“Rusiya heç vaxt Ukraynanı işğal edə bilməyəcək”.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə müharibəyə son qoymaq ideyasını dəstəkləməsi haqqında verdiyi bəyanatı şərh edən politoloq Natiq Miri Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, Rusiya Trampın hakimiyyətə gəlməsinə fürsət kimi yanaşır:
“Bu fürsəti imkana çevirərək bu günədək Ukrayna ilə müharibədə hərbi və siyasi cəhətdən edə bilmədiyini məhz ABŞ administrasiyası vasitəsilə etməyə çalışır. Son günlərdə Rusiyanın Federal Təhqiqatlar bürosunun keçirdiyi dezinformasiya əməliyyatı da bunu açıq şəkildə ortaya qoyur.Heç bir əsası və məntiqi olmadan Trampın Ukrayna Prezidentini diktator adlandırması bir çox suallar yaratmışdı və fikir verdinizsə, bu bir çox demokratik dünyada mənfi əks əlaqə ilə Trampın özünə qayıtdı. Çünki bu bəyanatlar həqiqəti əks etdirmirdi. Zelenski Trampın yuxusunda belə görə bilməyəcəyi səsi Ukrayna xalqından alaraq demoktatik şəkildə prezident seçilmişdi. Buna görə də Zelenski bəzi təcili müsahibələr verməklə bu məsələlərə aydınlıq gətirməyə ehtiyac duydu.
İkinci Dünya Müharibəsində Nevil Çemberlendən sonra İngiltərədə seçki keçirilmədi. Eyni zamanda, ikinci cəbhə açaraq müharibəyə müdaxilə edən ABŞ-də də seçki keçirilməmişdi. Ruzvelt 4 müharibəni bəhanə gətirərək seçki keçirməmişdi. Döyüşlər Ukrayna müharibəsindəki kimi kəndlərdə, küçələrdə getmirdi o vaxt”.
Politoloq qeyd edib ki, Ukraynanın hərbi vəziyyət olduğu üçün seçkiləri təxirə salma haqqı var:
“Ukraynada müharibə olduğu üçün seçkiləri təxirə salıb. Bu da normaldır. Niyə bu məsələ ortalığa atılıb? Çünki Rusiya seçkilərdə kukla namizədləri ortalığa atmaqla, əslində, ciddi seçki əməliyyatı ilə Ukrayna cəmiyyətində parçalanma, qütbləşmə yaratmaq, böyük bir xaosa nail olmaqla Ukraynanı tamamilə çökdürmək istəyir. Bunu 3 ildə özü edə bilmədiyi üçün Donald Tramp hakimiyyətinə Ukraynanı tamamilə parçalayıb məhv etmək imkanı kimi baxır. Belə bir fikrə xidmət edən adam sülhü necə istəyə bilər? Putin elə indi də Ukraynanı işğal etmək istəyir. Ancaq buna nail ola bilmir və heç bir zaman da nail ola bilməyəcək. Bunu artıq anlayır.
Baxmayaraq ki, Rusiyanın büdcəsinin 41 faizi müharibəyə xərclənir. Bu çox böyük rəqəmdir. Ona görə Putinin sülh istəməsi biraz gülməli gəlir və düşünürəm ki, demokratik dünyada əksər siyasətçilər və dövlət adamları Putinin sülh fikrinə qətiyyən inanmırlar və düşünürəm ki, haqlıdırlar. Bayaq dediyim kimi, Donald Tramp administrasiyasına Ukraynanı parçalamaq imkanı kimi baxırlar. Ona görə də sülh danışıqlarına hazır kimi görsənirlər. Baxaq görək, Ukrayna və Aİ bu danışıqlar prosesinə qoşulandan sonra hansı nəticələr ortaya çıxacaq. Ciddi həqiqətlər, gerçəklər ortaya çıxdıqca Rusiyanın açıqlamalarında da fərqli notları biz görəcəyik”.
www.yenicag.az