!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Qarabağda yaratdığı GƏRGİNLİK: “Sülh müqaviləsinin imzalanması üçün əlverişli şərait yaranacaq”

!Reklam – Yazi

“2025-ci ilə qədər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün əlverişli şərait yaranacaq”.

Bunu rus sülhməramlılarının 2025-ci ildə Qarabağda fəaliyyət müddəti başa çatdıqdan sonra Rusiyanın hərbi kontingenti bölgədə saxlamaq üçün yarada biləcəyi gərginlik ehtimalından danışan politoloq Elşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Türkiyə Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanan üçtərəfli bəyanatın tərəfi deyil, lakin Azərbaycanın strateji müttəfiqidir. Yəni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq tribunadan ruslar istəsə də, istəməsə də hər zaman Azərbaycanı dəstəkləyəcək:

“Bu gün Ərdoğan dünya siyasi liderləri arasında çəkisinə görə fərqlənən prezidentlərdəndir. Məhz bu səbəbdən onun Azərbaycana arxa durması Rusiyanı qıcıqlandırır.

Türkiyənin beynəlxalq tribunalardan Azərbaycanı dəstəkləməsi təbii haldır. Üçtərəfli bəyanatda göstərilən və Ərdoğanın vurğuladığı kimi 2025-ci ildə rus sülhməramlılarının fəaliyyət müddəti başa çatacaq və onlar bölgəni tərk edəcək.

2025-ci ilə qədər həm də Rusiya-Ukrayna müharibəsinin bitəcəyini güman edirəm. Rusiyada hazırda təbliğat işləri aparılır. Guya ki, Rusiya iqtisadiyyatı gündən-günə inkişaf edir, hər şey qaydasındadır, ölkədə heç bir problem yoxdur. Lakin bu, tamamilə yanlışdır, reallıq tamamilə fərqlidir. Rusiya iqtisadiyyatı gündən-günə çökür, insan resursları isə artıq tükənmək üzrədir. Bu amilləri nəzərə alaraq Rusiyanın Ukrayna ilə daha iki il müharibə aparması real görünmür.

Beynəlxalq sülhsevər güclərin təzyiqi ilə ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq. Ermənistanda Rusiyaya bağlı qüvvələr və Qarabağdakı separatçı rejim sülh müqaviləsinin imzalanmasını istəmir. Bu səbəbdən Ermənistan Baş naziri Nikol Paşinyana qarşı yeni cihadın açılacağı ehtimal olunur.

Ermənistanda yaşayan erməni əhali artıq reallığı dərk edir. Onlar Azərbaycanla müharibə üçün Ermənistanda resursların olmadığını anlayır. Ümumiyyətlə, Qarabağın Azərbaycana aid olduğunu qəbul edir, Azərbaycanın haqlı olaraq mübarizə apardığını qəbullanırlar. Bu səbəbdən 2025-ci ilə qədər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün əlverişli şərait yaranacaq, rus sülhməramlılarının bölgədə fəaliyyətinə ehtiyac qalmayacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

357
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv