!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Suriyadan çıxma SSENARİSİ: İran Türkiyə ilə qarşı-qarşıya gələ bilər? - RƏY

!Reklam – Yazi

“İran üçün Suriyada Rusiyanı əvəz etmək heç də asan olmayacaq”.

Bu sözləri Rusiyanın Suriyadakı hərbi birləşmələrini çıxararaq Ukraynaya yollayacağı halda Suriyadakı vəziyyətin hansı istiqamətdə dəyişə biləcəyini şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, Rusiyanın bölgədən çəkilməsi ehtimalında Qərb və region ölkələri yenidən Fars körfəzi-Avropa enerji kəmərinin açılması uğrunda fəaliyyətə başlayacaqlar:

“Rusiyanın öz qoşunlarını Suriyadan çıxararaq Ukrayna müharibəsinə cəlb edəcəyi haqqında məlumatlar var və bu ehtimal ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanları tərəfindən də təsdiqlənir. Məlumata görə, rus hərbi bazaları İran İslam İnqilabı Keşikçiləri Korpusunun Suriyadakı bölmələrinə təhvil veriləcək. Çıxan xəbərlərdən sonra Suriya Prezidenti Bəşər Əsədin İrana getməsi də ehtimalları artırır.

Əvvəla, onu qeyd edim ki, Suriyada 11 ildir davam edən müharibənin əsas səbəblərindən biri Qətər və digər körfəz ölkələrindən Avropaya qaz kəmərləri çəkilməsi ilə əlaqədar idi. Qərb ölkələrinin, eləcə də Qətərin bu təklifinə Bəşər Əsədin “yox” cavab verməsindən sonra Suriyadakı müəyyən qruplar hakimiyyəti devirmək üçün hərəkətə keçirildilər, beləcə ölkədə sabitlik pozuldu. Müxalif silahlı qruplar hakimiyyəti devirməyə xeyli yaxınlaşdıqları anda isə Rusiya qoşunları 2015-ci ilin 30 sentyabrında Bəşir Əsəsdin dəvəti ilə Suriyaya daxil oldular və artıq yeddi ilə yaxındır ki, ordadırlar. Məqsəd, təbii ki, Bəşir Əsəd hakimiyyətini qorumaq və bununla da Qətər və körfəz enerji resurslarının Avropaya nəqlinin qarşısını almaq idi. İran da, öz növbəsində, İrandan Livana qədər uzanan enerji layihəsini qorumaq, yaxın gələcəkdə kəməri Aralıq dənizinə çıxarmaq üçün bu müharibədə maraqlı idi və təbii olaraq o da regionda Rusiyanın yanında yer aldı.

İndi isə Rusiyanın bölgədən çəkilməsi ehtimalında Qərb və region ölkələrinin yenidən Fars körfəzi-Avropa enerji kəmərinin açılması uğrunda fəaliyyətə başlayacaqları şübhə doğurmur. Ona görə ki Rusiyanın enerji mənbələrindən imtina edən Avropa ölkələri üçün bu cür alternativ layihələr həyati əhəmiyyət daşıyır.

Rusiyanın bu qədər kritik bir zamanda Suriyanı tərk etməsi isə məcburiyyətdən doğan addımdır. Belə ki, bir tərəfdən Ukrayna ilə müharibədə xeyli itkilər verən Rusiya üçün qısa vaxt ərzində itkilərin yerini doldurmaq və yeni qüvvələr hazırlamaq xeyli çətindir və ona görə də ən real yol artıq hazır olan, komplektləşdirilmiş və döyüş təcrübəsinə malik qüvvələri cəlb etməkdir. İkincisi, sanksiyalar səbəbilə xeyli zəifləyən və tədricən iqtisadi cəhətdən tənəzzülə doğru sürüklənən, eyni zamanda da, Ukrayna müharibəsi səbəbilə hərbi xərclərini xeyli artırmaq məcburiyyətində qalan Rusiya üçün Suriyada da hərbi kontingent saxlamaq xeyli çətinləşib.

Bir çox nüfuzlu hərbi analitiklərinin hesablamalarına görə, Rusiya tək Ukrayna savaşında gün ərzində təqribən 900 milyon dollar xərcləyir. Suriya, Qarabağ, Dnestryanı və s. bölgələrdə olan hərbi qüvvələrin saxlanılması üçün də vəsaiti əlavə etsək gündəlik hərbi xərclərin 1 milyardı ötdüyünü deyə bilərik. Təbii ki, ağır iqtisadi sanksiyalarla üzləşən Rusiya üçün bu qədər vəsaitin müharibəyə sərf edilməsi olduqca ağır yükdür və Moskva istəsə də, istəməsə də bəzi xərcləri ixtisara salmaq məcburiyyətindədir”.

Politoloqun sözlərinə görə, Rusiyanın Suriyadan çəkilməsindən sonra İranın həmin vəzifənin öhdəsinən təkbaşına gələ biləcəyi isə xeyli şübhəlidir:

“Belə ki, rus qoşunları Suriyada olanda belə İranı İsrailin hava hücumlarından qoruya bilmirdi. Rus ordusunun Suriyadakı əsas missiyasının havadan müdafiə olduğunu nəzərə alsaq, yaxın gələcəkdə bu ölkədəki İran qüvvələrinin daha intensiv bombardmana tutulacağı ehtimalı var. Bu isə nəticə etibarilə İran qoşunlarının Suriyada öz mövqelərini möhkəmləndirə bilməyəcəyi və hava üstünlüyünü itirəcəyi deməkdir.

İranın Rusiyadan sonra onu rahatlıqla əvəz etməsi, Suriyanın hava sahəsini nəzarətə götürməsi də mümkün deyil. Əslində, bunu heç Rusiyanın özü də tam bacara bilmirdi. Sadəcə Rusiyanın nüvə silahlarına malik olması onun birbaşa hədəf seçilməsini çətinləşdirirdi. İran üçün isə belə bir problem yoxdur. Hətta İran Rusiya ilə eyni müdafiə silahlarına sahib olsa belə, bu ona həmin üstünlüyü qazandıra bilməyəcək. Çünki İran nüvə dövləti deyil, onun hərbi bazalarını birbaşa hədəfə götürmək hansısa təhlükəli vəziyyət yaratmır. Üstəlik, Suriyanın cənubunda yerləşdirilmiş İran qüvvələrinin ölkənin şimalına çəkilmək ehtimalı da yoxdur. Bu halda o, Türkiyə ilə üz-üzə gələ bilər.

İran öz hərbi birliklərini qorumaq üçün, Livan “Hizbullah”ının dəstəyinə bel bağlaya bilər. Lakin son zamanlar müşahidə edirik ki, “Hizbullah”ın Suriyaya uzanan təchizat və yardım yolları da tədricən İsrail hərbi kəşfiyyatının nəzarəti altına keçir. Bu isə “Hizbullah”ın da təsirsiz hala gətirilə bilmə ehtimalını artırır. Buraya Əfqanıstanla sərhəd bölgələrdə olan gərginliyi də əlavə etsək, deyə bilərik ki, İran üçün Suriyada Rusiyanı əvəz etmək asan olmayacaq”.

Səxavət Məmməd

www.yenicag.az

520
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv