!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın xəritə üzərində PLANI, üzləşdiyi GERÇƏK - Uğursuzluğunun əsas SƏBƏBLƏRİ - ANALİZ

!Reklam – Yazi

Ukrayna-Rusiya müharibəsindən öncəki proseslərə baxaq.

Rusiya Ukrayna sərhədinə 150 mindən çox qoşun yığanda artıq xəritə üzərində hücum planı hazır idi. Əgər müharibə olmasa, Rusiya masada istəyinə nail olsa idi, bu zaman həmin qoşun təhdid kimi gətirilmiş olacaqdı. Bundan sonra “Rusiya ordusundan qorxmaq lazımdır” düşüncəsi, xüsusən postsovet ölkələrin əhalisinin beyninə hakim olacaqdı. “NATO 150 minlik qoşundan, Rusiya ordusunun 10 fazindən belə qorxursa, biz niyə qorxmayaq?”  prinsipi insanların beyninə hakim olacaqdı. Yox, masada heç nəyə nail olunmasa, qoşun hərəkətə keçəcəkdi. Yəni bunun üçüncü variantı yox idi. Çünki 150 minlik qoşunun dislokasiya yerindən başqa bir yerə göndərilməsi böyük xərclər tələb edir.

Putinin müharibə əmri verdiyi videonu araşdıran zaman məlum olmuşdu ki, həmin videomüraciət üç gün əvvəl çəkilib. Yəni bəzilərinin dediyi kimi, Putin yatıb, yuxusunu qarışdırıb, qəfil qərar verməyib. Planlı, proqramlı şəkildə bu addımı atıb.
Düşünürəm ki, hər iki ölkənin hərbi kəşfiyyatı səhvlər edib. Ukrayna hiss olunur son ana qədər düşünüb ki, Rusiya bu riski etməz. Ona görə lazım olan ərazilərin minalanmasını həyata keçirməyib. Bu ən azı vaxt qazanmaq üçün lazım idi. Hava hücumundan müdafiə sistemləri barədə çox yazılıb deyə, bunun üzərində durmayacam.

Rusiya kəşfiyyatı isə Ukrayna ordusunun döyüş qabiliyyətini düzgün hesablaya bilməyib. Ümumiyyətlə, 2014-cü ildəki taktikanın uğur qazanacağını düşünüblər. Ona görə də raket, artilleriya və havadan zərbələr endirəndən dərhal sonra helikopterlərdən desantları şəhər mərkəzlərinə ataraq, inzibati binanları ələ keçirərək az itkisiz istəyinə nail olmağı düşündülər. Hətta Rusiyanın Ukraynadakı casusları da yaxşı işləyə bilməyiblər. 3 günlük uğursuzluğun cəzasını təkcə hərbi rəhbərlik yox, həm də xüsusi xidmət orqanlarının rəhbərləri də çəkəcək.

Rusiyanın xəritə üzərində planladığı əməliyyat gözlənilənin əksinə uğursuzluqla nəticələnir. Bunun müxtəlif səbəbləri ola bilər. Ancaq yenə düşünürəm ki, bunun əsas səbəbi düzgün qiymətləndirilməmə və səhv kəşfiyyat məlumatlarıdır. Əgər düzgün məlumat əldə olunsa idi, Rusiya istəyinə çatmaq üçün 150 minlik qoşunla yox, daha böyük güclə bu hücumu həyata keçirərdi. Ən azı Rusiyanın buna potensialı var.

Ukrayna ordusu Avropanın şəxsi heyət baxımından ikinci ən böyük ordusudur. Ordu mənsublarının sayı təxminən 230-250 min civarındadır. Hücum edən tərəflə müdafiə olunan tərəfin qüvvələr nisbətinə baxanda Rusiya quru qoşunlarının uğursuz əməliyyatlar keçirməsinin səbəbi aydın olur.

Bundan əlavə bu propaqandanın kimə, hansı ölkəyə məxsus olduğunu dəqiq deyə bilmərəm, ancaq əli silah tuta bilən əhalini müharibəyə qoşmaq əslində döyüşlərin taleyinə ciddi təsir edir. Rusiya ilk günlər ancaq hərbi obyektləri vururdu, əhalini təşvişə salmaq, evlərini qoyub qaçmaları üçün qırıcıları alçaqdan uçuşlar həyata keçirirdi. Bu alınmadı. Əslində əks effekt verdi. Bundan əlavə açıq şəkildə görünür ki, Rusiya ordusunun döyüş hazırlığı çox aşağıdır.

Reallığı bilənlər Rusiya ordusu haqqında yayılmış miflərə onsuzda inanmırdı. Qüvvələr nisbəti, əhalinin orduya çevrilməsi, Rusiya ordusunun döyüş hazırlığının aşağı olması qarşımıza Ukraynadakı tablonu çıxarır. Mifə inananların da artıq gözü açılmış oldu. Ancaq ən çox nüfuzdan düşən, Rusiyanın bəlkə də məhvini yaxınlaşdıran, bununla bərabər dövləti daim ayaqda saxlayan Rusiya xüsusi xidmət orqanları oldu. Köhnə adla KQB. Onların bacarıqsızlığı, bilərəkdən (nədənsə bu mənə inandırıcı gəlir) və ya bilməyərəkdən səhv informasiyalar verməsi Rusiya ordusunu aciz vəziyyətə salıb.

Əslində Ukrayna ordusu haqqında da çox müsbət fikirdə deyiləm. Danışanda, yazanda Kiyev şəhəri deyirik, unuduruq ki, Kiyev Ukraynanın paytaxtıdır. Əgər hücum edən tərəf bir neçə dəfə paytaxta girə bilirsə, bu onu deməyə əsas verir ki, Ukrayna ordusunun müdafiə qabiliyyəti çox aşağıdır. Müharibədə qüvvələr nisbəti çox önəmlidir. Kiyevdə qüvvələr nisbəti bəlkə də Ukraynanın xeyrinə 1-in 15-ə nisbətindədir. Bəlkə də daha artıqdır.

Düşünürəm ki, Rusiyanın əsas məqsədi Qara dənizsiz Ukrayna yaratmaqdır. Ancaq bu hücum tempi ilə görünən odur ki, bu xəyal olacaq.

Bir neçə kəlmə də iki ölkə arasındakı informasiya müharibəsinə toxunaq.

Ukraynanın, bir qədər də irəli getsək, Qərbin informasiya maşını çox güclü işləyir. Rusiya ordusunun, texnikasının etibarsızlaşdırılması yönündə əlindən gələni edir. Bundan əlavə, sosial şəbəkənin Rusiyada qadağan olunması Ukraynanın işinə yarayır. Ukrayna sosial şəbəkə vasitəsi ilə uğurlarını, rus əsgərlərinin meyitlərini, əsirlərini, vurulmuş texnikalarını bütün dünyaya nümayiş etdirir. Bu həm də Ukrayna xalqına əlavə ruh verir, içində az da olsa qorxusu olanlar belə qalır və döyüşür.

İki ölkənin döyüşən ordularını müqayisə etsək və hazırkı vəziyyəti göz önünə alsaq, qeyri-hərb ünsürlərin fəaliyyətinin daha çox gözə batdığı açıq şəkildə məlum olur.

Ukrayna-Rusiya müharibəsindən ilk dərs çıxaracağımız məsələ Azərbaycanda tirlərin, güllə atıcılıq mərkəzlərinin açılması və sayının çoxaldılması olmalıdır. Qonşusunda Rusiya kimi dövləti olan ölkələrin əhalisi ən azı atıcı silahlardan istifadə etməyi bacarmalıdır.

Səxavət Məmməd

www.yenicag.az

1625
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv