!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın YENİ ŞANTAJ METODU: “İndiki halda sülhdən danışmaq yersizdir” - POLİTOLOQ

!Reklam – Yazi

“İndiki halda sülhdən danışmaq imkansızdır”.

Bu fikri Rusiya-Ukrayna müharibəsindəki mövcud vəziyyət və iki ölkə arasında sülh perspektivləri ilə bağlı politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Yusif Bağırzadə bildirib ki, Ukraynadan tez bir zamanda qəti qələbə gözləmək sadəlövhlük olardı:

“2022-ci ilin 24 fevral tarixində başlayan və hələ də davam edən Rusiya-Ukrayna müharibəsində artıq bir aydan çoxdur ki, müəyyən qədər dönüş əldə edilib. Ukrayna tərəfindən əks-hücum əməliyyatlarına start verildiyi andan etibarən bir sıra məntəqələrin işğaldan azad olunduğu müşahidə edilir. Ukraynanın xüsusilə, Orixovo-Vasilivka, Baxmut, Boqdanivka, Yagidne, Klişivka və Kurdyumkova istiqamətində hücumları daha effektiv olub.

Ukrayna ordusu ötən həftə ölkənin cənubunda 12 kvadrat kilometrdən çox ərazini azad edib və beləliklə, əks-hücumun başlamasından bu yana cənub sektorunda azad edilən əraziləri sahəsi 250 kvadrat kilometrə çatıb. Ümumi ərazinin 8/1-nin işğal altında olduğunu nəzərə alsaq deyə bilərik ki, əks-hücum əməliyyatı istənilən səviyyədə getmir, halbuki, Rusiyanı diz çökdürmək, eyni zamanda, geosiyasi müstəvidə hadisələrin inkişafına yön vermək baxımından bu əməliyyatın nəticələri taleyüklüdür.

Ukraynanı dəstəkləyən və mütəmadi olaraq silah və texnika ilə təchiz edən ABŞ və digər Qərb dövlətləri də hücumun tempindən narazı qaldıqlarını gizlətmirlər. Ukraynanın 1000 kilometrlik geniş cəbhə xəttinin üç əsas istiqamətində irəliləyiş tempi, Qərbə Rusiyaya istənilən zərbənin vurula bilməyəcəyinə dair qorxular yaradıb.
Amma məsələ bundadır ki, indiki şəraitdə Ukraynadan tez bir zamanda qəti qələbə gözləmək sadəlövlük olardı.

Ukraynanı tək qoymasa da, ona böyük hərbi yardım göstərsə də, istər ABŞ, istər digər Qərb ölkələri Kiyevə lazım olan hərbi texnikanı çatdırmaqda xəsislik edirlər və prosses olduqca ləng gedir.

Uzaqmənzilli silahların verilməsindən isə bəzi hallarda ümumiyyətlə imtina edilir. Məsələn, prezident Vladimir Zelenskinin ardıcıl xahişlərinə baxmayaraq Ukrayna Ordusu Taktiki Raket Sistemləri və F-16 qırıcıları ilə hələ də təchiz edilməyib. Başqa sözlə desək, rəsmi Kiyevin təkid etdiyi, ukraynalı əsgərlərin ehtiyac duyduğu silahların heç də hamısı onlara verilməyib.

Belə halda isə tam miqyaslı əks-hücum əməliyyatı keçirmək olduqca böyük insan itkilərinə yol aça bilər. Ukrayna da məhz bu məqamı nəzərə alaraq döyüş taktikasını dəyişib və əsasən kiçik qruplarla hücum əməliyyatıları həyata keçirir. Ukrayna ordusu 15-50 nəfərlik piyada qruplardan ibarət “gizli hücum” taktikasına əl atmağa başlayıb. Onlardan bəziləri düşmən minalarını tapmaq və zərərsizləşdirmək üçün ancaq sürünərək hərəkət edən istehkamçılardır. Digər qruplar Rusiya helikopterlərini zenit raketləri ilə sıradan çıxarmaq tapşırığını yerinə yetirir.

Ukrayna hərbi rəhbərliyi bildirir ki, aviasiya olmadığı üçün şəxsi heyətin lazımsız itkilərindən qaçırlar. Buna görə Ukrayna ordusu təlim keçmiş briqadaların yalnız dördünü əməliyyata cəlb edib.

Ukrayna müdafiə naziri Aleksey Reznikov isə deyib ki, onlar “ətçəkən taktika”dan istifadə edə bilməzlər: “Bizim üçün ən qiymətli şey əsgərlərimizin həyatı və sağlamlığıdır. Ona görə bizim vəzifəmiz cəbhədə uğur qazanmaqla yanaşı, insan həyatını qorumaqdır”.

Bu cür taktika itkiləri minumuma endirir, lakin bu, çox yavaş irəliləmə ilə nəticələnir.

NATO baş katibi Yens Stoltenberq Ukraynanın gözlənilən irimiqyaslı əks-hücum əməliyyatı haqda danışarkən deyib ki, Rusiya qüvvələrinin gücünü gözardı etmək olmaz, çünki ruslar əks-hücumu dəf etmək üçün əhəmiyyətli müdafiə xətləri yarada bilib.

Bu gün Ukraynanın tammiqyaslı və sürətli əks-hücum əməliyyatları üçün onun havada da güclü olması lazımdır. NATO-nun son Vilnüs toplantısında əldə edilən razılşamalar onu deməyə əsas verir ki, yaxın vaxtlarda Ukrayna nəhayət ki, F-16 qırıcıları ilə təchiz ediləcək. Ukrayna üçün müsbət olan başqa bir hal da NATO-Ukrayna Şurasının yaradılması oldu. Şuranın ilk iclasında əldə edilən razılaşmalara görə, Ukraynaya uzaqmənzilli raketlərin verilməsi də razılaşdırılıb. Bütün bunlar onu deməyə əsas verir ki, qarşıdakı aylarda Rusiyanı çətin günlər gözləyir. Ən müasir silahlarla təchiz olunan Ukrayna Rusiya üçün ciddi problemlər yaradacaq. Qərbin müasir silahları qarşısında aciz qalan Rusiya isə başqa üsullara əl atmağa başlayıb”.

Poltoloqun sözlərinə görə, Taxıl sazişindən çıxan Rusiya bununla yanlış olaraq Qərbi şantaj etmək taktikasını seçib:

“Rusiya ümid edirdi ki, bununla ən azından sanksiyaların yumşaldılmasına nail olacaq və beləliklə də ölkədə iqtisadi sahədə mövcud olan problemləri müəyyən qədər həll edərək, özü üçün yeni silahların alınmasını təmin edəcək. İranla meydana çıxan problemlər ucbatından ucuz silah və texnikanın alınmasından məhrum olan Rusiyanın indi yeni silahlar almaq üçün maliyyəyə və öz silah istehsalını davam etdirə bilmək üçün sanksiyaların yumşaldılmasına ehtiyacı var. Belə ki, Rusiyanın silah və hərbi texnika istehsalı üçün tələb olunan müəyyən komponentlər xaricdən tədarük olunurdu və indiki halda onların tədarükü qeyri-mümkündür.

Lakin Rusiyanın bu şantajları lazımi effekti vermədi. Əksinə, Taxil sazişindən çıxmaqla xüsusilə kasıb ölkələrdə qida məhsullarında qıtlıq səbəbindən demək olar ki, təkləndi. Ukrayna isə öz taxılını və digər qida məhsullarını Polşa, Bolqarıstan və Macarıstan üzərindən daşımaqda davam edir. Yəni Rusiyanın məqsədi Qərbə təzyiq göstərmək idisə, Ukrayna onsuz da Avropanı yenə də taxılla təmin edir. ABŞ və Braziliyanın bu il ərzində taxıl istehsalını rekord həddə çatdırması da Rusiyanın şantajlarına boyun əyməmək üçün kifayət etdi. Nəticədə uduzan yenə Rusiya oldu.

Odur ki, indi də yeni şantaj metoduna əl atılıb. Son günlərdə Rusiya və Belarus liderləri Polşanı təhdid edən bəyanatlarla çıxış edirlər. Öncə Rusiya Prezidenti Vladimir Putin Polşanı hədəf alaraq dedi ki, “indiki Polşanın qərb əraziləri Stalinin polyaklara hədiyyəsidir. Varşavadakı dostlarımız bunu, deyəsən, unudublar. Amma eybi yoxdur, xatırladarıq”.

Daha sonra Belarus Prezidenti Aleksandr Lukaşenko Polşanı “Vaqner”lə hədələdi. O dedi ki, vaqnerçilər bizə gərginlik yaşadır və onlar Varşava, Jevuş şəhərlərinə gəzməyə getmək istəyirlər.

Göründüyü kimi, Polşanın bütün vasitələrlə Ukraynaya dəstək verməsi, eləcə də hal-hazırda Ukrayna taxılının daşınmasında əsas ölkələrdən biri olması Rusiyanı özündən çıxarıb.

Odur ki, Aleksandr Lukaşenko Rusiyanın diqtəsi ilə onu təlqin etməyə çalışır ki, bu gün Polşa ərazisi də təhlükəsizlik ərazi sayıla bilməz. Çünki istənilən zaman həmin ərazilərə müdaxilə mümkündür.

Rusiya və Belarus bunu birbaşa etməkdən çəkindikləri üçün beynəlxalq səviyyədə onsuz da terror təşkilatı kimi tanınan “Vaqner”in əli ilə etməyə çalışırlar. Amma yenə də səhv yol seçiblər. Çünki Polşa NATO ölkəsidir.

Bu gün Ukrayna bataqlığında ilişib qalan Rusiyaya cəbhəni daha da genişləndirmək və NATO ilə birbaşa gərginlik yaratmaq heç bir halda qəbuledilən deyil. Həm Putin, həm də Lukaşenko bunu kifayət qədər yaxşı bilir və bu cür bəyanatlarla sadəcə olaraq blef edirlər. Odur ki, nə Vladimir Putinin, nə də Aleksandr Lukaşenkonun Polşa ilə bağlı hədələri, təbii ki, hədədən o tərəfə keçməyəcək.

Vəziyyətin nə vaxta qədər belə davam edəcəyinə gəldikdə isə Yusif Bağırzadə qeyd edib ki, bunu dəqiq proqnozlaşdırmaq çətindir:

“Müharibənin bitməsi üçün konkret şərtlər olmalıdır. Yəni başqa sözlə desək, tərəflərdən hər hansı biri məğlub olduğunu bəyan edib geri çəkilməlidir.

Hər iki ölkənin müharibənin bitməsi üçün bəyan etdiyi şərtlər ortadadır.

Rusiya bəyan edir ki, müharibənin dayanması üçün Qərb Ukraynaya silah tədarükünü dayandırmalı, rəsmi Kiyev NATO və Avropa İttifaqına üzv olmaqdan imtina etməli və bununla bağlı öhdəlik götürməli, Ukrayna yeni ərazi reallıqlarını tanımalı, yəni işğal altında olan və “referendum” yolu ilə Rusiyaya birləşdirilən ərazilərdən imtina etməli, eləcə də rus dili Ukraynada dövlət dili statusu almalıdır.

Ukrayna tərəfinin də öz şərtləri var. Bunlar Rusiya qoşunlarının Ukrayna ərazisindən dərhal çıxarılması, keçmiş SSRİ ölkələrinin suverenliyinin tanınması, müharibə cinayətkarlarının ekstradisiyası və Rusiya tərəfindən qanunla rəsmiləşdirilmiş təzminat ödənişlərindən ibarətdir. Göründüyü kimi hər iki tərəfin də şərtləri elədir ki, indiki halda sülhdən danışmaq imkansızdır”.

Səxavət Məmməd

www.yenicag.az

379
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv