!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rüstəm Qasımov: "Kifayət qədər böyük fotoşəkil arxivi toplamışam" - MÜSAHİBƏ

!Reklam – Yazi

Yenicag.az xəbər verir ki, ekspozisiyaya fotomüxbir və jurnalist, “Yeni Çağ” Media Qrupunun redaktoru Rüstəm Qasımovun dahi bəstəkarın “Leyli və Məcnun” və “Koroğlu” operaları, “Arşin mal alan” və “O olmasın, bu olsun” operettaları kimi şah əsərlərinə həsr edilmiş işləri daxil olub.

Rüstəm Qasımov bu fotoşəkillər seriyası üzərində iş barədə AZƏRTAC-ın sualları cavablandırılıb.

-Bu sərginin ideyası nə vaxt və necə yaranıb?

-Mən uzun illərdir beynəlxalq festivalları, konsertləri, teatr, opera və balet tamaşalarını, sərgiləri və mədəniyyət sahəsində digər vacib hadisələri işıqlandırıram.

Bu vaxt ərzində kifayət qədər böyük fotoşəkil arxivi toplamışam. Son illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı tamaşalara xüsusi diqqət yetirirəm. Sentyabr ayında Milli Musiqi Günündə ənənəvi olaraq Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı keçirilir. Məndə festivalın keçirildiyi zаman paytaxt tamaşaçılarının diqqətinə sərgi təqdim etmək, sərginin ekspozisiyasına bəstəkarın opera tamaşalarının və musiqili komediyalarının nümayişi zaman çəkdiyim fotoşəkillər daxil etmək ideyası yarandı.

Fürsətdən istifadə edərək, bu ideyanı dərhal dəstəkləyən və təşkilati məsələləri üzərinə götürən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdindəki opera studiyasının rəhbərliyinə səmimi təşəkkür bildirirəm. Beləliklə, “Koroğlu” və “Leyli və Məcnun” operaları, “Arşın mal alan” və “O olmasın, bu olsun” operettalarının nümayiş edildiyi zaman çəkilən fotoşəkillərin daxil olduğu bu ekspozisiyanın ideyası reallaşıb.

Üzeyir Hacıbəylinin yaradıcılığını çox sevirəm. Onun hər əsəri, – istər opera və ya musiqili komediya, – özünəməxsus şəkildə maraqlı və unikaldır, lakin onların hamısını istisnasız olaraq dahi Azərbaycan bəstəkarı Üzeyir bəyin yaratdığı heyrətamiz musiqi birləşdirir.

-Tamaşa zamanı fotoçəkiliş aparmaq nə dərəcədə çətindir? Siz həmişə nəyə diqqət yetirirsiniz?

-Tamaşa zamanı zaldan çəkiliş aparmaq bir neçə səbəbə görə çətindir. Məsələn, əylənməyə, dincəlməyə gələn, yanınızda oturan tamaşaçılara mümkün qədər az narahatlıq yaratmağa çalışmaq lazımdır. Çəkiliş zamanı kameranın çıxardığı səs, zalda hərəkət və digər müdaxilələr onların diqqətini yayındıra bilər. Ona görə də çəkiliş zamanı həmişə mümkün qədər gözə görünməməyə çalışıram. Eyni zamanda, ümumi səhnələrin uğurlu kadrlarını vaxtında çəkmək, həmçinin ayrı-ayrı personajların portret fotoşəkillərini çəkmək üçün həmişə ayıq olmalı və səhnədə baş verənləri, əsas qəhrəmanları, onların hərəkətlərini diqqətlə izləmək lazımdır.

Tamaşaları çəkərkən bəzi vacib qaydalara əməl etmək lazımdır, onlardan biri də flaşsız çəkilişdir. Çünki flaşla çəkiliş artistlərin və tamaşaçıların diqqətini yayındırır, həmçinin tamaşa zamanı işığa təsir edir.

Şəxsən mən həmişə qəhrəmanların duyğularına, üz ifadələrinə, jestlərinə diqqət yetirirəm, çünki portret çəkərkən duyğular xüsusilə vacibdir: onların köməyi ilə personajın xarakterini açmaq mümkündür.

Üz ifadələrinə xüsusi diqqət yetirirəm, çünki bu operadır, burada artistlər oxuyurlar, buna görə artistin fotoşəkildə əlverişli şəkildə görünməsi lazımdır. Fotoşəkil video deyil, yalnız zamanda donmuş bir andır və estetik baxımdan mümkün qədər cəlbedici olmalıdır. Buna görə yuxarıdakı məqamlara çox həssas yanaşıram.

-Sizin ən çox sevdiyiniz tamaşa, ən çox sevdiyiniz personaj hansıdır və nə üçün?

-Açığını deyim ki, ən sevilən tamaşanı və xarakteri vurğulamaq asan deyil, çünki hər biri özünəməxsus və maraqlıdır. Bu və ya digər artist obrazı necə açdığını, özünəməxsus bir şey gətirdiyini, özünə xas olan “məqamları” istifadə etdiyini müşahidə etmək mümkün olduğuna görə eyni tamaşanı müxtəlif artist tərkibi ilə izləməyi sevirəm. Bunun sayəsində yaradılan səhnə obrazı yadda qalır.

-Bu mövzunu davam etdirmək ideyası varmı? Eyni bənzətmə ilə fərqli bir seriya etmək?

-Əlbəttə, planlar və ideyalar çoxdur. Zəngin mədəniyyətimizi tanıtmaq üçün hər zaman əlimdən gələni etməyə çalışıram. İnsanların mədəni tədbirlərdə mümkün qədər çox iştirak etmələri üçün tamaşalar, konsertlər, sərgilər haqqında fotoreportajlar vasitəsilə məmnuniyyətlə danışıram, çünki bu mənəvi qidanı bizə məhz sənət verir. Məhz sənət yaşamaq və yaratmaq üçün bizə motivasiya, güc və inam verir.

www.yenicag.az

852
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv