Ruslan Abışov: “Oyundan əvvəl söz-söhbət gəzirdi ki…”

23 yaşadək futbolçulardan ibarət yığmamız Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Çempionluq barədə danışan yığmamızın kapitanı Ruslan Abışov Yenicag.az-ın da əməkdaşının suallarını cavablandırıb.

– İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazanan millimizin kapitanı olmaq necə hissdir?

– Çox sevindirici haldır ki, belə futbolçuların kapitanıyam. Baş məşqçimiz Yaşar Vahabzadəyə öz təşəkkürümü bildirirəm ki, mənə də dəvət göndərdi. Fikrimcə, bütün futbolçular etimadı doğrultdu. O da öz növbəsində bizə təşəkkürünü bildirdi. Ən əsası azarkeşlərimizə təşəkkür edirik. Oyundan əvvəl söz-söhbət gəzirdi ki, stadion boş olacaq. Ancaq isinmə hərəkətləri edəndə gördük ki, artıq azarkeşlər tribunada öz yerlərini alıblar. Onların sayəsində çempion olduq.

– Komandanı uğura nə apardı?

– Çox yaxşı kollektivimiz var idi. 20 günə yaxın təlim-məşq toplanışında olduq. AFFA rəhbərliyi də bizə yaxşı şərait yaratmışdı. Uğur qazanmaq üçün idmançılar bir-birinə hörmət etməlidir. Ən əsası yaxşı kollektiv şərtdir.

– Bəs kapitanı olduğun “Neftçi”nin taleyi necə olacaq?

– Vallah, biz də gözləyirik. Düzdür, transfer məsələsində hələ ki, aktiv deyilik. Fikrimcə, yaxşı transferlər olacaq. 3-4 yaxşı yerli futbolçu transferinə ehtiyacımız var.

– Problem təkcə transferlərdədirmi?

– Səhv transferlər sığortalanmalıdır. İnanıram ki, yeni mövsümdə səhv transferlər olmaz. Yenə də deyirəm ki, bizə 3-4 yaxşı təcrübəli yerli futbolçu lazımdır.

Emin Səfərov
Foto: Cəmalə
Yenicag.az

COP29