!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyaya qarşı çıxan Paşinyanın "ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ": “Ermənistandakı hərbi bazaları aktivləşdirərək...”

!Reklam – Yazi

“Adətən, Rusiya bu kimi hallarda iki yola əl atır: Ermənistan-Azərbaycan sərhədində təxribatlar törətmək və Ermənistan daxilində Paşinyan hakimiyyətinə qarşı etirazlar başlatmaq”.

Bunu Ermənistanda rusyönümlü şəxslərin aradan götürülməsinin məqsədlərindən, gələcək proseslərdən danışan politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın hazırda etdikləri təəccüblü proseslər deyil:

“Paşinyan ikinci dəfə seçildikdən sonra istər orduda, istərsə də hakimiyyətdəki rusyönümlü şəxsləri uzaqlaşdırmağa başladı. Baş nazir Ermənistanı tezliklə Rusiyanın təsirindən çıxarıb, Qərbə inteqrasiya etmək üçün prosesləri sürətləndirmək istəyir. Son Rusiya-Ermənistan gərginliyi fonunda Paşinyan prosesləri daha da sürətləndirib. Çünki o, Rusiyanı özünün əleyhinə olan amil sayır.

Rusiya Paşinyanın beynəlxalq tribunalardan Qarabağı Azərbaycan ərazisi kimi tanımasından, Ermənistanın Fransa ilə yaxınlaşması, Qərblə təmaslarının artmasından narahatdır. Ermənistanın Rusiya orbitindən uzaqlaşması öz növbəsində Kremlin Cənubi Qafqaz maraqlarının pozulmasına, Rusiyanın təsir imkanlarının itirilməsinə gətirib çıxara bilər.

Adətən, Rusiya bu kimi hallarda iki yola əl atır. Ermənistan-Azərbaycan sərhəddində təxribatlar törədir və Ermənistan daxilində Paşinyan hakimiyyətinə qarşı etirazlar başladır. Rusiya birinci yola əl atdıqda Ermənistan ordusu daxilində beşinci kolonu aktivləşdirərək tərəfləri münaqişəyə təhrik edir. Sırf bu proseslər daha əvvəl də müşahidə olunduğu üçün Paşinyan rusyönümlü qüvvələri tədricən nüfuzdan salır və güclərini qırır. Bununla da öz iqtidarını zəmanət altına salmağı planlayır.

Rusiya Paşinyanın bu addımlarına reaksiya verərək artıq addımlar atmağa başlayıb. Yaxın günlərdə Ermənistan ordusu daxilində rusyönümlü qüvvələrin Kremldən aldığı tapşırıq nəticəsində Azərbaycanla sərhəddə təxribatlar törədiləcək. Və gərginlik hərbi müstəviyə keçiriləcək. Paralel olaraq, Ermənistanda Paşinyana qarşı yenidən ayaqlanmalar müşahidə olunacaq. Baş nazirin əleyhinə etiraz aksiyaları başlayacaq.
Rusiyanın atacağı ən pik addım isə Ermənistan daxilində hərbi bazaları aktivləşdirib, Paşinyana qarşı çevriliş cəhdi etməkdir. Paşinyan bu versiyaları bildiyi üçün hazırda qabaqlayıcı addımlar atmaq istəyir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

242
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv