinin təsir zonalarına aid etdikləri regionlarda biri digərinin fəallıq göstərməsini istəməməsi, bundan narahat olması başadüşüləndir. Lakin məsələyə Rusiyanın prizmasından yanaşdıqda deyə bilərik ki, əgər Moskva ABŞ-nin regionda mövqelərinin möhkəmlənməsindən narahatdırsa, o zaman Amerikaya qarşı Azərbaycan-Ermənistan normallaşma prosesindən yararlanaraq mübarizə aparmaq, Vaşinqtonun müsbət təşəbbüslərini sabotaj etmək lazım deyil. O halda Rusiya buyursun, normallaşma prosesinə töhfə vermək üçün pozitiv planda təşəbbüsü ələ alsın. Amma yenə də təəssüflə qeyd edirəm ki, Rusiya nə özü bu prosesdə təşəbbüsü ələ alır, nə də bu işi üzərinə götürmək istəyən digər qütblərə imkan yaradır.

Baxın, Rusiya siyasətinin neqativ məzmunu və arzuolunmaz nəticələri bundan ibarətdir. Əminəm ki, Rusiyanın bəhs etdiyimiz neqativ təsirləri olmasa, Fransanın nəzərdə tutulmadığı Qərbin, ABŞ-nin moderatorluğu ilə iki ölkənin münasibətlərinin normallaşması istiqamətində müəyyən addımlar atmaq olar. Əgər Rusiya iki ölkənin münasibətlərinin normallaşmasını doğrudan istəyirsə, o halda bu yöndə atacağı addımlar həm real nəticələrə gətirib çıxara, həm də ABŞ-nin regiona nüfuz etməsinin qarşısını ala bilər. Belədə isə Lavrovun və başqalarının bu səpkidə bəyanatları heç nəyi dəyişməyəcək, əksinə, prosesdəki durğunluğu daha da uzadacaq”.

A.Zeynalov

www.yenicag.az

492
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv